Rusiya özü atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir.
XEBERTV.AZ xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində deyib.
“Bilirsiniz, təbii ki, bu mövzuda (Laçın yolu – red.) rusiyalı tərəfdaşlarımızla söhbət edirik. Və o söhbətdən asılı olmayaraq, bizim fərziyyələrimiz var. Və biz bu fərziyyələrdən danışanda Rusiyada baş verən bir sıra hadisələr də bizi tarixi paralellərə aparır.
Rusiya Federasiyası kifayət qədər uzun müddətdir ki, bizim regionda, Cənubi Qafqazdadır. Amma biz elə hallar görmüşük ki, bir gün, bir ay və ya bir ildə Rusiya Federasiyası Cənubi Qafqazı sadəcə olaraq tərk edib. İndi bir çox rusiyalı tərəfdaşımız Qərb dövlətlərinin Ermənistanla işləməsindən və ya Ermənistan hökumətini Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmağa yönəlmiş tədbirlər görməyə sövq etməsindən danışırlar. Amma biz rusiyalı tərəfdaşlarımızla danışanda bəzən deyirik, öz fikrimizi və qiymətləndirməmizi edirik ki, əksinə, Rusiyanın özünün atdığı və ya atmadığı addımlara görə bölgədən getdiyini görürük. Hansı səbəblərdən, biz bilmirik. Şərh verə bilərik, amma mən iddia edə bilmərəm. Spekulyasiya edə bilərdim, amma indi etməyəcəyəm. Aydındır ki, Laçın dəhlizi bizi çox narahat edir və maraqlandırır və bu, yeni deyil. Amma elə proseslər var ki, eyni ssenarinin təkrarlana biləcəyi haqda rəy yaradır ki, bir gün biz sadəcə olaraq ayılıb Rusiyanın burada olmadığını görəcəyik”, - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, Rusiya sülhməramlılarının nəzarətində olmalı olan “Laçın dəhlizi” indi iki səbəbdən Rusiya sülhməramlılarının nəzarətində deyil:
“Rusiya Federasiyası ya Laçın dəhlizinə nəzarəti saxlaya bilmir, ya da saxlamaq istəmir. Hər ikisi bizim baxımdan problemdir”.
Paşinyan Ermənistanın Qərbdə ruspərəst, Rusiyada qərbpərəst imicindən də bəhs edib:
“Görün bu vəziyyət Ermənistan üçün necə təhlükəlidir: Ermənistan formal olaraq - mən niyə “formal olaraq” deyirəm, çünki biz faktiki olaraq onun mexanizmlərindən istifadə edə bilməmişik - KTMT-nin, Avrasiya İqtisadi İttifaqının üzvüdür, Ermənistanın Rusiya Federasiyası ilə strateji tərəfdaşlıq müqaviləsi var və bu məntiqə görə bütün Qərb dövlətlərinin və ya ekspertlərin nəzərində Ermənistan rusiyayönlü ölkədir. Digər tərəfdən, Rusiyada bir çox dairələr Ermənistanı və ya onun indiki hakimiyyətini qərbyönlü hesab edir, çünki bizdə hökumət xalqın əksəriyyətinin səsi ilə formalaşıb. Bu gün buradakı mövqeyimizlə bağlı ən böyük problem ondan ibarətdir ki, əgər ruspərəstliyin potensial üstünlükləri varsa və ya qərbpərəstliyin hər hansı üstünlükləri varsa, Ermənistan rusiyapərəstliyin üstünlüklərindən yararlana bilmir, çünki ən azı Rusiyada Ermənistanı kifayət qədər rusiyapərəst hesab etmirlər. Məsələn, ona görə ki, onların nöqteyi-nəzərindən Ermənistan Ukrayna ilə bağlı Rusiyaya kifayət qədər dəstək vermir. Digər tərəfdən, Ermənistan qərbpərəstliyin mümkün üstünlüklərindən və ya faydalarından istifadə etmək iqtidarında deyil, çünki Qərbdə də hesab olunur ki, Ermənistan kifayət qədər qərbyönlü deyil”.