Bakıda Avropa mətbəxinin ləzzət səyahəti – III “Avropa Təamları” Kulinariya Festivalı keçirilib
Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və üzv dövlətlərin səfirliklərinin birgə təşkilatçılığı ilə üçüncü “Avropa Təamları” kulinariya festivalı baş tutub. Tədbir Avropa Oyunlar Parkında açıq havada keçirilib və əsas məqsəd Avropa mətbəxinin zənginliyini Azərbaycan ictimaiyyətinə nümayiş etdirmək olub.
Aİ-nin müvəqqəti işlər vəkili Gediminas Varanaviçius festivalın açılışında çıxış edərək, bu il tədbirə Ukraynanın xüsusi qonaq kimi dəvət edilməsindən məmnunluq duyduğunu bildirib. O, vurğulayıb ki, Azərbaycana səfər edən əcnəbilər ölkənin kulinariya ənənələrindən və qonaqpərvərliyindən heyran qalırlar.
Diplomat qeyd edib ki, festival çərçivəsində kənd təsərrüfatının inkişafına yönəlmiş Aİ layihəsinin nəticələri də təqdim olunur. 25 milyon manat dəyərində olan bu layihə vasitəsilə Lənkəran-Astara iqtisadi bölgəsində fəaliyyət göstərən təxminən 4 min fermer məhsuldarlığı artırmaq məqsədilə dəstək alıb, 30-a yaxın istehsalçı qrupu isə yeni kənd təsərrüfatı texnikası ilə təmin edilib.
Festivalda Belçika, Fransa, Yunanıstan, Litva, Polşa, Slovakiya, İspaniya, İsveç və Ukrayna səfirlikləri qonaqlara öz milli mətbəxlərini təqdim ediblər. Aİ Nümayəndəliyinin stendində tanınmış qida blogerləri Elmira Qədirova və Nəzakət Cəfərova ustad dərsləri nümayiş etdiriblər. Yerli fermerlər isə Aİ layihələrinin dəstəyi ilə istehsal etdikləri orqanik məhsulları satışa çıxarıblar.
Tədbir zamanı viktorinalar və müsabiqələr təşkil olunub. Qaliblər Aİ Nümayəndəliyinin nəşr etdirdiyi və ittifaqa üzv 27 ölkədən ənənəvi reseptlərin Azərbaycan dilinə tərcümə edildiyi “Avropa Təamları” kitabı ilə mükafatlandırılıblar. Kitab həmçinin nümayəndəliyin rəsmi veb-səhifəsində elektron formada da əldə oluna bilər.
Festival çərçivəsində xüsusilə Fransa stendi izləyicilərin diqqətini çəkib. Xəbərtv.az saytına eksklüziv müsahibə verən Fransanın Azərbaycandakı səfiri Sofi Laqut media nümayəndələrinə açıqlamasında Azərbaycan mətbəxinə olan təəssüratlarını bölüşüb:
“Azərbaycana yaxın zamanda gəlmişəm və buranın zəngin mətbəxini tədricən kəşf edirəm. İndiyə qədər dadına baxdığım yeməklər arasında sac, kabab, manqal və paxlava mənim çox xoşuma gəlib”, – deyə səfir bildirib.
O həmçinin əlavə edib ki, Azərbaycan dilini öyrənməyə başlayıb və bu prosesdən böyük zövq aldığını bildirib.
“Azərbaycan dilini öyrənməyə başlamışam. Hələ başlanğıc mərhələsindəyəm, amma dilin quruluşu və sözlərin birləşmə tərzi mənə çox maraqlı gəlir. Bu dili çox bəyənirəm”, – deyə Sofi Laqut vurğulayıb.
Müəllif: İsmayıl Zaman