• 19:39 – Azərbaycan İƏT-in iclasında belə təmsil olundu 
  • 19:32 – 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: MİLLİ İSTİQLALDAN DÖVLƏT MÜSTƏQİLLİYİNƏ APARAN TARİXİ YOL 
  • 20:56 – Hörmüzdə iki gəmi dəniz minası ilə toqquşdu 
  • 20:54 – BƏƏ-də dəhşətli qəza: 14 ölü, 30 yaralı 

17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: MİLLİ İSTİQLALDAN DÖVLƏT MÜSTƏQİLLİYİNƏ APARAN TARİXİ YOL




17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: MİLLİ İSTİQLALDAN DÖVLƏT MÜSTƏQİLLİYİNƏ APARAN TARİXİ YOL

Azərbaycan xalqının tarixində 17 Noyabr – Milli Dirçəliş Günü milli özünüdərk, azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin mühüm mərhələsini təşkil edir. Bu əlamətdar tarix xalqımızın milli iradəsinin, vətənpərvərlik ruhunun və müstəqil dövlətçilik arzularının təcəssümüdür.
XX əsrin 80-ci illərinin sonlarında Sovet İttifaqında dərin siyasi, iqtisadi və ideoloji böhran yaşanırdı. Mərkəzi hakimiyyətin ayrı-seçkilik siyasəti, xüsusilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağda baş verən hadisələr və azərbaycanlı əhaliyə qarşı təzyiqlər xalqın haqlı narazılığını daha da artırırdı.
Milli dirçəliş prosesinin mənəvi və siyasi əsaslarından danışarkən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki xidmətlərini xüsusi qeyd etmək lazımdır. Onun Azərbaycana rəhbərlik etdiyi 1969–1982-ci illərdə respublikanın iqtisadi, elmi, təhsil və mədəniyyət sahələrində inkişafı üçün mühüm addımlar atılmış, milli kadr potensialının formalaşmasına, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin qorunmasına diqqət artırılmışdı. Bu proseslər xalqın milli özünüdərk düşüncəsinin güclənməsinə də mühüm təsir göstərmişdi.
1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu vəzifədən istefasından sonra Azərbaycanda və bütövlükdə regionda siyasi proseslər daha da mürəkkəbləşdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağ ətrafında gərginliyin artması və mərkəzi hakimiyyətin hadisələrə ədalətsiz münasibəti xalqın etirazlarını gücləndirdi.

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda və Azərbaycanın digər yaşayış məntəqələrində törətdiyi qanlı faciə xalqımızın azadlıq iradəsini sarsıda bilmədi. Həmin ağır günlərdə Heydər Əliyevin Moskvada Azərbaycanın nümayəndəliyinə gələrək sovet rəhbərliyinin cinayətkar hərəkətlərini açıq şəkildə pisləməsi onun xalqına və dövlətçiliyinə sədaqətinin mühüm nümunəsi oldu.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Sessiyaya Ümummilli Lider Heydər Əliyev sədrlik edirdi. Həmin tarixi iclasda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul olundu. Eyni zamanda, bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi ilə bağlı Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Bu qərar milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm tarixi addım idi.
Məhz həmin hadisələrdən sonra 17 Noyabr xalqımızın milli dirçəlişinin rəmzi kimi tarixə düşdü. 1992-ci il noyabrın 17-də isə Azərbaycan Respublikasının Milli Məclisi 17 Noyabrın Milli Dirçəliş Günü kimi qeyd olunması barədə qərar qəbul etdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Bu tarixi hadisə onilliklər boyu davam edən milli azadlıq mübarizəsinin və xalqın sarsılmaz iradəsinin nəticəsi idi. Lakin müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran, idarəçilikdəki ciddi nöqsanlar və Ermənistanın hərbi təcavüzü dövlətçiliyimizi böyük təhlükə ilə üz-üzə qoymuşdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, qanunun aliliyinin və iqtisadi inkişafın təmin olunması istiqamətində mühüm işlər görüldü. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğu tarixində mühüm mərhələ oldu.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun davam etdirildi. Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndi, iqtisadi potensialı artdı, ölkəmiz regional və qlobal layihələrin etibarlı tərəfdaşına çevrildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibə nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu.
Bu gün 17 Noyabr – Milli Dirçəliş Günü yalnız tarixi hadisələrin xatırlanması deyil, həm də milli birlik, dövlət müstəqilliyi, suverenlik və gələcək nəsillər qarşısında məsuliyyətin ifadəsidir. Bu tarix bizə bir daha göstərir ki, xalqın azadlıq iradəsi, milli həmrəyliyi və dövlətçilik əzmi heç bir qüvvə tərəfindən sarsıdıla bilməz.
Milli Dirçəlişdən dövlət müstəqilliyinə, müstəqillikdən suverenliyə uzanan bu tarixi yol Azərbaycan xalqının qürur mənbəyi və gələcək nəsillər üçün əbədi örnəkdir.

Anar Nağıyev,
YAP Binəqədi rayon təşkilatının, Xocəsən qəsəbə bələdiyyəsinin üzvü .

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →