
2025-ci ilin noyabr ayının 25-də Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-ləri Platforması təsis olunub. Platformanın fəaliyyətinin təşkil olunması üçün yaradılan katiblik daimi əsaslarla Azərbaycana həvalə edilib. Həmin platformanın baş katibi isə bir illik müddətə mən seçilmişəm.
XEBERTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin QHT-lərinin Platformasının baş katibi Azər Allahverənov deyib.
“Platforma Türk Dövlətləri Təşkilatının missiyasının ictimai diplomatiya kontekstində fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə qurulub. Nəticə etibarilə türk dünyasının inteqrasiyasının sürətləndirilməsi, xalqlararası münasibətlərin daha da sıx qurulması və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından bu təşəbbüs mühüm əhəmiyyət daşıyır. Platforma çərçivəsində 8 dövlətin qeyri-hökumət təşkilatları ortaq maraqlar və məsələlər ətrafında bir araya gətirilib. Bu isə əməkdaşlığın daha sistemli şəkildə qurulmasına imkan yaradıb.
Qısa müddət ərzində Azərbaycanda iki Həmrəylik Forumu təşkil olunub. Forumlararası dövrdə isə katibliyin təşəbbüsü ilə çoxsaylı ikitərəfli və üçtərəfli tədbirlər keçirilib. Artıq türk dünyasını əhatə edən bir sıra təşəbbüslər məhz həmin həmrəylik forumları çərçivəsində aparılan müzakirələrdə və bu müzakirələrin davamı olaraq həyata keçirilən birgə layihələrdə öz təsdiqini tapıb”.
Azər Allahverənov qeyd edib ki, hazırda 8 ölkənin qeyri-hökumət təşkilatları sosial, humanitar, iqlim, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə çoxsaylı birgə layihələrin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edirlər:
“Bu kimi fəaliyyətlər dövlətlərin və xalqların daha da yaxınlaşmasına, inteqrasiyanın sürətlənməsinə xidmət edir. Bu gün Bakıda keçirilən İkinci Həmrəylik Forumunda üç vacib panel müzakirəsi təşkil olunub. Bunlar Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan və Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti qeyri-hökumət təşkilatları arasında keçirilən panel müzakirələri olub.
Dördüncü əsas panel isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gənc liderlərinin təmsil olunduğu təşkilatların iştirakı ilə baş tutub. Paneldə türk dünyasının aparıcı qüvvəsi olan gənclərin qaldırdığı mühüm məsələlər müzakirə edilib”.
Deputat forumda qaldırılan məsələlərin hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıdığını və olduqca aktual olduğunu vurğulayıb:
“Xalqların yaxınlaşması, ortaq amal və mövqe ətrafında imkanların səfərbər olunması baxımından bu təşəbbüslərin uğurlu icrası üçün birgə fəaliyyətlərin sürətləndirilməsinə və miqyasının genişləndirilməsinə ciddi ehtiyac var.
Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının həm institusional, həm də əməliyyat müstəvisində fəaliyyətinin genişləndirilməsi vacibdir. Platformanın beynəlxalq müstəvidə daha geniş tanıdılması və 8 ölkənin hüdudlarından kənarda da fəaliyyət imkanlarının artırılması üçün zəruri addımların atılmasına ehtiyac olduğu xüsusi vurğulanıb.
Bütün bu yanaşmalar platformanın gələcək inkişaf strategiyasının əsas fəaliyyət istiqamətlərini və konturlarını müəyyənləşdirir. Gələcək fəaliyyətin də məhz bu əsasda qurulması planlaşdırılır”.
Qeyd edək ki, bugünkü forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edirlər.