
Ukrayna enerji atəşkəsinə hazırdır və detalları razılaşdırmaq üçün Rusiyadan obyektlərin konkret siyahısını gözləyir.
XEBERTV.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Georgi Tixi brifinqdə bildirib.
Onun sözlərinə görə, Kiyev Rusiya ilə enerji sahəsində atəşkəs rejiminin tətbiqi çərçivəsində Ukraynadakı obyektlərin tam qorunacağına və bütün növ silahlardan istifadənin tamamilə qadağan ediləcəyinə ümid edir.
"Əgər ruslar buna ciddi şəkildə hazırdırlarsa, o zaman qoy obyektlərin siyahılarını təqdim etsinlər və detalları dəqiqləşdirsinlər, biz bunu gözləyirik... İstərdik ki, Rusiya da bu deeskalasiyaya hazır olduğunu nümayiş etdirsin. Düşünürəm ki, o zaman bütün həll yollarını tapmaq mümkün olacaq", - Tixi qeyd edib.
Ukrayna XİN-dən ABŞ-nin bu razılaşmaya nail olmaq cəhdinin vacib və vaxtında atılmış addım olduğunu vurğulanıb. Bundan əlavə, diplomatın sözlərinə görə, energetika və taxıl ixracı sahəsində həll yollarının axtarışı üzərində daha bir neçə tərəfdaş ölkə də işləyir.