• 19:38 – Makrondan bəyanat: "Çox vacib bir anın astanasındayıq - Avropa İttifaqı məhv ola bilər" 
  • 19:23 – Bakı metrosunda FACİƏ - Sərnişin qatar yoluna düşdü 
  • 19:18 – İlham Əliyev Zəngilanda... 
  • 19:21 – Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi 

Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər maddələrin və 4000 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-dən bildirilib ki, may ayının 12-də saat 00:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır.

Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlədilmiş 1 ədəd qara rəngli bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 400 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülüb.

May ayının 15-də saat 02:20 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abasallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhəd pozucularının təqibinə başlanılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq relyefin mürəkkəb, ərazinin sıx kolluq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçmışlar.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 79 kiloqram 595 qram narkotik vasitəyə (45 kq 580 qr “heroin”, 27 kq 940 qr “marixuana”, 3 kq 665 qr “metamfetamin”, 2 kq 410 qr “tiryək”) bənzər maddələr və psixotrop tərkibli 4000 ədəd “metadon-40” həbləri aşkar olunaraq götürülmüşdür.
May ayının 17-də saat 01:40 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Alçabulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, xidməti itlər cəlb edilməklə sərhəd pozucularının axtarışı həyata keçirilmiş, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülmüşdür.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, cinayətkarlar əmrə tabe olmayaraq silahlı müqa¬vimət göstərmiş və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd etmişlər.

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin sıx meşəlik, dağlıq və hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçmışlar.

Ərazidə aparılmış axtarış tədbirləri zamanı qaçaqmalçılar tərəfindən atılmış 3 ədəd bağlamanın içərisində ümumi çəkisi 17 kiloqram 500 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr, 1 ədəd atışa hazır vəziyyətdə olan AKM-74 markalı silah, 20 ədəd patron, 1 ədəd gecəgörmə cihazı və 40 qutu “KENT” markalı siqaret aşkar olunaraq götürülmüşdür.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinə yaxın ərazidə 1 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılmış, hal-hazırda şəxsiyyəti müəyyənləşdirilir.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →