
BAKI-XEBERTV.AZ
Türkiyənin sevilən sənətçisi Nilufər Bakıda möhtəşəm konsertlə çıxış etdi
Türkiyənin məşhur sənətçisi Nilüfər Bakıda ilk ictimai konsertini keçirdi. Konsert Eyyub Hüseynzadənin təşkilatçılığı və Anadolu Events şirkətinin dəstəyi ilə həyata keçirilib.
Xəbərtv.az bildiririk ki, beş aya yaxın davam edən hazırlıqlardan sonra baş tutan tədbir tamaşaçıların böyük marağı ilə qarşılanıb. Nilufərin konsertinə olan diqqət gözləniləndən də yüksək olub – biletlər tədbirdən təxminən 10 gün əvvəl tamamilə tükənib.
Təşkilatçı Eyyub Hüseynzadə bildirib ki, konsertin bu qədər uğurlu keçməsi Azərbaycanın musiqiyə və sənətə olan sevgisini bir daha nümayiş etdirdi:
“Əvvəldə bəziləri düşünürdü ki, köhnə nəsil sənətçilərə maraq azdır. Amma nəticə göstərdi ki, əksinə, tamaşaçılar Nilüfəri böyük sevgi ilə qarşılayıblar. Zalda inanılmaz enerji və nostalji ab-havası var idi.”
Daha sonra mətbuat qarşısına çıxan Nilufər, müsahibəsində Azərbaycan tamaşaçılarına olan sevgisindən və bu görüş üçün duyduğu həyəcanından danışıb:
“Bakıya üçüncü dəfə gəlirəm, amma ilk dəfə biletli konsert verəcəyəm. Buna görə çox sevincliyəm və bir az da həyəcanlıyam. Görəsən, bütün mahnılarımı mənimlə birlikdə oxuyacaqlarmı?”
Sənətçi, sosial media vasitəsilə azərbaycanlı pərəstişkarları ilə sıx əlaqədə olduğunu da qeyd edib:
“Artıq sosial media dövrüdür. Instagram-dan mənə çox sayda mesajlar gəlir. Oradan anlayıram ki, məni sevən çoxlu azərbaycanlı dinləyicim var. Onsuz da biz hər zaman Azərbaycanı özümüzə çox yaxın hiss etmişik.”
Nilufər musiqi karyerası boyunca ilk dəfə biletli konsert təklifi aldığını vurğulayıb:
“Mahnı oxumağa başlayalı 53 il oldu. 1972-ci ildə ilk 45-lik plağım çıxdı. O vaxtdan bəri bu, mənim ilk biletli konsertim olacaq. Mənim üçün də çox xüsusi bir hadisədir.”
O,həmçinin azərbaycanlı musiqiçilərlə əməkdaşlıq etmək istədiyini bildirib:
“Bu torpaqlardan olan bir sənətçi ilə ortaq bir mahnı hazırlamaq çox gözəl olardı.”
Kayahanla uzun illər davam edən dostluğuna da toxunan sənətçi mərhum musiqiçini həsrətlə xatırlayıb:
“Onun musiqiyə olan sevgisini, çalışqanlığını və titizliyini çox darıxıram. Onunla musiqi haqqında söhbət etməyi çox istəyirəm.”
Səhnə geyimləri ilə bağlı suallara cavab verən Nilufər həmkarlarını müdafiə edib:
“Hadisə rəqs edən bir sənətçidir, o üslubda geyimlər geyinməsi normaldır. Gülşeni də çox bəyənirəm, bədəni heykəl kimidir, mükəmməldir.”
Avroviziyada iştirak etdiyi illəri xatırladan Nilufər, Türkiyənin yarışmadan çəkilməsini səhv addım kimi qiymətləndirib:
“Avroviziyada üçüncü olmuşduq. Amma Türkiyənin daha sonra qatılmaması doğru deyil. Türkiyə yenidən iştirak etməlidir. Edisi çox bəyənirəm, o, gənc və çox uğurlu sənətçilərimizdəndir.”
Konsertdə sənətçi sevilən hitlərini ifa edib. Tamaşaçılar onun “İnkar Etme”, “Seni Beklerim Öptüğüm Yerde”, “Kavak Yelleri”, “Dünya Dönüyor” kimi sevilən mahnılarını birgə oxuyublar.



