Pianoçu Riad Məmmədov Bakıda solo konsert proqramı ilə çıxış edib
- 17.12.2022, 16:42,
- Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzində Rusiyada yaşayan azərbaycanlı musiqiçi, tanınmış pianoçu, bəstəkar Riad Məmmədov solo konsert proqramı ilə çıxış edib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC -a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzinin, eləcə də Vaqif Mustafazadə adına Mədəniyyət və Xeyriyyə Fondunun dəstəyi ilə Bakıdakı Rus Evi tərəfindən təşkil olunan konsert "Rusiya xalqlarının mədəni irsi ili" çərçivəsində keçirilib.
Konsertdə Pyotr Çaykovskinin, Frederik Şopenin, İohan Sebastyan Baxın klassik əsərləri, həmçinin R.Məmmədovun özünün fortepiano pyesləri ifa olunub.
Sonda Riad Məmmədov və rusiyalı musiqiçilər Sergey Korçaqin, eləcə də Dmitri Yeroşin caz kompozisiyaları ilə yanaşı, Vaqif Mustafazadənin "Əzizəni gözləyirəm" pyesinin müəllif transkripsiyasını ifa ediblər. Bununla da əfsanəvi bəstəkar, pianoçu, caz-muğam sintezinin banisi olan V.Mustafazadənin xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Riad Məmmədov Rusiya, Azərbaycan və Kanadada keçirilən musiqi festivallarının iştirakçısı olub. Pianoçu dünyada nadir peşəkar caz-muğam ifaçılarından biridir. Yaradıcılığında müxtəlif janrları və musiqi istiqamətlərini birləşdirən musiqiçi Moskva Konservatoriyasını və fortepiano sinfi üzrə aspiranturanı, habelə nəzəri aspiranturanı musiqişünas kimi bitirdikdən sonra klassik akademik repertuardan əsərlər ifa edib. Eyni zamanda o, Rusiyada, eləcə də dünyada muğam və caz-muğamını inkişaf etdirir.
Reytinq: