Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlıya hökm oxunub. Hökmə əsasən, o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
XEBERTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə qərarı bəlli olandan sonra, sosial şəbəkələrdə hökmlə bağlı müzakirələr aparılır.
Meyxanaçının belə cəza almasına üzülənlər də var, cəzanın yüngül olduğunu düşünənlər də.
Ancaq unudulan bir məqam da var: cinayət heç vaxt cəzasız qalmır!
Bundan başqa, Rəşad Dağlının amnistiyaya düşüb-düşməyəcəyi ilə bağlı müzakirələr də aparılır. Bir çoxu onun tanınmış meyxanaçı olması fikrini irəli sürür və buna görə gələcəkdə vaxtından əvvəl azadlığa çıxa biləcəyini ehtimal edir.
Bu söz-söhbətlərdə ən çox müzakirə olunan məsələ isə onun cəzasının sonluğunda yer alan 6 aylıq müddətdir. Bəziləri isə iddia edir ki, əgər cəzada 6 aylıq müddət varsa, həmin şəxsə amnistiya aktı tətbiq edilə bilməz.
Məsələyə Vəkillər Kollegiyasının üzvü, hüquqşunas Toğrul Vəliyev münasibət bildirib. O, “Qafqazinfo”ya açıqlamasında cəzanın sonluğunda yer alan 6 aylıq müddətlə bağlı müzakirələrin əsassız olduğunu qeyd edib:
“Hər hansı bir cəza təyin olunarkən cəzanın sonluğunda 6 ay və ya hər hansı bir ay olaraq əlavə edilibsə, belə fikirləşirilir ki, həmin şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə və ya amnistiya aktı tətbiq oluna bilməz. Xeyr, bu belə deyil. Çünki cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən Cinayət Məcəlləsinin 76-cı maddəsinə istinad edilir. Xüsusi ilə ağır olan cinayətə görə məhkum edilmiş şəxs cəzasının 3/4 hissəsini çəkdikdən sonra, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər.