
BAKI-XEBERTV.AZ
Şəhid Rəhim Alışovun xatirə mərasimi keçirildi
1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımından sonra onlarla, bəlkə də yüzlərlə vətənpərvər eloğlumuz könüllü surətdə yenicə bərpa edilən Azərbaycan Ordusu sıralarına daxil oldu. Onların arasında İmişli rayonu Bəhramtəpə qəsəbəsinin cəsur oğulları - Rəhim və Mürsəl Havar oğlu Alışov qardaşları da vardı. Hər iki qardaş Qubadlı və Laçın rayonlarının müdafiəsində dayandı. Rəhim və Mürsəl Alışovların gözlərində qorxu yox idi. Qısa müddətdə Rəhim bəy manqa komandiri təyin edildi. Rəhim Alışov tabeçiliyində olan şəxslərin asudə vaxtının düzgün təşkili üçün əllərindən gələni əsirgəmirdi. O, 1992 -ci il oktyabrın 18-də tabeçiliyində olan sıravi əsgəri ölümün caynağından xilas etdi, özü isə ağır yaralandı. Döyüşçü dostu Vahid Qasımov ağır yaralanmış Rəhim Alışovu təhlükəli bölgədən çıxardı. Təəssüflər olsun ki, Rəhim Alışovu xilas etmək mümkün olmadı. Rəhim bəy Hospitalda şəhidlik zirvəsinə yüksəldi. Onun 3 azyaşlı övladı atasız böyüdü.
İndi o günlərdən bizi 33 illik zaman kəsiyi ayırır. İmişli rayon İcra Hakimiyyəti, İmişli rayon Mədəniyyət Mərkəzi və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin birgə təşkilatçılığı ilə "Döyüş tarixdə əbədi qalacaq!" adlı tədbir keçirildi. Şəhid Rəhim Alışovun xatirəsinə həsr edilən tədbiri "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu açdı. Azərbaycanın Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rəhim Alışovun ömür - yolu barədə videoçarx nümayiş etdirildi.
İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tədbir iştirakçılarını salamladı. Möhtəşəm tədbir üçün "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu Şamil Sabiroğluya və İmişli rayon Mədəniyyət Mərkəzinin Direktoru Sərvər Şirinova rayon rəhbərliyi adından öz təşəkkürünü bildirdi. Rəhim Alışovun döyüşçü dostları - ehtiyatda olan polkovnik, müharibə veteranı Tahir Əliyev, ehtiyatda olan mayor, qazi Muxtar Həşimov, Vahid Qasımov, idmanın cüdo və qaydasız döyüş növləri üzrə dəfələrlə Azərbaycan, Avropa və Rusiya çempionu, müharibə veteranı Azad Məmmədov, İmişli rayonunun ağsaqqallarından biri - Məşhədi Çingiz İbrahimov, Azərbaycan Radiosunun əməkdaşı, şair Ötərxan Eltac, əsgər anası Aynurə Rüstəmova və başqaları şəhid Rəhim Alışov və onun qardaşı, hazırda haqq dünyasında olan Mürsəl Alışovun şərəfli ömür yolundan bəhs etdilər.
İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru, bədii qiraət ustası Sərvər Şirinovun rəhbərliyi altında maraqlı kompozisiya nümayiş etdirildi. Bədii qiraət ustası Şirzad PirAllahi, şəhid Rəhim Alışovun nəvəsi Fatimə Manafova maraqlı şeir parçaları ilə çıxış etdilər.
Daha sonra I və II Vətən savaşı zamanı şəhid olmuş İmişli rayon sakinlərinin ailə üzvlərindən bir qrupu səhnəyə dəvət edildi. Sərvər Şirinov və Tünzalə Qasımovanın ifasında "Cənab leytenant" mahnısını, Şakir Quliyev isə "Küdrü qartalları" mahnısını ifa etdilər.
Şəhid Rəhim Alışovun bacısı Bənövşə Paşayeva "Döyüş tarixdə əbədi qalacaq!" adlı tədbirin təşkilatçılarına və iştirakçılarına ailə üzvləri adından öz minnətdarlığını bildirdi.
Şamilə Şamil qızı, jurnalist.
22.XI.2025.