Ağır xəstəliyə tutulan türkiyəli prodüser izləyiciləri ilə vidalaşdı: “Dünən son dəfə...” - FOTO
- 23.12.2022, 09:48,
- Mədəniyyət
Məşhur türkiyəli prodüser və “YouTube” verilişləri aparıcısı Armağan Çağlayanda ağciyər xərçəngi aşkarlanıb.
Prodüseri və aparıcısı olduğu “YouTube” verilişləri ilə diqqət çəkən 56 yaşlı Çağlayan bir neçə gün öncə bununla bağlı sosial media hesabında məlumat verib.
“Bu yaxınlarda illik sağlamlıq müayinəsindən keçərkən ağciyərimdə kütlə aşkarlandı. Kütlənin böyük ehtimalla xərçəng olduğu ortaya çıxdı. İşləmək mənim üçün həmişə olduğu kimi, indi də həyatla əlaqəmi saxlayan ən vacib motivasiya mənbəyidir. Ona görə də məcburi fasiləni çox uzatmadan işimin başına qayıdacağam”, - deyə o bildirib.
Lakin növbəti paylaşımında Çağlayan qeyd edib ki, həkimlər ona çox işləməməyi və özünü yormamağı tövsiyə ediblər.
“Bu fotolar dünənki son “YouTube” çəkilişimizdəndir. Siz fevralın ortalarına qədər izləyə biləcəksiniz, amma biz dünən son dəfə çəkiliş etdik. “YouTube” ilə vidalaşmağın vaxtıdır. Həkim dedi ki, işinizi azaldın, özünüzə vaxt ayırın. İndiyə qədər proqramlarımıza göstərdiyiniz marağa görə çox təşəkkür edirik. Bir gün başqa məcralarda və başqa macəralarda görüşmək ümidi ilə. Hər şeyə görə çox təşəkkürlər. Minnətdarıq”, - deyə o, paylaşımında kədərini ifadə edib.
Reytinq: