
BAKI-XEBERTV.AZ
Vüsalə Hüseynova: " Azyaşlıların layiqli övlad kimi böyümələri üçün var qüvvəmizlə çalışırıq!"
Dəyərli oxucular, bu gün Sizə ziyalı ailədə doğulmuş, tərbiyə almış bir xanımın ömür yolundan danışacam.
Qısa məlumat: Hüseynova Vüsalə Həsən qızı 1983-cü il dekabr ayının 5 - də Gəncə şəhərində doğulub, ali təhsillidir. Vüsalə xanım 19 il Gəncə şəhərindəki 45 saylı Məktəbəqədər Müəssisəsində (Bağçada) tərbiyəçi müəllim vəzifəsində çalışıb. Bu yaxınlarda tərbiyəçi müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı 52 bal toplayıb. 2026 - cı ilin aprel ayında Gəncə şəhərindəki 19 saylı bağçanın müdiri vəzifəsinə təyin olunub. Ailəlidir, 3 övlad anasıdır.
- Vüsalə xanım, xoş gördük. Necə oldu ki, pedaqoji sahədə çalışmağa qərar verdiniz?
-Mən, gözlərimi açandan evimizdə kitablara xüsusi maraq olduğunu görmüşəm. Atam, mərhum Həsən Məmməd oğlu Əliyev fizika və astronomiya fənlərini tədris edirdi (o, 13 il öncə vəfat edib). Anam Aygün Məcid qızı Əliyeva hazırda Gəncə şəhər 32 saylı tam orta məktəbdə fəaliyyət göstərən ibtidai siniflərdən birində azyaşlılara dərs keçir. Anamın anası - mərhumə nənəm Nağıyeva Roza Vəli qızı 30 ildən artıq müddətdə Gəncə şəhərindəki məktəqədər müəssisələrdən birinin müdiri işləyib. Ziyalı ailəsində doğulduğum, tərbiyə aldığım üçün mən də pedaqoji sahəni seçdim.
-Azyaşlılarla işləmək çətin deyil ki?
-Mənim 3 övladım var, hər üçü yeniyetmədir. Onlar mənə nə qədər doğmadırsa, azyaşlılar da elədir. Yuxarıda bildirdiyim kimi, mən 2026 - cı ilin aprelində 19 saylı bağçaya rəhbər təyin edilmişəm. Çalışıram ki, bağça ilə valideynlər arasında körpü yaransın. Tərbiyəçi müəllimlərə və dayələrə tapşırmışam ki, mütəmadi olaraq uşaqlarla əyləncəli sual - cavablar təşkil etsinlər. Çünki, əksər uşaqlar istedadlıdır.Sadəcə istedadlı uşaqları tapıb üzə çıxarmaq, onlara düzgün istiqamət vermək lazımdır.
-Vüsalə xanım, 6 il öncə Azərbaycanın Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağda aparılan uğurlu hücum əməliyyatları nəticəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən ərazilərin böyük bir hissəsi azad edildi. 2023 - cü il sentyabrın 19 - 20 -də aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə Xankəndi və Xocalı şəhərləri, həmçinin, digər ərazilər düşmən tapdağından azad olundu. Hazırda Qarabağda geniş miqyaslı quruculuq işləri aparılır. Bu barədə nə deyə bilərsiniz?
-Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız düşmən tapdağından azad olunan gün sevincdən göz yaşlarım dayanmaq bilmirdi. Axı biz, təkcə Ermənistanla deyil, onları müdafiə edən digər güclü dövlətlərlə də üz - üzə qalmışdıq. İllər ərzində düzgün aparılan xarici siyasət, həmçinin, diplomatik sahədə aparılan danışıqlar nəticə etibarı ilə öz sözünü dedi. Bəli, indi Azərbaycan Cənubi Qafqazda söz sahibidir! İndi biz ürəklə danışa və gülə bilirik. Allah - Təala bu yolda şəhid olan soydaşlarımızın ruhlarını şad eləsin. Allah - Təala bütün yaralılara şəfa versin. Amin.
Maraqlı müsahibə üçün çox sağ olun.
Söhbəti yazdı: Şamil Sabiroğlu, jurnalist.
Bakı - Gəncə - Bakı,
09.08.2026.