• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər

 


BAKI-XEBERTV.AZ 


Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər

 

Hər kəsə məlumdur ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Məhz, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmiş, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmiş, düşmən ordusu, hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2020-ci ildə Vətən müharibəsi başa çatanda üçrəngli, müqəddəs bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Ötən üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, tam əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı, əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilmişdir. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Azərbaycanda separatizmin kökü kəsildi və separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz. 2023-cü ilin sentyabr ayının 19-da başlamış və bir gündən də az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Sözsüz ki, qəhrəman Şəhidlərimizin qanı yerdə qalmadı. Bu əməliyyatlarda Azərbaycan Ordusu- əsgər və zabitlərimiz xüsusi peşəkarlıq, qəhrəmanlıq, fədakarlıq göstərmişlər. Həm Birinci, həm, İkinci Qarabağ müharibəsi, həm də, antiterror əməliyyatı zamanı Şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. 2023-cü ilin aprel ayında ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə, Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır. 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib. 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər. Bizim çaylarımız zəhərləndi, meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi. Bu gün, Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin. İqtisadi sahədə öz siyasətimizi uğurla aparmışıq. Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik. Ordumuzu böyük dərəcədə gücləndirmişik. Peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı. 2024-cü ildə hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq. Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Oktyabr ayının 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırılmış Dövlət Bayrağı Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabr ayının 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir. Bu gün, dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq, üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün 

dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.


“Hal-hazırda bütün dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan bir dövlət var. Bu dövlət Azərbaycan Respublikasıdır. Onun müstəqilliyini dönməz etmək, dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək, bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının övladlıq borcudur.”                                                                                                


Ümummilli Lider Heydər Əliyev (Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciətindən, 24 dekabr 1998-ci il).


“Əminəm ki, dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Artıq ikinci ildir ki, ruh yüksəkliyi ilə qeyd edirlər. Çünki mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər.” – Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev (1 yanvar 2022-ci il).


Həmrəylik günü dünya azərbaycanlılarının birləşmə istəyinin simvoludur. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Nəhayət, dünya azərbaycanlılarının tarixində çox əlamətdar  olan qərar verildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Xarici ölkələrdə yaşayan həmvətənlərimizə diqqət prioritet məsələlərdəndir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Bu, milli məfkurənin ideoloji sütunu idi. Ulu Öndər Heydər Əliyevin: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” - sözləri hər bir həmvətənimiz üçün milli qürurrəmzinə çevrilmişdir. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Həmrəylik günü Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Qurultay dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da surətləndirdi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Dünya azərbaycanlılarının I Qurultayından sonraÜmummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabr ayının 27-də isə, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Uğurlu diaspora hərəkatının effektiv lobbiyə çevrilməsi siyasəti yürüdülür. Ölkə Prezidenti, cənab İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. Diaspor siyasəti yeni inkişaf mərhələsindədir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin 

möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi. Dünya azərbaycanlılarının təşkilatlanmasında Azərbaycan Diasporuna Dəstək Fondu əhəmiyyətli təsisatdır. Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi.


Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.” Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.


Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!... Qarabağ Azərbaycandır!...

Hörmətlə,


                                                                                                                                Müşfiq Ənvər oğlu Əliyev


                                                                                                                                                Azərbaycan Respublikası


                                                                                                   Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,


                                                                                Qarabağ müharibəsi veteranı, qazi.


                                                                                               BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.


                                                                                                                              


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →