• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Tanıyaq və tanıdaq:


 

BAKI-XEBERTV.AZ

Tanıyaq və tanıdaq:

Doktor Məhəbbət Paşayevanın öyünməyə haqqı var!

Azərbaycanın ləyaqətli övladlarından söhbət düşəndə Tərtər rayonunun yetirməsi, həkim-terapevt  Məhəbbət Sabir qızı Paşayevanın da adı hörmətlə çəkilir.O, 1958-ci il fevralın 8-də doğulub. 1964-1974-cü illərdə Tərtər rayonunda orta məktəbdə, 1974-1980-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb.16 yaşında ikən ali məktəbə daxil olan M.Paşayeva müəllimlərdən tibb elminin incəliklərini öyrənib. Universiteti(o zaman İnstitut adlanırdı) bitirəndən 1 il sonra Tərtər Mərkəzi rayon Xəstəxanasında həkim-terapevt kimi fəaliyyətə başlayıb. 1985-ci ildə Baş həkimin müalicə işləri üzrə müavini vəzifəsinə təyin edilən Məhəbbət xanım, 1992-ci ildə həmin Xəstəxananın Baş həkimi təyin edilib. 
O zaman Azərbaycan öz müstəqilliyini yenicə bərpa etmişdi. Ordumuzun maddi-texniki bazası yox idi. Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd bölgələrdə vəziyyət gərgin idi. Xocalı şəhəri, həmçinin, Şuşa şəhəri və Laçın rayonu işğal edilmişdi. Bu çətin anlarda Tərtər rayonunun qeyrətli və vətənpərvər oğulları da torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanmışdılar. Məhəbbət xanımın 2 qardaşı-Ədalət və İlham könüllü olaraq Tərtər Ərazi Özünümüdafiə Taborunun tərkibində döyüşürdülər. Məhəbbət xanımın atası Sabir müəllim daim döyüşçülərin yanında idi. Digər qardaşı, Rusiyada Ali məktəbi bitirib orda da yaşayan və işləyən Evarist Paşayev könüllü olaraq işdən çıxdı və Azərbaycana qayıtdı.Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərliyi E.Paşayevi Qubadlı rayon Polis şöbəsinə rəis təyin etdi.
Məhəbbət xanım rəhbərlik etdiyi Şəfa Ocağının kollektivi ilə birgə yaralıların təxliyyə olunmasını təşkil edir, onların həyatda sağ qalmaları üçün əllərindən gələni əsirgəmirdilər. 1992-ci ilin yayında Tərtər rayonunun igid müdafiəçilərindən biri-topçu Ədalət Paşayev şəhid oldu. Ağır döyüşlərdən birində isə İlham yaralandı. Məhəbbət xanım kimi bacı üçün çox çətin idi...
1993-cü il yanvarın 20-də Azərbaycan Televiziyasının efirində şəhidlərimiz haqqında verilişə baxan Sabir müəllimin ürəyi birdəfəlik dayandı. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun işğalı zamanı Evarist Paşayev şəhid oldu...
Bəli, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu ailədən də yan keçmədi.
Siyasi arenada söz sahibi olan Heydər Əliyev Azərbaycan Rəhbərliyinə qayıtdıqdan sonra döyüşən tərəflər arasında atəşkəs elan edildi. İqtisadiyyatın inkişafı və Ordumuzun maddi-texniki bazasının yaradılması prosesi başlandı.
Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə isə Ordu quruculuğuna xüsusi diqqət ayrıldı.Həyata keçirilən zəruri tədbirlər nəticəsində biz, Dövlət və xalq olaraq işğalçı Ermənistan və onun havadarlarına qalib gəldik. Şübhəsiz, qazanılan tarixi qələbədə Tərtər rayonunun müdafiəçilərinin də öz payı var. Əgər I Vətən savaşı zamanı Tərtər Azərbaycanın Stalinqradı rolunu oynadısa, II Vətən savaşında isə tarixi qələbənin ilhamvericilərindən oldu. II Vətən savaşında Məhəbbət xanımın qazi qardaşı İlhamın oğlu Amid Paşazadə də iştirak edib və ağır döyüşlərdən birində yaralanıb.
Məhəbbət xanım hazırda ailə üzvləri ilə birgə Bakıda yaşayır. O, Əhmədli qəsəbəsində yerləşən Medika Hospitalın Poliklinika şöbədində həkim-terapevt olaraq çalışır. O, Yeni Azərbaycan Partiyasının və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin üzvüdür.
Dəyərli xanım Məhəbbət Paşayevanın tarixi qələbəmizlə öyünməyə haqqı var. Təəssüflər olsun, həm, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, həm də TƏBİB-in Rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə sağlamlıqlarını itirən Məhəbbət Paşayeva kimi insanları arayıb-axtarmırlar.
Qeyd:mövzuya qayıdacağıq.

Şamil Sabiroğlu, jurnalist.
Bakı, 27.XI.2023.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →