• 17:28 – Bu tarixə qədər neft 150 dolları keçəcək: Dünya iqtisadiyyatı çökür 
  • 17:20 – Aprelin pensiya ödənişləri yekunlaşdı 
  • 17:17 – Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb 
  • 10:10 – Tramp 1 saat ərzində 7 bəyanat verib, heç biri doğru deyil... 

Paşinyan ermənilərə reallığı izah etdi: Anti-sülh koalisiyasının müharibə planı



Paşinyan ermənilərə reallığı izah etdi: Anti-sülh koalisiyasının müharibə planı


Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları, xüsusilə də “Qarabağ məsələsi bağlanıb, bunu davam etdirməməliyik” haqda dedikləri rəsmi İrəvanın sülh gündəliyinə uyğun mövqeyini açıq şəkildə elan edilməsi idi. Erməni cəmiyyətinə xitab edən Paşinyanın çatdırmaq istədiyi əsas mesaj belə idi: “sülh və müharibə” arasında seçim qarşısındadırlar və burada əsas qırmızı xətt Qarabağ məsələsidir.

Erməni baş nazir bəyan etdi ki, Qarabağ hərəkatı rəsmi şəkildə və xalq tərəfindən dayandırılıb. Bunun məntiqi davamı olaraq, Ermənistan Konstitusiyasında da ərazi iddiaları aradan qaldırılmalıdır.

“Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Son illərdə Qarabağ hərəkatının davam etməməsinin vacibliyindən danışıram. Əgər bu gün yeni Konstitusiya qəbul etsək və onun mətnində Müstəqillik Bəyannaməsinə istinad varsa, bu, Qarabağ hərəkatını davam etdirməyimiz deməkdir. Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenidən başlatdığımız deməkdir, əgər münaqişəni yenidən başlatsaq, artıq sülh mümkün olmayacaq”, - deyə o bildirib.

Paşinyan haqlıdır. Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi paraflandıqdan sonra xalqlar arasında etimad mühitinin yaradılması, ticarət əlaqələrinin qurulması istiqamətində praktiki addımlar atılır, eyni zamanda, Bakı və İrəvan bir çox məsələni birbaşa təmasla müzakirə edir. Bu, Cənubi Qafqaza onilliklər sonra sülhün gəldiyini əks etdirən mənzərədir. Lakin bunu məntiqi sonluğa çatdırmaq – yekun sülh sazişini imzalamaq üçün yeganə maneə aradan qaldırılmalıdır: Ermənistanın mövcud konstitusiyası dəyişdirilməli, yaxud yenisi qəbul olunmalıdır.

Ermənistanın 1995-ci ildə qəbul edilən Konstitusiyasında qeyd olunur ki, “dövlətin vəzifəsi 1990-cı ildə qəbul edilən Müstəqillik Bəyannaməsinin tələblərini yerinə yetirməkdir”. 12 bənddən ibarət olan Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhü mümkünsüz edir. Çünki bəyannamədə “Dağlıq Qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarı yerinə yetirilməlidir” tələbi əks olunur. Rəsmi Bakı haqlı olaraq, yekun sülh sazişinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan çıxarılması tələbini irəli sürüb. Rəsmi İrəvan da anlayır ki, Qarabağ məsələsindən imtina etmədən və ərazi iddialarının yer aldığı mövcud konstitusiyadan imtina etmədən real sülhü əldə etmək mümkün olmayacaq. Paşinyan ermənilərə bunu izah edir.

Və Ermənistan vətəndaşlarına seçim təqdim edir: “Seçim bizimdir, sülh, yoxsa münaqişə və fəlakətli dövrə qayıtmaq”.

Paşinyan izah edir ki, Qarabağ hərəkatı müstəqilliyin ilk günlərindən dövlətin qurulmasına mane olmaq və ölkənin təhlükəsizliyinə zərbə vurmaq üçün istifadə olunub. Bu gün də Qarabağ hərəkatını yenidən bərpa etmək istəyən var və 7 iyun parlament seçkiləri bu məsələdə həlledici məqamdır.

“Üçbaşlı partiya”nın (revanşist qüvvələr-red) seçkilərdə qələbəsi hərəkatın bərpası deməkdir. Biz isə “Real Ermənistan” ideologiyasına dayanırıq. Bu, Ermənistanın təhlükəsizliyinin təmin edilməsinin yeganə yoludur”, - deyən Paşinyan erməni xalqının qarşıdan gələn seçkilərdə iki yoldan birini, ya sülh, ya müharibəni seçəcəklərini vurğulayıb. O qeyd edib ki, Ermənistan vətəndaşları suveren dövlətin maraqlarına, təhlükəsizlik, rifah və sülhə diqqət yetirdikdə seçimlərini edəcəklər.

7 iyun parlament seçkiləri həm Ermənistanın gələcəyi, həm də regionda sülh perspektivləri üçün həlledici məqam olacaq. Bir tərəfdə sülh proqramından çıxış edən Paşinyan hakimiyyəti, digər tərəfdə isə müharibə çağırışları ilə seçkiyə gedən revanşistlər var. Revanşist qüvvələrin tərkibinə nəzər yetirdikdə birdən çox dəstənin birləşdiyi anti-sülh koalisiyanın olduğunu görmək olar.

- Keçmiş prezident Robert Koçaryanın “Ermənistan”, erməni əsilli rusiyalı milyarder Samvel Karapetyanın “Güclü Ermənistan”, Serj Sarkisyanın “Respublika” partiyaları və onların ətrafında birləşən qüvvələr;

- II Qriqoryan və dəstəsinin rəhbərlik etdiyi kilsə;

- Xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporu/lobbisi;

- Bu qüvvələrə “siyasi investisiya” qoyaraq, sülhü pozmağa çalışan regional qüvvələr.

Anti-sülh koalisiyasının seçkilərdə qalib gəlməsi regional təhlükəsizliyi təhdid edir:

Birincisi, revanşistlər qalib gələcəkləri təqdirdə Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişi layihəsini yenidən nəzərdən keçirəcəklərini bəyan ediblər: onların seçki kampaniyası da əsasən Qarabağ iddiaları üzərində qurulub;

İkincisi, bu qüvvələr hakimiyyətə gəlsələr, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistanın mövcud Konstitusiyasının dəyişdirilməsindən imtina edəcəklər;

Revanşistlərin qələbəsi Bakı-İrəvan xəttində əldə olunan sülh gündəliyinin arxa plana keçməsi, keçmiş Qarabağ münaqişəsini yenidən “diriltmək” cəhdlərinin aktivləşməsi deməkdir ki, bu da regionda eskalasiya riskləri yaradır. Paşinyan hakimiyyətinin qələbəsi isə əldə olunan sülh gündəliyinin davam etdirilməsi və məntiqi sonluğa çatdırılması deməkdir ki, bu da təkcə Ermənistanın yox, bütövlükdə regionun gələcəyi baxımından vacibdir. Paşinyan erməni cəmiyyətinə məhz bunları izah etdi.

Müəllif: Asif Nərimanlı


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →