“Suvar” ləzgi xalq mahnı və rəqs ansamblının konserti olacaq
- 11.03.2023, 18:55,
- Mədəniyyət
Mayın 5-də Heydər Əliyev Sarayında “Suvar” ləzgi xalq mahnı və rəqs ansamblının, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Xalqlar dostluğu" adlı konserti təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə ləzgi xalq mahnıları ilə yanaşı bəstəkar mahnıları, bir-birindən gözəl və maraqlı rəqslər, tanınmış sənətçilərin çıxışları və yeni duetlər təqdim olunacaq.
Qeyd edək ki, “Suvar” ləzgi xalq mahnı və rəqs ansamblının əsası şair-bəstəkar Sədaqət Kərimova tərəfindən 1996-cı ilin iyununda Bakı şəhərində qoyulub. Ləzgi xalq mahnı və rəqslərini yaşatmağı qarşısına məqsəd qoyan kollektivin ilk konserti 1997-ci ildə Gənc Tamaşaçılar Teatrında keçirilib. Ansamblın repertuarına “Şarvilinin toyu”, “Şarvilinin istəklisinin tərifi”, “Ləzgi qı-zı”, “Peyker baxa”, “Pe-rizada”, “Dallay”, “Suna can”, “Adaxlı”, “Mahi dilbər an”, “Dağdakı yar”, “Şahsənəm”, “Dağlar”, “Sarı yarpaqlar”, “Şirin-şirin” və sair ləzgi xalq mahnıları daxildir. S.Kərimovanın bəstələdiyi 100-dən çox mahnı ansamblın repertuarını daha da zənginləşdirib. Onun “Lezginka çal”, “Assa”, “Qusar”, “Şahdağ çiçəyi”, “Sevgilim”, “Şamil dağı”, “Mənim doğma elim”, “Ana dili”, “Nənə”, “İstəkli yar” kimi mahnıları ansambla şöhrət gətirib. Kollektiv bir çox ölkələrdə konsertlər verib. 2009-cu ildə Türkiyənin TRT kanalının dəvəti ilə bu ölkədə olmuş kollektiv haqqında həmin kanal tərəfindən bir saatlıq film çəkilərək nümayiş etdirilib. Ansambl respublikamızda və onun hüdudlarından kənarda keçirilmiş bir sıra festivallarda maraqlı proqramlarla çıxış edib. 2011-ci ildə “Suvar” ləzgi xalq mahnı və rəqs ansamblı Türkiyənin Ankara şəhərində keçirilən Uluslararası Folklor Festivalında Azərbaycanı təmsil edib. Həmin il Mədəniyyət Nazirliyi tərəfindən ansambla “Xalq kollektivi” fəxri adı verilib.
Reytinq: