Azərbaycan Respublikası Veteranlar Təşkilatının böyük zalında şairə
Raziyyə Kamil qızının yenicə çapdan çıxmış “Qarabağ qartalları” kitabının
təqdimat mərasimi keçirildi. Tədbiri Raziyə Kamil qızı açdı. Azərbaycanın
Dövlət Himni səsləndi, şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü
Müşfiq Borçalı çıxış edərək müəllifi növbəti uğur münasibətilə təbrik etdi,
işlərində uğurlar arzuladı. Müşfiq müəllim həmçinin, Rusiyanın Rostov
vilayətində yaşayan və “Edinstvo” Təşkilatına rəhbərlik edən sahibkar
Leyla Əhmədova haqqında məlumat verdi. Qeyd etdi ki, Leyla Əhmədova
bu kitabın işıq üzü görməsi üçün zəruri dəstək göstərmişdir. Daha sonra
söz Leyla Əhmədovaya verildi. Leyla xanım, istər I, istərsə də, II Vətən
savaşları zamanı Azərbaycan Ordusunun şəxsi heyəti ilə mütəmadi
görüşdüklərini, onlara imkanları daxilində maddi və mənəvi dəstək
olduqlarını xatırlatdı. Leyla xanım, düşmən üzərində qələbənin
qazanılmasında diaspor fəallarının müstəsna xidmətlərini qeyd etdi. O,
həmçinin, milli vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə fəal
iştiraklarına görə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin qurucusu,
jurnalist Şamil Sabiroğluya və Asif (Fred) Məhərrəmov adına Fondun
qurucusu, qazi Ədalət Məhərrəmova öz təşəkkürünü bildirdi.
Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf
Fondunun sədri Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai
birliyinin qurucusu Şamil Sabiroğlu, idmanın sambo güləşi üzrə dəfələrlə
Avropa və Rusiya çempionu, I Vətən müharibəsinin iştirakçısı Azad
Məmmədov, “Qarabağ Qaziləri” ictimai birliyi sədrinin müşaviri Fəzail
Əsədov, şəhid Vüsal Cəfərovun anası Könül Cəfərova, şəhid Elşad Əliyevin
anası Flora xanım, şəhid Samir Xudiyevin atası Səməd bəy, “Yeni Yurd”
ictimai birliyinin İcraçı direktoru, xeyirxah insan Kifayət Qərənizadə və
başqaları çıxış edərək “Qarabağ qartalları” kitabı haqqında öz fikirlərini
bildirdilər.
Daha sonra müəllifin adından şəhid ailələrinə kitablar təqdim olundu.
Sonda xatirə şəkilləri çəkildi.
Şamil Sabir oğlu,
Nahidə Vahid qızı.
Bakı şəhəri, 15.05.2025.