Marneulidə Novruz bayramı qeyd olunub
- 21.03.2023, 01:26,
- Mədəniyyət
Martın 21-də Gürcüstanın Kvemo Kartli bölgəsinin Marneuli rayonunda Novruz bayramı qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bayram şənliyində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, hökumət təmsilçiləri, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri - Faiq Quliyev, Ali Kaan Orbay, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Baş nazir və digər rəsmi şəxslər əvvəlcə Marneulinin mərkəzində Novruz bayramı ilə əlaqədar təşkil olunmuş guşələri ziyarət ediblər. Daha sonra Novruz tonqalını alovlandırıblar.
Baş nazir İrakli Qaribaşvili ölkənin azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib, Novruzu qeyd edən insanlara cansağlığı, sülh və tərəqqi arzulayıb.
Hökumət başçısı deyib: “Bu gün hamınızı təbrik etmək istəyirəm. Əziz etnik azərbaycanlı həmvətənlərimizi, qardaşımız Azərbaycanı, Türkiyəni, bu bayramı qeyd edən hər kəsi təbrik edirəm. Vətəndaşlarımıza əmin-amanlıq, firavanlıq, daha çox bərəkət, xalqımıza daha çox sevinc, sabitlik arzulayıram. Azərbaycanlı həmvətənlərimizə, çox zəhmətkeş insanlara, çox ziyalı insanlara böyük hörmət və məhəbbətimi ifadə etmək istəyirəm və bir daha qeyd etmək istəyirəm ki, bu gün sülh, firavanlıq, sevinc, bütün insanlarla bağlı olması ilə simvolikdir. Ölkəmizin bu gün möhkəm birliyə ehtiyacı var və ən yaxşısı odur ki, biz buna nail olmuşuq. Bir daha hamınızı təbrik edirəm”.
Reytinq: