Xocalı faciəsi qurbanlarının xatirəsi Bəstəkarlar İttifaqında da anılıb
- 24.02.2023, 07:01,
- Mədəniyyət
Fevralın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Xocalı soyqırımının xalqımızın tarixinin dəhşətli səhifələri kimi yaddaşlarda iz qoyduğunu vurğulayıb. Qeyd edib ki, Xocalı faciəsinə ən düzgün siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Bildirilib ki, hər il ölkəmizdə qanlı faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər, ümumxalq nümayişləri keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqında da müntəzəm olaraq Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər, yeni əsərlərin dinlənilməsi keçirilir.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova qeyd edib ki, 31 il əvvəl baş vermiş bu dəhşətli hadisə bəstəkarlarımızı da çox sarsıdıb. Qarabağ münaqişəsini və Xocalı hadisələrini yüksək bədii səviyyədə təcəssüm etdirən ən görkəmli əsərlərdən biri Firəngiz Əlizadənin “İntizar” operasıdır. Azərbaycan xalqının qanlı tarixini, ağrı-acısını əks etdirən, ən yüksək milli-mənəvi dəyərləri özündə ehtiva edən bu opera ənənəvi olaraq, hüznlü günlərdə Opera və Balet Teatrının səhnəsində hər zaman nümayiş olunur və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, Xocalı faciəsindən sonra bəstəkarlarımız bu mövzunu özündə əks etdirən müxtəlif janrlarda yeni əsərlər ərsəyə gətirib: “Məmməd Quliyevin “Simfoniya-rekviyemi”, Arif Mirzəyevin “Xocalı uşaqlarına laylay”, Oqtay Rəcəbovun çoxhissəli “Xocalı avazları” oratoriyası, Azər Dadaşovun “Xocalıya ədalət!” simfonik plakatı, Faiq Nağıyevin xor üçün “Xocalı harayı”, Elnarə Dadaşovanın “Xocalı laylası”, Yusif Mirişlinin “Xocalı – 613” simfonik poeması və s. musiqi əsərləri yazılıb”.
Faciənin baş verməsindən 31 il ötməsinə baxmayaraq Xocalı mövzusu bəstəkarlarımızı həyəcanlandırmaqda davam edir. Bəstəkarlarımızın Xocalı faciəsi ilə bağlı yazılmış yeni əsərləri sırasında Rəna Qədımovanın “Sarı gəlin” balladasını, Rüfət Ramazanovun simli orkestr üçün “Təəssürat”, orqan və xanəndə üçün “And”, Kəmalə Əlizadənin violonçel və kamera orkestri üçün “Vokaliz” və İlham Azmanlının kamera orkestri üçün “Ağı” əsərlərini qeyd etmək olar.
Anım tədbirində bəstəkar, Əməkdar incəsənət xadimi Nazim Quliyevin “Xocalı” operasından “İgidlərin rəqsi” (fortepiano üçün köçürmədə) təqdim olunub (ifaçı – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Jalə İslamova). Bu operanın premyerası hələ gerçəkləşməsə də, operanın müxtəlif musiqi nömrələri artıq Bəstəkarlar İttifaqının tədbirlərində səsləndirilib.
Həmçinin, gənc bəstəkar Tural Məmmədli fortepiano üçün “Xocalıya İthaf” kompozisiyasını ifa edib.
Tədbirdə iştirak edən tanınmış bəstəkarlar, Xalq artisti Azər Dadaşov və Əməkdar incəsənət xadimi Elnarə Dadaşova Xocalı mövzusunda yazılmış əsərlər haqqında məlumat veriblər. Musiqişünaslar - Əməkdar incəsənət xadimi Həcər Babayeva və Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı dinlənilmiş əsərlər haqqında öz mülahizələrini bildiriblər.
Reytinq: