• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı


 

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı



"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür" – Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev.


“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. 


Məlum olduğu kimi, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir. Bu işğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokostsoyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 

260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir: belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi. Bu, mülki əhaliyə qarşı aparılmış bir cinayət idi. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı cinayətinin aşağıdakı elementlərinin mövcudluğu müəyyən edilmişdir:


·         öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət actus reus (əməlin obyektiv tərəfi);


·         cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qrupun mövcudluğu;


·         irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırımı niyyəti.


 İstintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün aşağıdakı əsasların mövcud olduğu müəyyən edilmişdir:


·         qrupu tam olaraq və ya qismən məhv etməyə yönəlmiş niyyətin mövcudluğu üzrə birmənalı və əsaslı sübutlar;


·         məhv etmə halının Xocalıda baş verməsi müəyyən edilmiş qrupa tam olaraq nəticələr yaratması üçün “kifayət” etməsi;


·         cinayətin xüsusi coğrafi məkanda törədilməsi.


Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə 

şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Justice for Khojaly informasiya portalı Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri:


·         Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi;


·         Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi;


·         Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması;


·         Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması;


·         Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması.


 Xocalı vəhşilikləri haqqında xarici jurnalistlərin yazıları:


·         Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu.”


·         Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.”


·         Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.”


·         Xocalı faciəsindən sonra o dəhşətli hadisələri lenta alan Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.


·         Tayms qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.”


·         İzvestiya (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.”


·         Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.”


·         R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.” və s.


2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş  

Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.


Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!... Qarabağ Azərbaycandır!...



                                                                                                                               



  

                                                                                                                           Hörmətlə,


Müşfiq Ənvər oğlu Əliyev                                                                                                                                


                                         Azərbaycan Respublikası                                                                                                      


                            Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,                                                                       


Qarabağ müharibəsi veteranı, qazi.                                                                                


  BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.                                                                                             



 

 

 

 

 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →