• 19:05 – 1716-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:56 – 1716-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:54 – Övladlığa götürülən şəxslərə də "məcburi köçkün" statusu veriləcək 
  • 22:25 – Zelenski Putinlə görüş üçün kömək istədi 

ZƏFƏR TARİXİMİZ – DƏMİR YUMRUQ, MİLLİ BİRLİK, UCALAN BAYRAQ VƏ QALİB AZƏRBAYCAN!


ZƏFƏR TARİXİMİZ – DƏMİR YUMRUQ, MİLLİ BİRLİK, UCALAN BAYRAQ VƏ QALİB AZƏRBAYCAN!

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin günlər yalnız təqvimdə deyil, millətin yaddaşında, qan yaddaşında və gələcək nəsillərin qürur tarixində əbədi yaşayır. 8 Noyabr Zəfər Günü məhz belə müqəddəs tarixlərdəndir. Bu günlər xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin, ordumuzun qəhrəmanlığının və Vətənə sonsuz məhəbbətinin təntənəsidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər təsadüfi hadisə deyildi. Bu qələbənin təməlində uzun illər ərzində həyata keçirilən dövlət quruculuğu, güclü ordu siyasəti, iqtisadi inkişaf, beynəlxalq münasibətlər sistemində aparılan məqsədyönlü diplomatik fəaliyyət və ən əsası, xalq–iqtidar birliyi dayanırdı.44 günlük Vətən müharibəsi – tarix yazan xalqın iradəsi idi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. 44 gün davam edən müharibə zamanı Azərbaycan əsgəri və zabiti misilsiz qəhrəmanlıq, fədakarlıq və peşəkarlıq nümayiş etdirdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrinin, strateji yüksəkliklərin azad edilməsi xalqımızın qələbəyə olan inamını daha da gücləndirdi.

Noyabrın 8-də qədim Şuşamızın azad edilməsi isə müharibənin taleyini həll edən mühüm tarixi hadisə oldu. Şuşanın azad olunması Azərbaycan xalqının mənəvi qələbəsi, milli kimliyimizin və mədəniyyətimizin təntənəsi idi. Məhz həmin gün Prezident İlham Əliyev Şuşanın azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdı.

Bu Zəfər bir daha sübut etdi ki, Vətən sevgisi, milli birlik və güclü dövlətçilik iradəsi qarşısında heç bir qüvvə dayana bilməz. Dəmir Yumruq – xalqın və dövlətin sarsılmaz birliyi idi. Vətən müharibəsi dövründə bütün Azərbaycan bir amal ətrafında birləşdi:torpaqlarımızın işğaldan azad edilməsi!Cəbhədə döyüşən əsgərimizlə arxa cəbhədə çalışan vətəndaşımız, könüllülərimizlə hərbi qulluqçularımız, yaşlılarımızla gənclərimiz eyni məqsədə xidmət edirdi. Prezidentin rəhbərliyi, xalqın dəstəyi və ordumuzun döyüş əzmi vahid bir gücə çevrildi.2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi də gənclərin ictimai fəallığının, vətənpərvərlik ruhunun və sosial məsuliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin nümayiş etdirdiyi fədakarlıq bu siyasətin mənəvi nəticələrindən biri kimi yadda qaldı.“Dəmir Yumruq” ifadəsi xalqımızın birliyinin, dövlətimizin qətiyyətinin və ordumuzun gücünün rəmzinə çevrildi. Azərbaycan xalqı Prezidentinin ətrafında yumruq kimi birləşərək 30 ilə yaxın işğal altında qalan əzəli və əbədi torpaqlarını azad etmək əzmini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanın tarixi Zəfərində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, qətiyyətli mövqeyi və diplomatik fəaliyyəti mühüm rol oynadı. Dövlət başçısının daxili siyasətində güclü dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, sosial rifahın yüksəldilməsi, gənclərin inkişafı və milli-mənəvi dəyərlərin qorunması prioritet istiqamətlərdən olub.Xarici siyasətdə isə Azərbaycanın milli maraqlarının müdafiəsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq, ikitərəfli münasibətlərin inkişafı, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edib. Müharibə günlərində Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr, xarici jurnalistlərin suallarını faktlarla cavablandırması, Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə çatdırması diplomatik mübarizənin mühüm tərkib hissəsi idi.Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı hərbi qələbə, dövlət başçısının siyasi-diplomatik fəaliyyəti ilə tamamlandı. Bu baxımdan İlham Əliyev müasir Azərbaycan tarixində Zəfərimizin əsas siyasi simalarından biri kimi yadda qaldı.Güllə atılmadan azad edilən torpaqlar isə siyasi və diplomatik nəticə idi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında üçtərəfli bəyanat imzalandı. Həmin sənədə əsasən hərbi əməliyyatlar dayandırıldı və işğal altında qalmış bir sıra rayonların Azərbaycana qaytarılması üçün konkret müddətlər müəyyən edildi. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarıldı. Bu ərazilərin hərbi əməliyyatlar aparılmadan boşaldılması və Azərbaycan nəzarətinə keçməsi Prezident İlham Əliyevin siyasi-diplomatik fəaliyyətinin və müharibədə yaranmış yeni reallıqların mühüm nəticəsidir.

Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə öz ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyətlər əldə etdi. 2023-cü ilin antiterror əməliyyatı – dövlət suverenliyinin tam bərpası 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində dövlət suverenliyinin tam bərpası istiqamətində mühüm proseslər davam edirdi.

2023-cü il sentyabrın 19-da Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələrin hərbi təxribatlarına, mina terroruna və digər təhlükəsizlik təhdidlərinə cavab olaraq lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusunun peşəkarlığı və qətiyyətli fəaliyyəti nəticəsində əməliyyat sentyabrın 20-də başa çatdı. Bununla ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun və dövlət suverenliyinin bərpası təmin edildi. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə Azərbaycan Respublikasının dövlət hakimiyyəti bərqərar oldu. Dövlət bayrağımız həmin torpaqlarda yenidən dalğalandı. Qarabağda yeni həyat – Böyük Qayıdış və quruculuq mərhələsi başlandı. Zəfər yalnız torpaqların azad edilməsi ilə tamamlanmır. Əsl qələbənin davamı həmin torpaqlarda həyatın yenidən qurulması, insanların doğma yurdlarına qayıtması, şəhər və kəndlərin abadlaşdırılmasıdır. Bu gün Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı bərpa və quruculuq mərhələsini yaşayır. Yeni yollar, tunellər, körpülər, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, elektrik və su infrastrukturu inşa edilir. Ağıllı kənd və şəhər konsepsiyalarının tətbiqi, müasir infrastrukturun yaradılması, tarixi və dini abidələrin bərpası dövlətimizin Qarabağın gələcəyinə verdiyi önəmin göstəricisidir.

Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı həyata keçirilir. Uzun illər həsrətlə yurd yolu gözləyən ailələrin öz evlərinə dönməsi Zəfərimizin ən böyük mənəvi nəticələrindəndir.

Qarabağda keçirilən beynəlxalq tədbirlər, görüşlər, mədəniyyət festivalları və dövlət səviyyəli toplantılar da bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Şuşada keçirilən beynəlxalq tədbirlər, xarici dövlət və hökumət nümayəndələrinin Qarabağa səfərləri, müxtəlif ölkələrin rəhbərlərinin bölgədə aparılan quruculuq işləri ilə tanış olması Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə diqqət mərkəzində olduğunu nümayiş etdirir.

Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də milli iradəmizin, tarixi yaddaşımızın və dövlət suverenliyimizin rəmzidir.

Üçrəngli bayrağımız – müstəqilliyimizin və Zəfərimizin rəmzidir

9 Noyabr – Dövlət Bayrağı Günü xalqımız üçün xüsusi mənəvi məna daşıyır. Üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il noyabrın 9-da qəbul edilmişdir.

Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri milli kimliyimizi, müasirlik və demokratiya ideallarını, mənəvi-mədəni dəyərlərimizi ifadə edir.

İşğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaradır. Şuşada, Xankəndidə, Xocalıda, Kəlbəcərdə, Laçında və digər ərazilərimizdə dalğalanan bayrağımız müstəqil dövlətimizin sarsılmazlığının göstəricisidir.

Bu bayraq uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.Azərbaycanın bu möhtəşəm Zəfərinin arxasında Vətən uğrunda canını fəda edən şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və əsgər-zabitlərimizin qəhrəmanlığı dayanır.Onlar yalnız torpaqlarımızı azad etmədilər, həm də gələcək nəsillərə müstəqil, suveren və qalib Azərbaycan miras qoydular.Şəhidlərimizin ailələrinə göstərilən dövlət qayğısı, qazilərimizin sosial müdafiəsi, onların mənzil və məşğulluq təminatı istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin mühüm istiqamətlərindəndir.Bizim borcumuz şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq, qazilərimizə ehtiram göstərmək, onların qəhrəmanlıq tarixini gələcək nəsillərə çatdırmaqdır. Bu gün Azərbaycan regionda öz sözünü deyən, müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətdir. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri ölkəmizin hərbi gücünü, dövlət iradəsini və suverenliyini bir daha nümayiş etdirdi.Qazanılmış Zəfər böyük məsuliyyət də yaradır. Qarabağda quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdışın uğurla həyata keçirilməsi, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi hər birimizin qarşısında duran mühüm vəzifələrdir.Zəfər Günü bizə xatırladır ki, milli birlik, güclü dövlətçilik, müstəqil siyasət və Vətənə sədaqət hər bir uğurun əsasını təşkil edir.Azərbaycan xalqı bir daha sübut etdi ki, öz torpağına, dövlətinə, bayrağına və milli dəyərlərinə sahib çıxmağı bacarır.Bu gün qürurla deyirik: Qarabağ Azərbaycandır! Azərbaycan müstəqildir, suverendir və qalib dövlətdir!

Allah qəhrəman şəhidlərimizə rəhmət etsin, igid qazilərimizə cansağlığı versin.

8 Noyabr – Zəfər Günümüz, 9 Noyabr – Dövlət Bayrağı Günümüz mübarək olsun, Azərbaycan!

Yaşasın müstəqil Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın üçrəngli bayrağımız!

Anar Nağıyev

YAP Binəqədi rayon təşkilatının, Xocəsən qəsəbə bələdiyyəsinin üzvü,

hüquqşünas-jurnalist




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →