Davamlı sosial islahatlar vətəndaş rifahının yüksəldilməsinə xidmət edir
- 13.02.2023, 22:47,
- Cəmiyyət
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin mərkəzində sosial dövlət, ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi dayanır. Elə bu məqsədlə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün davamlı addımlar atılır. Son beş ildə sosial sahədə aparılan davamlı islahatlar müxtəlif həssas əhali təbəqəsinin rifahının yüksəldilməsinə, sosial və məişət şəraitinin yaxşılaşdırılmasına şərait yaradır. Bu ilin əvvəlində həyata keçirilməyə başlanan və son beş ildə sayca dördüncü sosial islahat paketi genişmiqyaslı olduğuna görə fərqlənirdi. Eyni zamanda dünyada iqtisadi vəziyyətin qeyri-stabil olduğu, iqtisadi-maliyyə enişinin baş verdiyi bir vaxtda aparılırdı. Bu addım bir daha dövlətin hər vaxt, hər zaman vətəndaşın müdafiəçisi olduğunu göstərir.
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bu barədə AZƏRTAC-a verdiyi müsahibədə bildirib.
Onun dediyinə görə, sosial islahatların aparıldığı sahələrdən biri də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirləridir: “Son beş ildə ölkəmizdə ardıcıl və geniş miqyas alan sosial islahatlar nəticəsində bu istiqamətdə - 1,1 milyon vətəndaşı əhatə edən pensiya təminatı sahəsində də ciddi irəliləyişlərə nail olunub. Uğurlu sosial islahatların həyata keçirilməsi təkcə hiss olunacaq vəsait artımı ilə məhdudlaşmır. Dəstək mexanizmlərinin müxtəlif parametrlərə görə əhatəliliyi də təmin olunur, çünki aparılan islahatlar, həyata keçirilən sosial dəstək mexanizmi hər bir vətəndaş üçün bərabər imkanlar yaradır. Pensiya sahəsində aparılan sosial islahatlar - minimum pensiya artımı, digər pensiya artımları, orta aylıq pensiya artımı, pensiya sistemində humanist yanaşmaların tətbiqi paralel surətdə aparılır. Həmin komponentlər üzrə artımlar nəticəsində islahatların müsbət təsirləri bütün pensiyaçılara şamil olunur.
Növbəti artım olaraq yeni sosial islahat paketi çərçivəsində də dövlət başçısının təsdiq etdiyi yeni qanunla minimum pensiya artımının 2023-cü il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılması xüsusilə vacib məqamdır. Hər hansı səbəbdən həmin məbləğə çatmayan pensiya məbləğinin 280 manata çatdırılması həm də humanist yanaşmanın təzahürüdür. Belə ki, hazırda minimum pensiya məbləği 2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199 manat) 81 manat və ya 40,7 faiz üstələyir. Rəqəmlərlə müqayisə etsək aydın olar ki, son 5 ildə aparılan sosial islahatlar nəticəsində minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. 2023-cü ildə pensiyaların artımı ilə bağlı xeyli yeniliklər mövcuddur. 2022-ci ildə ayrılan maddi yardımlar tərkibinə daxil edilməklə pensiyalar artırılıb. Həmin artım edildikdən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il yanvarın 1-dək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılıb və yanvar ayının artımının fevral ayının pensiyası ilə birgə verilməsi nəzərdə tutulub. Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faizi) üstələyir”.
İctimai Birliyin sədri deyib: “Pensiya sahəsində aparılan uğurlu sosial islahatlar pensiyaların orta aylıq məbləğində də artımı şərtləndirir. Yeni sosial islahat paketi üzrə 2023-cü ilin əvvəlindən yeni artımdan sonra pensiyaların orta aylıq məbləği növbəti dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 456 manata çatıb. Bu da orta aylıq pensiyada 2022-ci ilə nisbətən 14 faiz, beş il əvvələ, 2018-ci ilin əvvəlinə (208 manat) nisbətən isə iki dəfə artım baş verməsi deməkdir. Pensiya islahatları çərçivəsində son bir ildə bu ödənişlərdə 1 milyard manatadək, son beş ildə isə 2,4 milyard manat artım baş verib ki, bu da pensiyaçıların rifahına göstərilən dövlət dəstəyinin mühüm ifadəsidir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv xidmətlərin göstərilməsinin sosial islahatlar çərçivəsində şəffaflığın təmin olunması sahəsində aparılan mühüm addımlardan biri olduğunu qeyd edən müsahibimiz deyib: “Nazirlik tərəfindən Prezident İlham Əliyevin müvafiq tapşırıqlarının uğurlu icrası üçün son beş ildə ardıcıl olaraq elektronlaşma proqramı həyata keçirilir və qısa müddətdə mühüm nəticələr əldə edilib. Nazirliyin 153 xidmətindən 140-dan çoxu elektronlaşdırılıb. Bu isə nazirlik üzrə elektronlaşma səviyyəsinin 90 faizdən yüksək olduğu deməkdir. Sosial sahədə mühüm innovativ uğurlardan biri kimi, 2019-cu ilin əvvəlindən pensiyaların, sonralar müavinət və təqaüdlərin elektron sistem üzərindən proaktiv təyinat mexanizmlərinin tətbiqinə başlanılıb. 2023-cü il yanvarın 1-nə olan məlumata əsasən ötən dövrdə 500 min pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 71 mini pensiya, 429 mini müavinət, təqaüd təyinatları olub.
Reytinq: