
Daşkənddə Cennifer Lopez Rüzgarı
7 avqust 2025-ci ildə Özbəkistanın paytaxtı Daşkənd, möhtəşəm Bunyodkor stadionunda keçirilən konsertlə dünya şöhrətli amerikalı müğənni Cennifer Lopezi qarşıladı. Xebertv.az komandası eksklüziv olaraq tədbiri işıqlandır.Konsert ölkənin son illərdə təşkil etdiyi ən böyük musiqi şoularından biri hesab olunur.
Konsert başlamazdan əvvəl stadion ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb. Giriş-çıxış məntəqələrində yoxlamalar gücləndirilib, ərazidə polis və təhlükəsizlik əməkdaşları yerləşdirilib. Könüllülər isə müxtəlif qruplara bölünərək son təlimatları müzakirə edib, vəzifə bölgüsü aparıblar. Onlar tədbir boyu həm tamaşaçıların istiqamətləndirilməsi, həm də ümumi nizam-intizamın qorunmasında fəal iştirak ediblər. Könüllülər arasında fiziki məhdudiyyətli şəxslərin də olması tədbirin inklüziv xarakterini nümayiş etdirib.
Stadiona giriş saat 17:30-da başlayıb. Sıra və təhlükəsizlik yoxlamalarına baxmayaraq, tamaşaçılar yüksək əhval-ruhiyyədə olub. Konserti izləmək üçün yalnız yerli sakinlər deyil, həm də Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova və bir sıra digər ölkələrdən qonaqlar gəlib. Konsert başlamazdan əvvəl DJ şousu və tanınmış yerli sənətçinin ifası tamaşaçıları əyləndirib və tədbirə bayram ab-havası qatıb.
Sənətçi saat 20:10-da gurultulu alqışlar altında səhnəyə çıxıb. Gecə ərzində o, üç fərqli səhnə geyimində tamaşaçı qarşısına çıxaraq On The Floor, Birthday, Jenny from the Block və digər məşhur mahnılarını ifa edib. Cennifer Lopezin yüksək enerjili rəqsləri, səhnə performansı və tamaşaçılarla qurduğu birbaşa ünsiyyət izləyicilər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Qeyri-rəsmi məlumata görə, konsertdən sonra müğənni təxminən 20 nəfərlə görüşərək şəkil çəkdirib. Görüş iştirakçıları arasında məşhur özbək müğənnisi Munisa Rzayeva da olub. Bu görüşlərin hansı məbləğ qarşılığında baş tutduğu barədə rəsmi açıqlama verilməyib.
Tədbir iştirakçıları bildiriblər ki, Cennifer Lopezin Daşkənddəki konserti təkcə musiqi baxımından deyil, həm də təşkilati səviyyəsinə görə yüksək qiymətləndirilib. Bu konsert Özbəkistanın beynəlxalq musiqi səhnəsində artan rolunu bir daha nümayiş etdirib.
Müəllif: İsmayıl Zaman

















