• 18:49 – XİN-dən 8 Noyabrla bağlı - Bəyanat 
  • 18:33 – GÜLBEN ERGEN BAKIDA ZƏFƏR BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT VERƏCƏK 
  • 23:45 – İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp 
  • 23:40 – Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə” - VİDEO 

MƏRYƏM ÜZƏRLİ BAKIDA “İMROZ’DA BAHAR” FİLMİNİN TƏQDİMATINDA İŞTİRAK EDİB



BAKI-XEBERTV.AZ

MƏRYƏM ÜZƏRLİ BAKIDA “İMROZ’DA BAHAR” FİLMİNİN TƏQDİMATINDA İŞTİRAK EDİB

Türkiyəli aktrisa Meryem Uzerlinin iştirakı ilə “İmroz’da Bahar” filminin təqdimatı keçirilib. CineMastercard kinoteatrlar şəbəkəsində təşkil olunan tədbir çoxsaylı pərəstişkarları bir araya gətirib və Bakı tamaşaçıları arasında böyük maraq doğurub. İlk dəfə Azərbaycana səfər edən aktrisa paytaxtda böyük sevgi və səmimi qonaqpərvərliklə qarşılandığını bildirib.

“İlk dəfədir Azərbaycana gəlirəm. Bakıda da ilk dəfədir oluram. Bizi burada o qədər isti, sevgi və mehribanlıqla qarşıladılar ki, bunu heç vaxt unutmayacağam. Bu, inanılmaz şəhərdir. Memarlıq, binalar, yeməklər və mehriban insanlar məni heyran etdi. Burada olduğum üçün özümü çox xoşbəxt və şərəfli hiss edirəm”, – deyə Meryem Uzerli bildirib.

Tədbirə maraq o qədər böyük olub ki, biletlər qısa müddətdə tamamilə satılıb. Qala gecəsi tamaşaçılara sevimli sənətçiləri ilə görüşmək, aktrisaya isə Azərbaycan tamaşaçıları ilə bir araya gəlmək imkanı yaradıb.

Bakıda səfəri çərçivəsində Meryem Uzerli Heydər Əliyev Mərkəzini də ziyarət edib. Mərkəzin memarlığı və ekspozisiyası ilə tanışlıq aktrisada xoş təəssüratlar yaradıb.

Aktrisa 15 ildən sonra Halit Ergençlə yenidən eyni layihədə çalışmasının onun üçün xüsusi emosional təcrübə olduğunu deyib.

“Biz iki sənətçi olaraq bir-birimizə güvənirik. Bir-birimizi çox yaxşı tanıyırıq. Aradan 15 il keçsə də, aramızdakı dərin bağ dəyişməyib. Yenidən eyni layihədə yer almaq çox gözəl hiss idi”, – deyə o qeyd edib.

Meryem Uzerli yeni filmin fərqli süjetə və dinamikaya malik olduğunu bildirib. Onun sözlərinə görə, tamaşaçıları daha sakit və sənət yönümlü ekran əsəri gözləyir.

Filmin süjetinə görə, uzun müddətdir yaradıcılıq böhranı yaşayan yazıçı Arif redaktorunun məsləhəti ilə bir aylıq istirahət və ilham axtarışı üçün Gökçeada adasına yollanır. Burada o, üç il əvvəl həyat yoldaşını və oğlunu itirmiş, tənha həyat sürən Sonya ilə tanış olur. Keçmişin ağrıları ilə mübarizə aparan iki insan arasında zamanla gözlənilməz yaxınlıq yaranır. Onlar itkiləri ilə üzləşərkən yenidən sevməyin və həyata bağlanmağın mümkünlüyünü kəşf etməyə başlayırlar.

Filmdə baş rolları Halit Ergenç və Meryem Uzerli canlandırıblar. Ekran əsərinin rejissoru və ssenari müəllifi Özcan Alperdir. Filmin istehsalı Sky Films şirkətinə məxsusdur. Prodüseri Emre Oskaydır.

Meryem Uzerli filmdəki Sonya obrazının gücünü onun yenidən sevgiyə inanmaq cəsarətində gördüyünü vurğulayıb.

“Ürəyimizi yenidən açmaq və sevgiyə inanmaq ən böyük cəsarətlərdən biridir. Həyatda çox şey yaşayırıq, ürəyimiz qırılır, xəyal qırıqlığına uğrayırıq. Bundan sonra insanlara qarşı daha ehtiyatlı oluruq. Amma yenidən sevgiyə inanmaq böyük cəsarət tələb edir”.

Aktrisa karyerasında xüsusi yer tutan Hürrəm Sultan obrazından da danışıb. Bu rolu canlandırmağın onun üçün böyük şans olduğunu vurğulayıb.

“Hürrəm Sultan obrazı bir sənətçi kimi mənim üçün çox böyük şans idi. Belə bir fürsət bəlkə də sənətçinin həyatında yalnız bir dəfə qarşısına çıxır. Bu obrazı canlandırmaq həm enerji, həm də emosional baxımdan böyük sınaq idi. Həmin obrazı çox sevirəm”.

Azərbaycan və Türkiyə arasında birgə kino layihələrinin əhəmiyyətinə də toxunan Meryem Uzerli belə əməkdaşlıqların ölkələr və xalqlar arasında mədəni əlaqələri gücləndirdiyini bildirib.

“Müxtəlif ölkələr arasında birgə film istehsalı və əməkdaşlıq çox güclü addımdır. Çünki bu layihələr ölkələr və xalqlar arasında körpülər yaradır. Sənət müxtəlif mədəniyyətlər arasında əlaqə qurmağın ən gözəl yollarından biridir”.

“İmroz’da Bahar” filmi noyabrın 5-dən etibarən Cinema Distribution şirkətinin dəstəyi ilə Azərbaycanda eksklüziv olaraq CineMastercard kinoteatrlar şəbəkəsinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən kinoteatrlarında nümayiş olunur.
Müəllif: İsmayıl Zaman





Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →