
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni raket hücumları dalğasının başladığını elan edib.
XEBERTV.AZ bu barədə ISNA-ya istinadən xəbər verir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti İranın strateji hava hücumundan müdafiə sistemlərinə zərbələr endirmək üçün genişmiqyaslı əməliyyat keçirildiyi barədə məlumat yaymışdı. Hədəflərdən biri İranın qərbində, Kirmanşah bölgəsində yerləşdirilmiş müasir "SA-65" HHM sistemi olub.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 70 nəfər həlak olub, daha 80 nəfər isə yaralanıb.
Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.