İtaliyada milyonlarla insan quraqlıq səbəbindən suyun kəsilməsi təhlükəsi ilə üzləşə bilər
İtaliyada qış aylarında yağıntıların az olması səbəbindən yaşanan quraqlığın qarşıdakı dövrdə milyonlarla insanın su kəsintilərinin tətbiq edilməsi ilə üzləşməsinə səbəb ola biləcəyi bildirilib.
AZƏRTAC xəbər verir ki, ölkədəki su ehtiyatlarından məsul ANBI konsorsiumunun rəhbəri Françesko Vinçenzi son məlumatlara görə, qarşıdakı aylarda ən azı 3,5 milyon italiyalıya su kəsintilərinin tətbiq olunacağını deyib. Qeyd edib ki, ölkənin ən böyük çayı və əsas su mənbəyi olan Po çayında suyun səviyyəsi rekord səviyyədə aşağı düşüb.
İtaliya əhalisinin 6-15 faizinin şiddətli və ya həddindən artıq quraqlığa məruz qalan bölgələrdə yaşadığı bildirilir. Ölkənin şimal və mərkəz bölgələrindəki göl və çaylarda suyun səviyyəsi kəskin azalıb, Alp dağlarında qar örtüyünün hündürlüyü isə son 10 ilin orta göstəricisindən 53 faiz aşağıdır.
Yağıntıların azalması və dəniz suyunun çəkilməsi səbəbindən kanalları ilə məşhur olan Venesiya şəhərində bəzi kanallarda suyun səviyyəsi 50-60 santimetr azalıb, qayıqların və su taksilərinin hərəkəti mümkünsüz olub.
Xatırladaq ki, İtaliyada keçən yay fəslində son 70 ilin ən pis quraqlığı yaşanıb və nəticədə kənd təsərrüfatı sektorunda ən azı 6 milyard avroluq itki qeydə alınıb.
Reytinq: