
BAKI-XEBERTV.AZ
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı”elan olundu
Bakı beynəlxalq idman təqvimində yeni status qazandı. “Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib. Bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə “Dünya İdman Paytaxtı” elan olunub.
Bu münasibətlə Bakıda rəsmi təqdimetmə mərasimi keçirilib. Təqdimetmə mərasimi Bakının idman sahəsində uzunmüddətli strategiyasının və beynəlxalq etimadının göstəricisi kimi qiymətləndirildi. Rəsmi çıxışlarda paytaxtın iri idman tədbirlərinə ev sahibliyi təcrübəsi və mövcud infrastrukturu vurğulandı.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında qeyd edib ki, “Dünya İdman Paytaxtı titulunun Monakodan Bakıya təhvil verilməsi böyük idman hadisəsidir. Bakı uzun illərdir Formula1, ilk Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi böyük yarışlara ev sahibliyi edib. Fəxr edirik ki, bu status rəsmi olaraq bizə təhvil verilir. Hər kəsi bu münasibətlə təbrik edirəm”.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimdə Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) rəhbər heyəti də təmsil olunub.
ACES-in prezidenti Can Françesko Lupatelli, baş katib Huqo Alonso, həmçinin 2025-ci ilin Dünya İdman Paytaxtı olan Monako Knyazlığının sabiq təhsil, gənclər və idman naziri İzabelle Klaudio Aline Bonnal mərasimə qatılanlar sırasında yer alıblar.
Qeyd edək ki, “Dünya İdman Paytaxtı”statusu hər il Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası tərəfidən müəyyən edilir. Qurumun qərarına əsasən, 2026-cı ildə bu titul Bakıya həvalə olunub və keçirilən mərasimlə rəsmi xarakter alıb.
Billurə Hüseyn


