• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Qida sahəsində laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilinə başlanılır

Qida Təhlükəsizliyi İnstitutu ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilinə başlayıb. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən təşkil olunan sınaqların məqsədi özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, səriştəlilik sınaqlarında iştirakçıların fəaliyyəti laboratoriyalararası müqayisə yolu ilə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir. Sınaqlar "ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr həmin standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.

Səriştəlilik sınaqlarının təşkilinə başlanması ilə əlaqədar Qida Təhlükəsizliyi İnstitutunun saytında (www.afsi.gov.az) “Səriştəlilik sınaqları” adlı bölmə yaradılıb. Bölmədə ay ərzində həyata keçirilməsi nəzərdə tutulan səriştəlilik sınaqlarının siyahısı və laboratoriyaların həmin sınaqlarda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması (Mikrobioloji sınaqlar)”, “Proqram”) yerləşdirilib. Belə ki, laboratoriyalar keçirilməsi planlaşdırılan səriştəlilik sınaqları və onların proqramı ilə sayt vasitəsilə tanış ola biləcəklər. Sınaqlarda iştirak etmək istədikdə saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq info.pt@afsa.gov.az elektron poçtuna göndərilməlidir. Fevral ayında nəzərdə tutulan salmonella sınağında iştirak üçün son müraciət tarixi fevralın 10-u müəyyən olunub. Müraciətlər qəbul edildikdən sonra iştirakçılara elektron poçt vasitəsilə individual laboratoriya nömrəsi və digər məlumatlar göndəriləcək. Sınaqlar yekunlaşdıqdan sonra nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanılmalıdır.

Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində institutun rəsmi saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfedensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq. Laboratoriyalar səriştəlilik sınaqları haqqında daha ətraflı məlumatı institutun rəsmi saytından əldə edə bilərlər.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə həmin Qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →