• 22:44 – Zelenski Makronla danışdı: "Miraj"lar tezliklə çatdırılacaq! 
  • 22:35 – "Buran"ı Rusiyaya verməyən iş adamı axtarışa verildi 
  • 20:45 – ABŞ yeni ballistik raketləri sınaqdan keçirib 
  • 20:41 – Mourinyo Ronaldonu "Fənərbağça"ya dəvət etdi 

Muzeylərimiz “Şuşa İli”ni necə başa vurdu?

Şuşa İli” Azərbaycan muzeyləri üçün maraqlı layihələr, çoxsaylı təqdimatlar, rəngarəng sərgilərlə yadda qaldı.

AZƏRTAC muzeylərin 2022-ci il fəaliyyətinə qısa nəzər salır.

Ötən il Azərbaycan Milli Xalça Muzeyi üçün xüsusilə əlamətdar olub. 55 yaşını qeyd edən muzeydə yerli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilib. Yubiley ilində muzeyin kolleksiyası 30-dan çox eksponat, o cümlədən Qarabağın XVIII əsrə aid bədii tikməsi, XIX əsrə aid minalı sırğalar kimi nadir nümunələrlə zənginləşib.

“Şuşa İli” ilə bağlı Qalabəyov, Mehmandarov, Çəmənzəminli kimi məşhur şuşalı nəsillərin tarixdəki rolunu təbliğ etmək məqsədilə silsilə görüşlər təşkil olunub. Muzeyin Ənənəvi texnologiya şöbəsində isə Mehmandarovların Şuşadakı malikanəsinin (XIX əsr) tavanında çəkilmiş rəsm əsasında “Ləçək-turunc” kompozisiyalı xalça hazırlanıb.

Azərbaycan xalça sənətinin dünyada təbliği məqsədilə dekabrda Rumıniyanın Sibiu şəhərindəki Brukenthal Müasir İncəsənət Muzeyində “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi açılıb.

Bu il Milli Xalça Muzeyində 20-dək ölkədən mütəxəssisin qatıldığı “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfrans da keçirilib.

2022-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) də müxtəlif tədbirlər, sərgilər təşkil olunub. Xalq rəssamı Sirus Mirzəzadənin “Qadın ətri” adlı fərdi sərgisi maraqla qarşılanıb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə AMİM-də Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeydə gecə” adlı multimedia layihəsi həyata keçirilib. İl boyunca muzeydə görkəmli rəssamların yaradıcılığını təbliğ etmək və mədəni irsimizi yeni nəslə tanıtmaq məqsədilə “Bədii lövhələr” adlı layihə, həmçinin muzeyin əməkdaşları tərəfindən ümumtəhsil müəssisələrində incəsənətə dair mühazirələr oxunub.

Milli Azərbaycan Tarixi Muzeyində “Şuşa İli” ilə əlaqədar “Xarıbülbülün vətəni – Şuşa” adlı sərgi açılıb. Mədəniyyət paytaxtımızın tarixinin müxtəlif dövrlərini əks etdirən zəngin eksponatlar əsasında hazırlanmış sərgidə 300-dən artıq muzey materialı, informasiya paneli, fotoşəkillər, rəsm əsərləri nümayiş olunub.

Muzeydə, həmçinin Qarabağ tarixinin ayrı-ayrı problemlərinin tədqiqi istiqamətində də işlər görülüb. Tanınmış Azərbaycan ziyalısı, şuşalı Mir Möhsün Nəvvabın muzeydə qorunan silah kolleksiyası ilk dəfə tədqiqata cəlb olunub, həmçinin “Mir Möhsün Nəvvab və onun silah kolleksiyası” adlı kitab (Azərbaycan və ingilis dillərində) çap edilib.

Muzeydə 2021-ci ildə yaradılan Vətən müharibəsi fondunun zənginləşdirilməsi istiqamətində il ərzində işlər davam etdirilib. Hazırda fondda 260-dan çox şəhid və qaziyə məxsus 3150 ədəd inventar qorunur.

Azərbaycan İstiqlal Muzeyi ötən il ərzində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətçiliyimizin təbliği, tariximizin şanlı səhifələrinin daha dərindən öyrənilməsi məqsədilə müxtəlif səpkili tədbirlər keçirib. 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yaşatmaq, vətənpərvərliyin təbliği məqsədilə ötən ildən başlanan “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə bu il də davam edib. Layihə çərçivəsində keçirilən tədbir-sərgilərdə Vətən müharibəsi şəhidlərinə məxsus əşyalar nümayiş olunub.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi xüsusilə gənc nəslin mənəvi-əxlaqi və vətənpərvərlik ruhunda tərbiyəsini diqqətdə saxlayıb. 2022-ci il ərzində muzeydə və onun filialları olan Niyazinin mənzil-muzeyi, Qara Qarayevin ev-muzeyi və Vaqif Mustafazadənin ev-muzeyində müxtəlif tədbirlər, elmi-praktik konfranslar keçirilib, sərgilər təşkil edilib. Bundan əlavə, il ərzində musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynamış görkəmli sənətkarların yubileyləri qeyd olunub, əlamətdar günlərlə bağlı tədbirlər keçirilib.

“Şuşa İli”ndə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində əlamətdar mədəniyyət hadisələri, yubileylərlə bağlı müxtəlif tədbirlər keçirilib. Muzeyin və Səbail rayon MKS-in Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Hüseyn Cavidin 140 illik yubileyinə həsr edilən “Mənim tanrım gözəllikdir, sevgidir” adlı dəyirmi masada ədibin həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub. “Şuşa İli”nə həsr olunmuş “Mədəniyyətimizin Şuşa salnaməsi” adlı elmi-praktik konfrans, muzeyin sosial şəbəkə hesablarında yayımlanan “Cənnətim Qarabağ” rubrikası yaddaqalan layihələrdən olub.

Ötən il ərzində görkəmli şəxsiyyətlərin ev-muzeyləri, həmçinin bölgələrdə fəaliyyət göstərən muzeylərdə də müxtəlif səpkili tədbirlər keçirilib.

2023-cü ildə də muzeyləri yeni layihələr, tədbirlər və təqdimatlar gözləyir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →