• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Tofiq Hüseynov kimi oğullar ürəklərdə yaşayır!

 


Tofiq Hüseynov kimi oğullar ürəklərdə yaşayır!


Aprelin 19-u Azərbaycanın Milli Qəhrəmanı, şəhid Tofiq Mirsiyab oğlu  Hüseynovun doğum günü idi. Yaşasaydı, həmin gün 70 illik yubileyi qeyd olunacaqdı Tofiq müəllimin. Tofiq Hüseynov 1954-cü il aprelin 19-da Xocalıda doğulub, orta ixtisas təhsilli idi. O, uzun müddət idi ki, Xocalı şəhərindəki 1 nömrəli tam orta məktəbdə şagirdlərə İbtidai hərbi hazırlıq fənnini tədris edirdi.


Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar Ölkəmizin düşmənlə həmsərhəd bölgələrində ərazi özünümüdafiə taborları yaradılırdı. Belə taborlardan da biri Xocalıda yaradıldı. Xocalının sabiq İcra Başçısı Elman Məmmədovun təqdimatı əsasında və Müdafiə Naziri Valeh Bərşadlının əmrinə əsasən Tofiq Hüseynov  Xocalı Ərazi Özünümüdafiə Taborunun komandiri təyin edildi.Tabora birinci üzv yazılan Xocalı sakini 2 azyaşlı uşağın atası Vasif Salman oğlu Məmmədov idi(Vasif bəy Xocalı soyqırımı zamanı şəhid olub). T.Hüseynov Taborun maddi-texniki bazasını qurmaq üçün əllərindən gələni əsirgəmədi. O, mütəmadi olaraq yenicə bərpa edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əlaqə saxlayırdı. 1991-ci ilin oktyabr ayında bərpa edilən müstəqil Azərbaycan Respublikasının büdcəsi demək olar ki yox idi. T.Hüseynov nəyin bahasına olursa-olsun Xocalının və ətrafdakı azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsini təşkil etməyə çalışırdı.


1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələri Xankəndidə yerləşən və Rusiyaya məxsus 366-cı Motoatıcı Alayın dəstəyi ilə Xocalı şəhərini işğal etdilər. İlkin məlumatlara görə o məşum gecədə 613 nəfər öldürüldü,1275 nəfər girov və ya əsir götürüldü. Həmin gün Xocalının müdafiəçilərindən olan Tofiq Hüseynovun ata-anası, qardaş – bacısı, Tofiq müəllimin ömür-gün yoldaşı və özü şəhid oldu. Onun nəşini çox böyük çətinliklə çıxarmaq mümkün oldu. Tofiq müəllimin nəşinin düşmən nəzarətində olan ərazidən çıxarılmasında Ağdam rayonundakı 845 saylı Taborun komandiri Allahverdi Bağırovun, həmçinin Taborun qəhrəman döyüşçüsü, “Saqqal Fidel” adı ilə tanınan Zahid Qarayevin,  Xocalı sakini Məhər Əzizovun, Ağdam rayon sakini Yusif bəyin (şəhid Bakir Hüseynovun qaynı), xüsusən də, Şəhid Milli Qəhrəman Tofiq Hüseynovun qardaşı Akif müəllimin, Ağcabədi rayonu Hindarx kənd sakinləri-Tahir, Şahin və Vladim qardaşlarının müstəsna xidmətləri var. Dildə demək asandır, düşmən tərəflə aparılan danışıqlardan sonra və kim bilir, hansı əzablar hesabına 20 gün ərzində Tofiq müəllimin nəşi ön xətdən çıxarıldı. T.Hüseynov  Bakıda-Şəhidlər xiyabanında torpağa tapşırıldı. Təəssüflər olsun Tofiq müəllimin valideynlərinin, həmçinin, ömür-gün yoldaşının nəşi tapılmadı. Qardaşı, Xocalı Ərazi Özünümüdafiə Taborunun döyüşçüsü Bakir Hüseynov hələ də itkin hesab edilir.


Aprelin 20-də şəhid Milli Qəhrəman Tofiq Mirsiyab oğlu Hüseynovun xatirəsinə həsr edilən tədbir keçirildi. Tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı açdı. Azərbaycanın Dövlət Himni səsləndi, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Birliyin sədri, şəhid xanımı Ceyran Əzizova qonaqları salamladı. Ceyran xanım qeyd etdi ki, Xocalı şəhidlərinin tanıdılması ilə əlaqədar silsilə tədbirlər keçirilir və bu tədbir də onlardan biridir. Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasının Professoru, Tibb elmləri doktoru Mübariz Allahverdiyev Tofiq Hüseynov və onun doğmaları ilə bağlı xatirəsini bölüşdü. Dedi ki, biz Xocalıda Tofiq müəllimin valideynləri ilə çəpər qonşusu olmuşuq. Həmişə bir-birimizə qarşı hörmət nümayiş etdirmişik. Mübariz müəllim Tofiq müəllimin insani keyfiyyətlərindən söhbət açdı, dedi ki, Mirsiyab əminin ocağında böyüyən uşaqlar el-obaya gərəkli övlad kimi böyüməliydi və elə də oldu.


Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova dedi:”Tofiq müəllim mənə ibtidai hərbi hazırlıq fənnindən dərs deyib.O, bizə silahla necə davranmaq lazımdır, onu başa salırdı. Fiqurə xanım qeyd etdi ki, Tofiq müəllim hər bir şagirdə qarşı diqqət və qayğı göstərirdi.


Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına Fondun sədri, qazi Ədalət Məhərrəmov, qazi Zahid Qarayev, Respublika Müharibə Veteranları Qadınlarına Dəstək ictimai birliyinin sədri, müharibə veteranı Radə Abbas, MİR Tele-Radio Şirkətinin Azərbaycan Bürosunun əməkdaşı Mübariz Hacılı, Xocalı rayon sakini, şəhid xanımı Vəsilə Məmmədova, Xocalı şəhər sakini, şəhid övladı Mürvət Məmmədov, tanınmış jurnalist, müharibə veteranı Şamil Sabiroğlu və başqaları Tofiq Hüseynov kimi ər oğulların tanıdılması istiqamətində zəruri işlərin davamlı olmasını arzu etdilər.


Tofiq Hüseynovun qızı-Əfsanə Ələkbərova atası ilə qürur duyduğunu qeyd etdi və tədbirə toplaşanların hər birinə təşəkkür etdi.


Tədbir iştirakçıları Tofiq Hüseynovun məzarını ziyarət etdilər.Daha sonra şəhidin xatirəsinə ehsan süfrəsi açıldı.


Mövsümağa Abasov,


Şamilə Şamil qızı.



20.04.2024.


 


Reytinq: 
  • Нравится
  • 2
Son xəbərlər
bütün xəbərlər →