• 19:38 – Makrondan bəyanat: "Çox vacib bir anın astanasındayıq - Avropa İttifaqı məhv ola bilər" 
  • 19:23 – Bakı metrosunda FACİƏ - Sərnişin qatar yoluna düşdü 
  • 19:18 – İlham Əliyev Zəngilanda... 
  • 19:21 – Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Romada konfransda təmsil olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Romada konfransda təmsil olunur

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Avropa İqtisadi Komissiyasının “Bütün yaşlar üçün dayanıqlı dünya: ömürboyu həmrəylik və bərabər imkanlar üçün qüvvələrin birləşdirilməsi” mövzusunda Roma şəhərində (İtaliya) keçirilən Nazirlər Konfransında iştirak edir.

Nazirlikdən verilən məlumata görə, konfransda çıxış edən A.Əliyev ahılların hüquqlarının, sosial müdafiəsinin Azərbaycan hökumətinin prioritet fəaliyyət istiqamətlərindən olduğunu, ölkəmizin iqtisadi-sosial nailiyyətlərini diqqətə çatdırıb. O, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasətin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə uyğun olduğunu bildirib. COVID-19 pandemiyası dövründə ölkəmizdə hökumətin kompleks sosial dəstək tədbirlərinin 5 milyona yaxın insanı əhatə etdiyini vurğulayıb.

A.Əliyev bildirib ki, 2018-ci ildən Azərbaycanda 4 milyon insanı əhatə edən 3 sosial islahat paketi həyata keçirilib, bunun üçün əlavə olaraq illik 6 milyard manat (təxminən 3,5 milyard ABŞ dolları) vəsait ayrılıb. Son 4 ildə ölkədə sosial ödənişlər 2,7 dəfə, minimum pensiya 2,2 dəfə, minimum əmək haqqı 2,3 dəfə, orta əməkhaqqı 41 faiz, orta pensiya 75 faiz artıb.

Yeniliyi ilə unikal olan DOST layihəsi Nazirlik tərəfindən 154-dən çox növdə sosial xidmətin göstərilməsində tam şəffaflığı, operativliyi və rahatlığı təmin edir, bu xidmətlərdən vətəndaş məmnunluğu 98,8 faizdən yuxarıdır. “Gümüşü DOST” proqramı isə yaşlı nəslin könüllülük fəaliyyətinə cəlb olunmasında xüsusi önəm kəsb edir.


Nazir müavini 2018-ci ildən nazirlik tərəfindən sosial xidmətlərin tam avtomatlaşdırılması işlərinin aparıldığını, qurum üzrə 173 xidmətdən 110-nun e-platformada, o cümlədən 48-nin proaktiv qaydada təqdim edildiyini deyib. 388 min pensiya, sosial müavinət və digər sosial ödənişlərin müraciət və sənədlər təqdim edilməsinə ehtiyac olmadan e-qaydada təyin olunduğunu, “e-sosial” portalının əhəmiyyətini diqqətə çatdırıb.

A.Əliyev ahıllarla bağlı BMT İnkişaf Proqramı, BMT Əhali Fondu və s. kimi beynəlxalq qurumlarla birgə layihələri qeyd edib. BMT Əhali Fondu ilə müştərək layihə çərçivəsində ölkəmizdə Aktiv Yaşlanma İndeksi hazırlanaraq istifadəyə verildiyini bildirib.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu tərəfindən ölkəmizin ərazilərinin Ermənistanın 30 illik işğalından azad edildiyini bildirən nazir müavini həmin ərazilərin yaşıl enerji zonalarına çevriləcəyini, smart konsepsiyalar əsasında yenidən qurulmaqda olduğunu diqqətə çatdırıb.

Konfransda növbəti 5 il üçün fəaliyyət prioritetlərini müəyyən edən, üzv dövlətlərin Yaşlaşma üzrə Madrid Fəaliyyət Planı və onun Regional İcra Strategiyası üzrə öhdəlikləri əks etdirən Nazirlər Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →