Şair-publisist Raziyə Kamilqızının qələmə aldığı “Vətənin Ölməz Səsi” kitabının təqdimatı bir ədəbi hadisədən daha çox, milli yaddaşımızın, şəhidlərimizin ruhunun və gələcək nəsillərə ötürüləcək müqəddəs bir mirasın təntənəli anı idi. Azərbaycanın igid və unudulmaz oğullarından biri, Milli Qəhrəman Asif Məhərrəmov – Fred Asifin əziz xatirəsinə həsr olunmuş bu tədbir salona toplaşan hər kəsin qəlbində həm qürur, həm də kövrək duyğular oyatdı. Çünki bu kitabda yalnız bir qəhrəmanın döyüş yolu deyil, bütöv bir xalqın azadlıq uğrunda verdiyi mübarizənin salnaməsi yazılmışdır.
Təqdimatda şəhid analarının kövrək sözləri, qazilərin ürəkdən gələn xatirələri, ziyalıların dərin təəssüratları bir daha göstərdi ki, Fred Asifin adı xalqımızın yaddaşında əbədi yaşayacaq. Onun yaralı əsgərləri ziyarət etməsi, onlara qardaş qayğısı göstərməsi insanın qəlbində dərin iz buraxırdı. Bu, sadəcə döyüş meydanında göstərilən igidlik deyildi, həm də insaniyyətin, mərhəmətin və vətən sevgisinin zirvəsi idi. Azərbaycanın ilk könüllü batalyonlarından birinin yaradıcısı Xudu Xuduyev Fred Asifin qəhrəmanlıqlarından danışaraq onun döyüş yolunu bir daha xatırlatdı. Ədalət Məhərrəmov isə Fred Asifin döyüş yoldaşlarına qardaş kimi münasibət göstərdiyini vurğuladı. Bu sözlər salonda olan hər kəsdə qürur və fəxarət hissi oyatdı. Kitabın işıq üzü görməsində dəstəyinə görə Leyla Əhmədovaya minnətdarlıq bildirildi.
Raziyə Kamilqızının qələmə aldığı bu əsər yalnız Asif Məhərrəmovun deyil, bir neçə digər Milli Qəhrəman və şəhidlərimizin də həyat yoluna işıq salır. Onların əziz xatirəsi bu kitabda yaşadılır, oxucunu həm qürurlandırır, həm də kövrəldir. Bu yazılar bir daha sübut edir ki, azadlıq şəhidlərin qanı ilə yazılan müqəddəs bir dastandır. Artıq azad Qarabağ torpaqlarında çiçəklənən həyat, şəhidlərimizin ruhunu şad edir. Fred Asif kimi qəhrəman oğullarımızın ruhu göylərdən azad torpaqlarımıza baxaraq sevinir. Çünki şəhidlər ölmür, onların ruhu cənnətdə əbədi məskən tapır.
Bu təqdimat bir daha göstərdi ki, qəhrəmanlıq yalnız döyüş meydanında deyil, həm də insanın vicdanında, mərhəmətində və vətənə bağlılığında təcəssüm edir. “Vətənin Ölməz Səsi” kitabı bir ədəbi əsərdən daha çox, milli ruhun, vətən sevgisinin və qəhrəmanlığın fəlsəfi manifestidir. Oxucu bu kitabı vərəqlədikcə, hər sətirdə bir igidin nəfəsini, bir şəhidin ruhunu, bir xalqın azadlıq hayqırtısını duyur. Bu kitab oxucunu düşündürür, ona bir daha xatırladır ki, azadlıq təsadüf deyil, şəhidlərin qanı ilə yazılmış müqəddəs bir hekayədir.
Allah bütün şəhidlərimizin ruhunu cənnətdə əbədi etsin, qazilərimizə sağlam can versin. Ali Baş Komandanımız, Prezident İlham Əliyevə isə bu müqəddəs yolda daha böyük zəfərlər nəsib etsin. Vətənimizin igid oğulları ilə qürur duymaq, onların ruhunu yaşatmaq hər birimizin borcudur. Bu kitab isə həmin borcun ən parlaq ifadəsi, milli yaddaşımızın ölməz səsi oldu. Vətən torpağı azad nəfəs alırsa, bu, Fred Asif kimi qəhrəmanların ruhunun işığıdır. Onların adı göylərdə ulduz, torpaqda nur, xalqın qəlbində isə əbədi bir səsdir. Bu səs – Vətənlə birgə əbədi yaşayanların səsi – gələcək nəsillərə yol göstərəcək, azadlığın, qürurun və fəxarətin əbədi nəğməsi kimi yaşayacaq.
Mövsümağa Ədalətoğlu
AJB-nin üzvü
yazıçı-publisist
/44gunsavash.az