• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Iki ildir, azadlığına qovuşan Laçının yeni inikişaf dövrü başlamışdır.

Iki ildir,  azadlığına qovuşan Laçının yeni inikişaf dövrü başlamışdır.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.
Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.
Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.
Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.
Noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən Laçın heç bir itki vermədən işğaldan azad edilib.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Qeyd edək ki, Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu.
Xatırladaq ki; Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilib. Həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü.
Qeyd etmək yerinə düşər ki, Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. Nəhayət, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi.
Ermənilər Laçını tərk edərkən vandallıq törədiblər
Bu məqamda vurğulayaq ki, düşmənlərimiz əsrlər boyu bizə, torpaqlarımıza, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandallığı son günlər bir daha təkrarladılar. Belə ki, Ağdamda və Kəlbəcərdə olduğu kimi, Laçında da oranı tərk edən ermənilərin vandallığından bütün dünya xəbər tutdu. Məlumat üçün bildirək ki, bir neçə gün öncə Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun Ermənistan tərəfindən işğalından sonra orada qeyri-qanuni məskunlaşmışdı.
Yeri gəlmişkən, Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Halbuki bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğalı dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunub. Bir sözlə, bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.
Laçının iqtisadi potensialı yüksəkdir.
Onu da bildirək ki, Laçın rayonu respublikanın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun reylefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq və s.), subalp və alp çəmənliklərindən ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən mülayim-isti, soyuq iqlim, Qarabağ yaylasında isə dağ-tundra iqlimi üstünlük təşkil edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.
Rayonun meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə Ermənistan tərəfindən məhv edilib. Laçında 10 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınıb. Bunlardan 8 ədədi rayonun Malxələf kəndindədir, ən yaşlı ağacın diametri 210 sm, hündürlüyü 26 metr, yaşı isə 400 il təşkil edib. Rayon ərazisində ümumi sahəsi 1092 ha olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidələri kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib. Burdakı ağacların yaşı 100-150 ilə çatır.
Eyni zamanda rayon ərazisində 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir. Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 m hündürlükdə, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbəyinə yaxın 240 hektar ərazidə yaradılıb. Gölün dərinliyi 5-6 metr olmaqla vulkanik mənşəlidir. Qaragölün əsas biokütləsində Gammarus lacustris şirinsu xərçəngi mühüm yer tutmaqla qiymətli balıq növü olan Qızılxallı balıq (forel) üçün yem bazası hesab olunub. Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil, aerokosmik şəkillərdən gölün tamamilə quruduğu müşahidə edilib. Ətraf çəmənliklərin bitki örtüyü sistemsiz olaraq intensiv otarılmaqla korlanıb.
Laçın Dövlət Təbiət Yasaqlığı isə 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20000 hektar ərazidə yaradılıb. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), Şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700-2200 m), subalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlarına ayrılır. Sahəsinin 7369 ha və ya 34,5 faizi meşə sahəsi, 1448 və ya 6,8 faizi alp çəmənliyi, 7400 ha və ya 34,8 faizi subalp çəmənliyi, 4257 ha və ya 20 faiz otlaqlar, 862 və ya 4 faiz qayalar və uçqunlar, 34 ha isə xüsusi təyinatlı torpaqlardır. Burada Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən heyvan növlərindən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb. Meşələri əsasən, vələs, cökə, ağcaqayın və s. qarışıq tip meşələrdir. Yasaqlığın ərazisindəki Hacısamlı meşəsində dünyada qiymətli sayılan Qırmızı palıdın (Qızıl palıd) təbii arealı mövcud olub. Bu ağac Azərbaycan Respublikasında, ancaq həmin yasaqlıqda yayılıb.
Həmin bölgədə ən böyük çaylardan olan Həkəriçay da Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən axaraq Araz çayına tökülür. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci ən böyük çayı olub, qar, yağış və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 1180 km2, uzunluğu 113 km, çoxillik orta su sərfi 10,8 m3/san, illik axımın həcmi 341 mln.m3-dir. Ağsuçay isə Laçın rayonu ərazisinə daxil olur və Həkəri çayına tökülür. Axımı əsasən, qar və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 88 km2, uzunluğu 25 km-dir.
Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göldən Laçın rayonu ərazisində yerləşən Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl böyük antropogen təsirə məruz qalıb.
Qeyd edək ki, Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.
Onu da bildirək ki, Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 3-ü ölkə əhəmiyyətli memarlıq, 8-i ölkə əhəmiyyətli arxeoloji, 47-si yerli əhəmiyyətli memarlıq, 3-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 3-ü yerli əhəmiyyətli arxeoloji, 9-u dekorativ-tətbiqi sənət nümunələri (xalq daş heykəltaraşlıq) abidələridir. Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi, Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.
Ümumilikdə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək.
Beləliklə, son da bir daha vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Böyük qələbənin rəmzi olan və Şuşaya çəkilən Zəfər yolu artıq başa çatmaq üzrədir. Şuşada, Cıdır düzündə 27 ildən sonra ilk Novruz tonqalının alovlandırılması, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Aeroportunun uçuş-eniş zolağının istifadəyə verilməsi, Zəngilanda “ağıllı kənd”in inşasına başlanması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığını göstərir.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. ‘’Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğularaq, yenidən canlanaraq, dirçəlirik.
Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →