• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Xaçmazda şəhid Rəvan Şahmuradovun xatirəsi əbədiləşdirilib

Xaçmazda şəhid Rəvan Şahmuradovun xatirəsi əbədiləşdirilib

Xaçmaz rayonunun Şərifoba kəndində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Rəvan Şahmuradovun xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi istifadəyə verilib.

Artilleriyaçı Rəvan Şahmuradov Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qəhrəman döyüşçü göstərdiyi şücaətə görə ölümündən sonra bir orden və dörd medalla təltif edilib.

Kompleksin açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, Rəvanın döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Anım mərasimində çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, Rəvanın döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər.

Bildirilib ki, şəhid Şahmuradov Rəvan Dilşad oğlu 1999-cu il iyulun 14-də Xaçmaz rayonunun Şərifoba kəndində dünyaya göz açıb. Cəsur əsgər Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Topçu Rəvan Füzuli, Cəbrayıl istiqamətindəki döyüş mövqelərinin düşməndən azad olunmasında fəal iştirak edib. Döyüşlərin birində Rəvan dəqiq top atəşi ilə düşmənin canlı qüvvə və silah-sursat daşıyan avtomobil karvanını darmadağın etməyi bacarıb.

Qəhrəman döyüşçü sentyabrın 29-da Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb. Yanında mərmi partlaması nəticəsində ağır yaralanan Rəvan Bakı şəhərində hospitala yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qəhrəman topçu şəhidlik zirvəsinə ucalıb.

Qəhrəman döyüşçü ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rəvanın böyük qardaşı Rəşad Şahmuradov da Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərdə iştirak edib.

Kompleksin açılış mərasiminə qatılanlar şəhidin kənd qəbiristanlığındakı məzarını ziyarət edib, qəhrəman döyüşçünün xatirəsini ehtiramla anaraq ruhuna dualar oxuyublar.

Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →