• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Azərbaycanın strateji hədəfləri BƏƏ ilə münasibətlərin inkişafını zərurətə çevirir

Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin 2023-cü il üzrə rəsmi açılış mərasiminə dəvət edilməsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Azərbaycanın dövlət başçısına etimad jestidir. 2008-ci ildə təsis edilmiş Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın iqtisadi inkişafının təmin edilməsini hədəfləyən beynəlxalq platformadır. Bu platforma hədəflərinə çatmaq üçün qlobal əməkdaşlıq, iqtisadi inkişaf, innovativ texnologiyalar üzrə proqramlar qurur. Eyni zamanda, dünyada təsir imkanları ilə seçilən dövlət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri bir araya gətirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Ekspert bildirib ki, platformanın 2023-cü il toplantısında 150 ölkədən nümayəndə iştirak edib. Ölkəmizin mühüm beynəlxalq proqramların, qlobal miqyaslı enerji, nəqliyyat, təhlükəsizlik layihələrinin müəlliflərindən biri olması Prezident İlham Əliyevi Dayanıqlılıq Həftəsi platforması üçün zəruri şəxsə çevirdi.

“Birləşmiş Ərəb Əmirlikləri ərazisi (83,5 min kvadrat kilometr), əhalisi (8 milyon nəfər), təbii resursları (neft/qaz) və tarix, din baxımından Azərbaycana yaxındır. Mövcud suveren dövlət tipinin əldə edilməsinin tarixi 20-ci əsrin ikinci yarısına təsadüf edir. Hər iki ölkənin əsas gəlirləri neft və qaz sənayesi üzərində qurulub. Həmçinin hər iki ölkə neft ixracından əldə edilən gəliri təhsil, səhiyyəyə, milli infrastrukturun inkişafına yönəltməklə özünün innovativ inkişaflarını təmin edə bilib.

Bununla yanaşı, turizm sənayesi BƏƏ iqtisadiyyatında mühüm yerə malikdir. Turizmdən əldə olunan gəlir 10,3 milyard dollardan çoxdur. Ölkənin əsas şəhərlərindən biri olan Dubay təkcə ölkənin deyil, bütövlükdə Yaxın Şərqin biznes, turizm, “şopinq festival” mərkəzi kimi tanınır. Bu şəhər dünyada məşhur olan “azad iqtisadi zona”lardan biridir. Azərbaycan bu modeli öz ərazisində-Ələt Azad İqtisadi Zonasını yaratmaqla tətbiq etmək istəyir. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi təcrübə mübadiləsi və əməkdaşlıq üçün zəmin yaradır.

Özünün neft-qaz ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan alternativ və bərpa olunan enerji potensialı ilə də Avropa məkanında önəmli faktora çevrilir. Bunun üçün etibarlı tərəfdaşa, təcrübə mübadiləsinə, ortaq sərmayədara ehtiyac yaranır ki, Birləşmiş Ərəb Əmirlikləri bu rolu oynamaq üçün ən uyğun tərəfdaşlardan biridir.

Amma münasibətlər təkcə iqtisadi əməkdaşlıq üzərində qurulmur. Siyasi münasibətlərin inkişaf etdirilməsinə də önəm verilir. Dövlətimizin başçısı ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilən görüş zamanı bu məsələyə diqqət çəkilib”,-deyə Müşfiq Ələsgərli vurğulayıb.

O əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan üçün siyasi baxımdan etibarlı tərəfdaş olduğunu özünün əməli addımları ilə sübuta yetirib. 2022-ci ilin dekabrında Fransa Laçın yolundakı ekoaksiyanı BMT Təhlükəsizlik Şurası müstəvisinə çıxarıb Azərbaycana qarşı qətnamə qəbul etdirmək istəyirdi. Azərbaycan isə BMT TŞ-nin hazırkı sədri olmasına rəğmən, Fransanın bu cəhdini iflasa uğratdı. Məlum oldu ki, BMT TŞ-də Fransanı məğlubiyyətə uğratmaq üçün Azərbaycana dəstək verənlər sırasında Böyük Britaniya, Rusiya və Albaniya ilə yanaşı Birləşmiş Ərəb Əmirlikəri də vardır. Bu kontekstdə BƏƏ-nin etibarlı siyasi tərəfdaş olduğu amili üzə çıxır.

Ayrı-ayrı dövlətlərin dəstəyinin alınması ciddi diplomatik səylər, manevrlər tələb edir. Tarixi xronologiya göstərir ki, Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərini Azərbaycanın dostuna, müttəfiqinə çevirmək üçün 2005-ci ildən etibarən sistemli iş aparıb. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri arasında Anlaşma Memorandumu imzalanıb və fasiləsiz əməkdaşlıq edilib. 2022-ci ilin dekabr ayında BMT TŞ müstəvisində əldə edilən nəticələr Prezident İlham Əliyevin ciddi səylərinin nəticə verdiyini göstərir. Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri ilə qurulan iqtisadi-siyasi münasibətlər Prezident İlham Əliyevin strateji hədəflərə yönəlik siyasətinin göstəricisi kimi şərh oluna bilər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →