
Amerikalı analitiklər Rusiyanın kosmosda törədə biləcəyi nüvə partlayışının simulyasiyasını həyata keçiriblər. Ssenariyə görə, belə bir partlayış peyk infrastrukturuna ciddi ziyan vura bilər.
XEBERTV.AZ xəbər verir ki, tədqiqatın nəticələri “American Foreign Policy Council” (AFPC) analitik mərkəzinin hesabatında dərc olunub.
Simulyasiya zamanı şərti olaraq Rusiyaya məxsus “Kosmos-2567” peykinin təxminən 400 km yüksəklikdə 500 kilotondan 2 meqatona qədər gücə malik nüvə partlayışı törətdiyi fərz edilib. Nəticədə ABŞ-ın peyk infrastrukturunun genişmiqyaslı şəkildə sıradan çıxması ssenarisi modelləşdirilib.
Tədqiqat müəllifləri hesab edirlər ki, Rusiya “Starlink” sisteminə qarşı kosmosda nüvə təhdidindən istifadə edərək Vaşinqtonu və ya “SpeysX”i Ukraynaya göstərilən dəstəyi məhdudlaşdırmağa məcbur etməyə çalışa bilər.
Modelə əsasən, partlayış nəticəsində yaranan radiasiya kəməri bir həftə ərzində 11 minə yaxın peykin sıradan çıxmasına səbəb ola bilər.
Hesabata görə, ABŞ-ın orbitdə baş verəcək nüvə partlayışının nəticələrini aradan qaldırmaq üçün hazırda kifayət qədər imkanları yoxdur. Buna görə də təklif olunan konsepsiyada ABŞ Kosmik Komandanlığına Müdafiə Nazirliyi ilə koordinasiya şəraitində bir il ərzində kosmosdakı nüvə təhdidlərinə qarşı mübarizə proqramı hazırlamaq və tətbiq etmək tapşırığının verilməsi nəzərdə tutulur.
Rusiyanın kosmosdakı nüvə qurğusunun zərərsizləşdirilməsi üçün mümkün variantlar:
- kiber vasitələr;
- lazerlər;
- radioelektron mübarizə (REM) vasitələri;
- elektromaqnit siqnallarının boğulması;
- kinetik ələkeçirmə.
AFPC, həmçinin nüvə təhdidlərinin kosmosda aşkar edilməsi və zərərsizləşdirilməsi üçün “Golden Dome” konsepsiyasının imkanlarının uyğunlaşdırılmasını nəzərdən keçirməyi təklif edir.
Sənəddəki praktiki tövsiyələrdən biri də nüvə partlayışı təhlükəsi yaranacağı təqdirdə iri kommersiya peyk qruplaşmalarının orbitdən endirilməsi üçün əvvəlcədən plan hazırlanmasıdır.
axar.az