• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Nizami Kino Mərkəzində “Vətən çağıranda” filminin təqdimatı keçirildi




BAKI-XEBVERTV.AZ 

Nizami Kino Mərkəzində “Vətən çağıranda” filminin təqdimatı keçirildi

Nizami Kino Mərkəzində Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, döyüşçü, müəllim və şair Muxtar Həşimovun həyat və döyüş yoluna həsr olunmuş “Vətən çağıranda” filminin təqdimatı keçirilib.Tədbirdə filmin yaradıcı heyəti, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Film həm müəllim, həm döyüşçü, həm də vətənpərvər bir azərbaycanlının həyatını əks etdirir.
Filmin qəhrəmanı, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı Muxtar Həşimov təqdimat zamanı bildirib:
“Filmin yaranması ideyası Qarabağ müharibəsində, xüsusilə də Laçın Qələbəsi günündə yaşadığım hisslərdən qaynaqlandı. “Vətən çağıranda” filmi məhz o duyğuların nəticəsidir. Mənim “Vətən çağırışı” adlı kitabım var və filmin adı da həmin mənanı daşıyır. Çünki əgər Vətən çağırırsa, hər şey ikinci plana keçir. Vətən hər şeydən önəmlidir.”
O, filmin onun üçün çox böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıb:
“Bu filmin hər anı mənim üçün çox təsirlidir. Birinci Qarabağ müharibəsində 34 yaşım var idi, gənc sayılmazdım, amma ruhum gənc idi. İkinci Qarabağ müharibəsi başlayanda artıq 64 yaşım var idi. Buna baxmayaraq, yenidən silaha sarıldım, çünki Vətən çağıranda dayanmaq olmaz.”
Muxtar Həşimovun sözlərinə görə, filmdə ən təsirli məqam Şuşa döyüşlərinə həsr olunan hissələrdir:
“O döyüşləri xatırlamaq mənim üçün həm qürurverici, həm də çox duyğuludur. Hər bir anı xatırlayanda insan bir daha anlayır ki, azadlıq hansı əzabların bahasına qazanılıb.”
O, həmçinin gənclərə müraciət edərək bildirib:
“Mən ömrüm boyu gəncləri vətənpərvərlik ruhunda yetişdirməyə çalışmışam. Gənclər mənim keçdiyim döyüş yolunu öyrəndikcə fəxr edirlər ki, onların müəllimi və ya rəhbəri Vətən uğrunda döyüşüb. Mən də onlarla fəxr edirəm, çünki bu Vətən gənclərin gücü ilə yaşayacaq.”
Filmin layihə rəhbəri Xuraman Osmanova çıxışında qeyd edib:
“Filmə baxanda görəcəksiniz ki, Muxtar müəllim Laçında yüksəkliyə qalxdığında, aşağıda öz doğma kəndinə, insanlarına baxanda hansı duyğuları keçirirdi. O kənd strateji əhəmiyyətə malik idi — dörd dağın arasında yerləşən bir məkan idi və uzun müddət erməni işğalında qalmışdı.”
O əlavə edib ki, film yalnız döyüşləri deyil, həm də müəllimlik missiyasını, vətənpərvərlik ideyalarını əks etdirir:
“Muxtar müəllim qələmi yerə qoyub silaha sarılıb — şagirdlərini, kəndini toplayıb bir dəstə təşkil edib və Birinci Qarabağ müharibəsində döyüşüb. Bu film onun bütün həyat yolunu — müəllimlikdən döyüşə, döyüşdən yenidən pedaqoji fəaliyyətə qədər olan mərhələləri əhatə edir.”
Filmin rejissoru və ssenari müəlliflərindən biri Nicat Cəlilov isə bildirib ki, layihənin ideyası xalq artisti Şəmistan Əlizamanlıya məxsusdur:
“Muxtar Həşimov kimi bir insan haqqında film çəkmək qərara alındı. Mən özüm də Vətən müharibəsində iştirak etmişəm və onu döyüşlərdən tanıyırdım. Araşdırdıqca gördüm ki, bu insan iki müharibədə iştirak edib, böyük fədakarlıq göstərib.”
Rejissor ekran işinin yaranma prosesindən də danışıb:
“Ekran işi təxminən iki il ərzində ərsəyə gəldi. Biz Laçında çəkiliş apardıq, onun iştirak etdiyi hərbi hissələrdə olduq. Çox vaxt aparsa da, filmi canla-başla ərsəyə gətirdik. Filmin adı ‘Vətən çağıranda’dır, çünki Vətən çağıranda hər bir insan onun yolunda canını qoymağa hazır olmalıdır.”
Filmin ssenari müəllifi Ötərxan Eltac isə Muxtar Həşimovun yaradıcılığından danışıb:
“Muxtar Həşimov Birinci Vətən müharibəsi hələ başlamazdan öncə bir qələm sahibi idi — həm də şair idi. Onun yazdıqları vətən sevgisi, qeyrət və fədakarlıq hissləri ilə doludur. O, qələmini süngüyə çevirərək düşmənlə üz-üzə döyüşüb.”
O qeyd edib ki, belə filmlər gənc nəslin formalaşması üçün böyük əhəmiyyət daşıyır:
“Bu döyüşlər haqqında əsərlər yazmaq, filmlər çəkmək özü bir ibrətamiz haldır. Çünki gənc nəslə vətənpərvərlik dərsi vermək üçün belə nümunələr çox vacibdir.”
Qarabağ müharibəsi iştirakçısı Babək Həsənov da film barədə təəssüratlarını bölüşüb:
“Belə filmlərin çəkilməsi böyük bir işdir. Qəhrəmanlarımız haqqında bu cür ekran əsərlərinin çoxaldılması xalqımızda vətənpərvərlik ruhunu gücləndirir. Muxtar Həşimov batalyon komandiri vəzifəsinə qədər yüksəlmiş, Vətən müharibəsində böyük xidmətləri olmuş bir şəxsdir.”
O əlavə edib ki, bu film sadəcə bir insanın deyil, bütöv bir nəslin fədakarlığının simvoludur:
“Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı və güclü ordumuz sayəsində əldə edilən Zəfərdə Muxtar Həşimovun da payı böyükdür. Onun bu döyüşlərdə iştirakı həm fədakarlığın, həm də Vətənə sədaqətin rəmzidir.”
Filmin sonunda tamaşaçılar qəhrəmanlıq, fədakarlıq və müəllimlik ruhunu bir arada əks etdirən “Vətən çağıranda” filmini alqışlarla qarşıladılar.
Müəllif: İsmayıl Zaman




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →