• 22:44 – Zelenski Makronla danışdı: "Miraj"lar tezliklə çatdırılacaq! 
  • 22:35 – "Buran"ı Rusiyaya verməyən iş adamı axtarışa verildi 
  • 20:45 – ABŞ yeni ballistik raketləri sınaqdan keçirib 
  • 20:41 – Mourinyo Ronaldonu "Fənərbağça"ya dəvət etdi 

TRAMP VƏ BALİNA




 


TRAMP VƏ BALİNA

Yəqin ki, başlıq, hər kəsə qəribə görünəcək, amma bir az səbrli olsanız, uyğunluğu və əlaqəni, özünüz də anlayacaqsınız.

Deməli, 1 həftə içində, dünyanın 2 fərqli yerində, 2 “təəccüblü” hadisə baş verdi: dünyanın hegemoniyasını əlində saxlamağa çalışan ABŞ-də: Tramp adlı, əcaib, aqressiv və savadsız bir şəxs, prezident seçildi. Azərbaycanda isə əcaib bir varlıq-Balina “göründü”!

Əvvəla, Trampdan başlayaq.

Əksər alimlərin, şərhçilərin proqnozlarının əksinə olaraq, ABŞ-də Kamala Harris yox, Donald Tramp prezident seçildi. Daha sonra hamı, alnını ovuşdurub, məsələnin sirrini çözməyə, amerikalıların nədən belə çılğın və aqressiv birisini, özlərinə rəhbər seçmələri üzərində baş sındırmağa başladı.

Əslində isə, məsələni çözmək üçün o qədər də baş sındırmağa ehtiyac yoxdu! Texnologiyanın əlində əsir-yesir qalan, əhvalı tez-tez dəyişən, səbrsiz günümüz insanları, daim yenilik, yeni əyləncə, “sevinc paketi” axtarır.

İnsanlar, o qədər səbrsiz olublar ki adicə 2 saatlıq bir filmi belə, izləməyə üşənirlər. Belə olanda da, öz maraq ehtiyaclarını ödəmək üçün daha qısa yoldan, daha rahat vasitələrə meyillənirlər. Yəni insanlar, hansısa şou-biznes nümayəndəsinin səfeh açıqlamaları, hansısa yeniyetmələrin “razborkası”, maşın xuliqanlarının maşınla rəqsi ya da hansısa ölkədəki qəribə olaylar və s. kimi şeylərlə baş qatırlar, maraq ehtiyaclarını ödəyirlər, bir sözlə, əylənirlər. Ən son, Bakıda “peyda olan” balinaya qarşı olan bu əcaib maraq və onun buraya necə gəlməsini açıqlamaq cəhdləri də, elə eyni şeyin, yəni maraq ehtiyacının nəticəsidir. İnsanlar, 1 saatlıq hansısa təbiət verilişini, bəlgəsəli izləmək yerinə, bir neçə saniyəlik, daha “real” və “yerli” versiyasını izləməyi üstün tuturlar. Sosial şəbəkələrdə, səhifə adminlərinin bilərək ya da bilməyərək, böyük şövqlə paylaşdıqları bu “şok” məlumata verilən reaksiyalarda, insanlar, ciddi-ciddi, bu balinanın, Bakıya necə gələ biləcəyini müzakirə edirdilər!  Bəli okeanda yaşayan balina, deyəsən, Aralıq dənizindən sahilə çıxıb, Türkiyədə qatara minib, Zəngəzur dəhlizi vasitəsilə dəmir yoluyla Bakıya gəlmişdi... Halbuki nəinki balina, heç insan belə, bu şəkildə Bakıya gələ bilməz, çünki “Zəngəzur dəhlizi” hələki işləmir!...

Balinanın “gəliş marşrutu” barədə verilən rəsmi açıqlamadan sonra, yəni “məsələnin sirri” çözüləndən sonra, hər kəs, heç nə olmamış kimi işinə davam etdi və sanki səhərdən bəri təəccüblənən, şoka düşən və “elmi izahlar” verən, bunlar deyilmiş...

Bəli, insanlarda, şokedici, qəribə bir şeyi tapma, axtarma ehtiyacı var. Əgər o balina, həqiqətən Xəzərdə yaşasaydı, insanlar üçün bu qədər maraqlı olmazdı. Məhz Xəzərdə yaşamadığı üçün insanlar, onun buraya necə gəlməsinə, öz aləmlərində izah verməyə çalışdılar.

Bəli, insanlarda bir “balina ehtiyacı” var. Məşhur filmimizdəki replikada olduğu kimi; “Sənə əjdaha lazımdı?...”

Elə pandemiya dövründə, ilk həftələrdə, insanların, bütün məhrumiyyətlərə və evə qapanmalara rəğmən, özlərini xoşbəxt hiss etmələrinin əsas səbəbi də bu idi ki, virusun timsalında, qəribə, izaholunmaz, həm də təhlükəli bir şey tapmışdılar. Hər kəs, öz tanışları ilə xısın-xısın müzakirə edirdi: “bu virus nədir, hardan gəlib, Amerikamı buraxıb, Çinmi buraxıb, məqsəd nədir, öləcəyikmi?”..

Lakin, 1-2 ay sonra, yəni, işin sirri çözüləndən sonra, əyləncələri əldən getdi və insanlar üçün pandemiya maraqsız oldu, beləliklə də, bu dəfə məhdudiyyətlərdən, qapanmaların çətinliyindən danışmağa başladılar.

Söhbətin əvvəlinə qayıdaq: Amerikalıların 2 namizəd içində daha aqressiv, daha çılğın, daha izaholunmaz hesab etdikləri bir namizədə-yəni Trampa üstünlük vermələri də məhz bu “balina ehtiyacı”ndan qaynaqlanır. Bəli, səbrsiz hər cəmiyyətə olduğu kimi, amerikalılara da əjdaha lazım idi və Kamala Harris, daha zəki, daha izaholunan, daha rasional olsa da, daha maraqsız olduğu üçün onun üstündən xətt çəkib, səfeh olduğu aşkar olan Trampı, qarşıdakı 4 il üçün tribunaya çağırdılar. Çağırdılar ki, onları ən azı 4 il əyləndirsin, təəccübləndirsin və streslərini çıxarsın...

Yəni bütün dünya alimlərinin, şərhçilərin neçə gündür üstündə baş sındırdıqları məsələnin izahı, əslində, sadədir: Amerikalılar, ona görə bu təlxəyi seçdilər ki, normal həyatdan zövq ala bilmirlər, onlara, asan, rahat bir əyləncə lazımdır! Axı əyləncə, həm də aradabir ekstrim, təhlükə yaşamaq deməkdir və təhlükəni də, Harrisindənsə, Trampın yaşatma ehtimalı daha çoxdu!

Bizim cəmiyyətin müzakirə üçün balinanı seçməyinin səbəbi də elə bax budur! Ekstrim və əyləncə! Axı balina bəlkə ölməyib, sağdır, birdən ağzını açıb, bizi “hopp” edə bilər!

Yoxsa o geydirmə balinadan başqa, o qədər fikrimizi verə biləcəyimiz, müzakirə edə biləcəyimiz məsələ var ki.... Sadəcə olaraq, əksəriyyətimiz, ən qısa yoldan, ən rahat şəkildə, bir neçə saniyəlik əyləncəyə meyilliyik! Nəinki uzun, qalıcı, düşündürücü, dərin şeylərə!

Gündəlik həyatda, bu və ya digər məsələdə biz daim “balinalar” axtarırıq, sadəcə xəbərimiz yoxdur! Hətta bəzi qadınların “vəhşi kimi xoşlayıram!” deyə hayqırmalarının səbəbi də budur: “balina ehtiyacı”! Onlara, izaholunan, sabit, mülayim xasiyyətli kişi yox, aqressiv, proqnozlaşdırıla bilməyən, təhlükəli kişi lazımdır!

https://xeberciniz.biz/2024/11/11/tramp-ve-balina/




Qeyd: yazının müəllifi, filosof-psixoloq Yunis Dürüst-dür.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →