14:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
XEBERTV.AZ xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirildi ki, Rəqəmsal İdarəetmə Mərkəzi iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.
Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.
Diqqətə çatdırıldı ki, Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb.
Qeyd olundu ki, rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilərlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə işin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verildi.
Bildirildi ki, yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarnın yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq.
Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.
Prezident İlham Əliyev altıncı yaşayış məhəlləsinin təməlini qoydu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub.
Dövlət başçısına yaşayış kompleksi barədə məlumat verilib.
Qeyd edək ki, Zəngilan şəhərində quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də bu yaşayış kompleksidir. Kompleksin təməli 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən istifadə edilib.
Yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda “Azərenerji” ASC-nin “Sarıqışlar” Su Elektrik Stansiyasının açılışında iştirak edib.