
Bakıda kamandan oxatma çempionatı böyük uğurla başa çatdı-REPORTAJ
Bakıda, Azərbaycan Tibb Universitetinin “Təbib” idman mərkəzində, 13-16 yanvar tarixlərində keçirilən kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı ölkənin ən güclü oxatanlarını bir araya gətirdi. Dörd gün davam edən yarış idmançıların bacarıqlarını, səbrini və motivasiyasını sınadı, həm gənc, həm də təcrübəli oxatanların mübarizəsi əyani şəkildə müşahidə olundu. Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan çempionat peşəkarlıq və yüksək səviyyə ilə yadda qaldı.
13 yanvar: Sınaq atışları və məşqlər
Çempionatın ilk günü idmançılar sınaq atışları və məşqlərlə start götürdülər. Bu mərhələdə hər bir iştirakçının texniki və fiziki hazırlığı yoxlanıldı, məşqçilər və hakimlər idmançıların formasını və diqqətini qiymətləndirdi.
14 Yanvar: Rəsmi açılış və təsnifat mərhələsi
14 yanvar tarixində çempionat rəsmi açılış mərasimi ilə davam etdi. Tədbirdə Azərbaycan Kamandan Oxatma Federasiyasının rəsmiləri, Gənclər və İdman Nazirliyinin nümayəndəsi, hakim heyəti, məşqçilər və idmançılar iştirak etdi. Açılış mərasimi rəsmi nitqlər və motivasiya mesajları ilə yadda qaldı.
Rəsmi hissədən sonra təsnifat mərhələsi başladı. Böyüklər və U21 kateqoriyaları üzrə idmançılar 1/16,1/8 və 1/4 final mərhələlərinə vəsiqə uğrunda yarışdılar. Hər idmançı 18 metr məsafədən 120 ox ataraq final üçün gücünü sınadı.
15 yanvar: Seçmə turların gərginliyi
Çempionatın üçüncü günü-15 yanvar, yarışın 1/16, 1/8 və 1/4 final mərhələləri keçirildi. Bu mərhələdə idmançılar həm fiziki, həm də psixoloji bacarıqlarını maksimum nümayiş etdirdilər. Həm gənc, həm də təcrübəli oxatanlar finala vəsiqə uğrunda mübarizə apardılar.
“Azərbaycan Kamandan Oxatma Federasiyası” İctimai Birliyinin baş katibi Fərid Xəlilov bu mərhələnin əhəmiyyətini vurğuladı:
“Bu mərhələ idmançıların səbrini və konsentrasiyasını sınayır. U21 və böyüklər kateqoriyalarında gənc idmançılar təcrübəlilərə qalib gəlməklə öz bacarıqlarını göstərdilər. Bu, onların motivasiyasını artırır və gələcək uğurlar üçün ruhlandırır” .
Fərid bəyin dolğun müsahibəsi
Baş katib Fərid Xəlilov yarışın strateji və motivasion əhəmiyyətini belə izah etdi:
“Bu yarış federasiya və idmançılar üçün çox vacibdir. Gələn ay Bolqarıstanın Plovdiv şəhərində Avropa çempionatı keçiriləcək və biz hazırki yarışa maksimum hazıqlıqla gəldik. İdmançılar Avropa formatında təcrübə qazandılar. Dərhal sonra təlim-məşq toplanışı olacaq və fevralda artıq Avropada yarış başlayacaq. Yeni komanda ilə iştirak edəcəyik və xaricdən cəlb olunmuş mütəxəssis artıq idmançılarla çalışır, seçim mərhələsində böyük kömək edir”.
O həmçinin kamandan oxatmanın özünəməxsus xüsusiyyətlərini vurğuladı:
“Bu idman növü adrenalin üzərində qurulmur. Burada güc toplamaq, enerji və konsentrasiyanı birləşdirmək lazımdır. Rəqiblərlə rəqabət bir tərəfdə, əsas rəqib idmançının özüdür. Öz daxilində qalib gələnlər yüksək nəticələr göstərə bilirlər. Gənclərin təcrübəli rəqiblərə qalib gəlməsi motivasiya və ruh yüksəkliyinin nümunəsidir”.
Baş katib həmçinin fiziki və psixoloji hazırlığın vacibliyini belə qeyd etdi:
“Bir məşq zamanı idmançılar 400-500 ox atır. Fiziki hazırlıq olmasa, final mərhələlərində güc qalmır. Bu mövsümdən etibarən çempionatları daha çox mərhələyə bölmüşük-açıq və qapalı sahədə, kubok və super kubok formatında. Hər ay yarış olacaq, həm ölkədaxili, həm də xarici səviyyədə. Təlim-məşqləri isə idmançıları uzun yollarla yormadan, yüksək nəticələr üçün planlaşdırırıq”.
Olimpiya hazırlığına da toxunan federasiya rəsmisi bildirdi:
“2026-cı ildə artıq gənclərin olimpiya oyunlarına hazırlıq prosesini gedir və standartlara uyğun olaraq seçilmiş idmançılarımız var. 2028-ci il Los-Anceles Olimpiya oyunlarına hazırlıq da xaricdən cəlb olunmuş mütəxəssis tərəfindən aparılır. O, əslən gürcüdür və onun təcrübəsi Türkiyə, Özbəkistan və Gürcüstan federasiyalarında uğurla tətbiq olunub”.
Məşqçi və idmançıların müsahibələri
Məşqçi Fuad Allahverdiyev çıxışları belə şərh etdi:
“İki tələbəm idman ustası normasını yerinə yetirdi. Daha çox nəticə ola bilərdi, amma bu başlanğıcdır. Onlar çox gəncdirlər, qarşıda daha məsuliyyətli yarışlar var və biz hazırlıqlarımıza davam edəcəyik”.
Məhəmmədəli Əliyev, Azərbaycan çempionu finala inamla çıxaraq belə dedi:
“Artıq səkkiz ildir oxatma ilə məşğulam. Özüm idman ustasıyam. Yarış haqqında təəssüratlarım çox yaxşıdır”.
O həmçinin qələbə qazanacağımı inamla vurğulayaraq, bütün rəqiblərinə rahatlıqla qalib gələrək yarımfinala yüksəldiyini xüsusilə dilə gətirdi:
“Özümü qızıl finalda görürəm”.
Məhəmmədəli Əliyev həmçinin gələcək hədəflərindən də danışdı:
“Fevralın 16-da Bolqarıstanın Plovdiv şəhərində Avropa çempionatı keçiriləcək. Bu çempionatda həm şəxsi, həm də komanda hesabında iki medal qazanmaq əsas hədəfimdir”.
U21 kateqoriyası üzrə qadınlar arasında gümüş medal qazanan Fatimə Hüseynli və Azərbaycan çempionatının bürünc mükafatçısı Dilguşə Sadıqova müsahibə zamanı bildirdi ki, yarış gözlədiklərindən də yaxşı keçdi, onlar gələcək yarışlarda daha yüksək nəticələr göstərmək, konsentrasiyalarını qoruyub bacarıqlarını maksimum səviyyədə nümayiş etdirmək niyyətindədirlər”.
16 yanvar: Final mərhələsi
Yarışın sonuncu günü- 16 yanvar, final mərhələləri ilə yadda qaldı. Böyüklər və gənclər kateqoriyaları üzrə idmançılar maksimal bacarıqlarını nümayiş etdirdilər. Hər sessiyada konsentrasiya, fiziki hazırlıq və texniki bacarıq ön plana çıxdı.
Qaliblər və mükafat təqdimatı
Final səhnəsində qələbə sevincini və həyəcanı izləmək mümkün idi. U21 kateqoriyasında qadınlarda Fatimə Hüseynli qızıl medal, Aliyə Əliyeva gümüş, Lalə Almas isə bürünc medal ilə mükafatlandırıldılar.
Kişilər kateqoriyasında isə Sərdar Vəliyev qızıl, Nurlan Rəhimli gümüş, Anar Cavadzadə bürünc medal qazandı.
Azərbaycan çempionatı qadınlarda isə Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Dilguşə Sadıqova bürünc medal ilə mükafatlandırıldı. Kişilər kateqoriyasında qızıl medal Məhəmmədəli Əliyev, gümüş Nurlan Rəhimli, bürünc isə Hüseyn Məhərrəmov-a təqdim olundu.
Qaliblərə mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva və Azərbaycan Tibb Universitetinin Tədris İdman Mərkəzinin müdiri Qələndər Aslanov təqdim etdilər.
Billurə Hüseyn
www.facebook.com/story.php?story_fbid=4148313158765545&id=100007607041541&mibextid=wwXIfr&rdid=wS7GPMWD6fexaQ2S#














