Buxarest Sazişi - dünyada enerji böhranının qarşısını almaq istiqamətində addım
- 17.12.2022, 16:37,
- Siyasət
Bu gün Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdan da məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz adına olduqca vacib addımlar atılıb. Azərbaycanın enerji coğrafiyasını o qədər böyüdür ki, Avropanın da enerji təhlükəsizliyində pay sahiblərindən birinə çevrilmək istiqamətində irəliləyir.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan inanılmış tərəfdaş kimi ən strateji müqavilələrdə özünü təsdiqləyib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycan Avropaya digər enerji körpüsünü salmağa başlayır. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 giqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 giqavat təşkil edir. Əlbəttə bu göstəricilər onu deməyə əsas verir ki, xarici strateji investorlar Azərbaycanın enerji bazarı üçün maraqlı olmalıdır. Artıq bu istiqamətlərdə də müəyyən addımlar atılıb. Plenar iclasda qeyd olunduğu kimi, strateji investorların biri ilə 2027-ci ilə qədər 3 giqavat külək və 1 giqavat günəş enerjisini istehsal etmək planlaşdırılır. Onların 80 faizi ixrac olunacaq. Bu planların reallaşması üçün ilk növbədə, Sazişə daxil olan ölkələrinin hər birinin səmərəli fəaliyyəti olmalıdır.
“Prezident İlham Əliyev çox vacib bir məqama toxundu ki, gələcəyə hesablanmış bütün layihələrin reallaşması üçün Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidir. Azərbaycan necə ki, hər bir müqavilə, sazişə sadiqliyi və məsuliyyətli yanaşması ilə dünyada nümunəvi dövlətə çevrilibsə eləcə də digər tərəfdaşlar bu istiqamətdə fəal olmalıdırlar. Çünki bu Saziş tək Azərbaycan üçün yox, digər Avropa dövlətləri üçün də əhəmiyyətlidir. Hazırda dünyada yaşanan enerji böhranın qarşısını almaq istiqamətində atılan növbəti vacib addımlardan biri də əlbəttə, bu Sazişdir”, - deyə Vüqar İskəndərov vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: