• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Azərbaycan müstəqilliyinin bərpasının 31-ci ildönümünü özünün ərazi bütövlüyünü tam təmin etmiş güclü ölkə, qalib xalq kimi qeyd edir

Azərbaycan müstəqilliyinin bərpasının 31-ci ildönümünü özünün ərazi bütövlüyünü tam təmin etmiş güclü ölkə, qalib xalq kimi qeyd edir

Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. XX əsrdə iki dəfə müstəqilliyə qovuşan Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılması ilə ölkəmizin adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşüb. Lakin təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərib, Azərbaycan XX əsrin sonlarında isə müstəqilliyini bərpa edib: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub.

1990-1993-cü illərdə milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin mərkəzində ulu öndər Heydər Əliyev dayanırdı

1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərən ulu öndərimiz Heydər Əliyev həqiqi dövlət müstəqilliyinin bünövrəsini bu torpaqda qoyub, onun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilib. Azərbaycanın müstəqilliyi ilə bağlı qanunvericilik təşəbbüsü hüququ istisnasız olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsus olub. Belə ki, Ümummilli Liderimizin rəhbərliyi ilə keçən muxtar respublika Ali Məclisinin sessiyalarında dövlət müstəqilliyinin bərpası ilə bağlı tarixi qərarlar qəbul olunub, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı müstəqillik rəmzi kimi Naxçıvan parlamentində qaldırılıb. Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülüb, ali qanunverici və icra hakimiyyəti orqanlarının adları dəyişdirilib, sovet qoşun hissələri Naxçıvandan çıxarılıb, onların bazasında müstəqilliyin vacib elementi olan ilk milli sərhəd dəstəsi və milli ordu hissələri yaradılıb. Muxtar respublika parlamentinin qərarları ilə kommunist partiyasının fəaliyyəti dayandırılıb, kolxoz və sovxozlar ləğv edilib, aqrar islahatlar keçirilib, yeni istehsal münasibətlərinə əsaslanan təsərrüfatçılıq prinsiplərinin təməli qoyulub. O dövrdə Azərbaycana rəhbərlik edənlər Sovet İttifaqının qorunub saxlanması ilə əlaqədar 1991-ci il martın 17-də keçirilən referendumda Azərbaycanın iştirakı barədə qərar vermişdilərsə, ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikası bu qondarma referendumdan imtina edib. SSRİ-nin yenidən bərpasına yönəldilən cəhdlər muxtar respublika ərazisində qətiyyətlə aradan qaldırılıb, müvafiq qərarların qəbul edilməsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Sovetindən də xahiş edilib.

Göründüyü kimi, 1990-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı olub. Şübhəsiz ki, bu mübarizənin mərkəzində ulu öndər Heydər Əliyev dayanırdı.

1993-cü ilin yayında Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü il iyununda xalqın təkidli tələbi ilə Bakıya gəldi. Bu dönüş tarixi zərurət, xalq istəyinin ifadəsi idi. Böyük şəxsiyyət gəlişi ilə Azərbaycanı fəlakətdən qurtardı, insanlarda inam yaratdı. Ulu Öndər deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.

“Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən Ümummilli Liderimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirdi, dövlət müstəqilliyimizi daimi və əbədi etdi. Bütün ömrü boyu həyatının mənası bildiyi Azərbaycanı müstəqil dövlətə çevirmək Ulu Öndərimizin ən böyük arzusu, onun siyasi fəaliyyətinin ən mühüm yekunu və məntiqi nəticəsidir. O, bu yola Azərbaycanda siyasi fəaliyyətinin birinci dövründə, 1969-cu ildən başlamış və bu şərəfli missiyanı ölkəmizdə ali hakimiyyətinin ikinci dövründə uğurla başa çatdırmış, müstəqilliyi Azərbaycanın bugünkü və gələcək nəsillərinə ərməğan etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Əgər xalqımızın müstəqillik hərəkatı cismani varlıq kimi götürülsə, Ümummilli Liderimizin siyasi fəaliyyəti onun hərəkətverici qüvvəsi və mənəvi ruhudur. Bu ruh, mənəvi qüvvə Azərbaycanı sonu görünməyən bəlalardan qurtarmış, xalqın siyasi iradəsini vahid ideya – Azərbaycançılıq ideologiyası uğrunda mübarizəyə yönəltmişdir”.

Azərbaycanın dövlət müstəqilliyinin qarantı Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir

Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik prinsipləri zaman keçdikcə daha da möhkəmlənir. Çünki bu siyasi kurs müasir şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən tədbirlər, daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətlər dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə və davamlı xarakter almasına xidmət edir. Bu gün ölkəmizdə hüquqi-demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən islahatlar uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə bir sıra uğurlu infrastruktur layihələri gerçəkləşdirilib, yeni iş yerləri açılıb, büdcəmiz, iqtisadiyyat, sənaye istehsalı bir neçə dəfə artıb, yoxsulluq azalıb, nəticədə maaşlar, pensiyalar dəfələrlə artırılıb, əhalinin sosial rifah halı xeyli dərəcədə yaxşılaşdırılıb, müstəqilliyin qarantı olan güclü ordu yaradılıb. Qazanılan siyasi və iqtisadi uğurlar xalqımızın həyatında özünü göstərib, onun birlik və həmrəyliyini daha da gücləndirib.

Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, həmçinin neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkanı kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət daşıyır. Bu gün ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin nümunəvi ev sahibi və təşkilatçısıdır. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, UNESCO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri var.

Prezident İlham Əliyev deyib: “Müstəqil olmaq, azad olmaq böyük xoşbəxtlikdir. Bizdən əvvəlki nəsillər əsrlərboyu müstəqillik eşqi, müstəqillik arzuları ilə yaşamışlar və həyatdan getmişlər. Amma bu müstəqilliyi görməmişlər. Biz, bizim nəsil xoşbəxtdir. Biz nəinki müstəqilliyi görürük, biz müstəqilliyi möhkəmləndiririk”.

Elə müstəqilliyimizin möhkəmləndirilməsinin nəticəsidir ki, xalqımız işğal olunmuş ərazilərini dövlət başçısının rəhbərliyi ilə düşmən tapdağından azad etdi. İllərdir beynəlxalq hüquq normalarına məhəl qoymayaraq havadarlarının yardımı ilə işğalı davam etdirən Ermənistan Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində diz çökdürüldü. Ərazi bütövlüyümüz bərpa edildi. Bununla da ölkəmiz öz gücü ilə bütün dünyaya sübut etdi ki, müstəqillik və bu müstəqilliyin vacib atributu olan ərazi bütövlüyü və onun toxunulmazlığı Azərbaycan xalqı üçün hər şeydən əzizdir. 31 illik müstəqillik tarixinə malik olan Azərbaycanın bu gün mötəbər tədbirlərdə, beynəlxalq konfrans və simpoziumlarda, dünya əhəmiyyətli sammitlərdə iştirakı ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir.

Artıq Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin 31-ci ildönümünü özünün ərazi bütövlüyünü tam təmin etmiş güclü ölkə, qalib xalq kimi qeyd edirik. 2021-ci il 15 oktyabr tarixində Prezident tərəfindən “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilib. Həmin Qanuna əsasən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub.

Heydər Əliyev siyasi xəttinə sədaqət nümunəsi olan Naxçıvan ölkəmizin sürətlə tərəqqi edən diyarı kimi şöhrət qazanır

Bu gün Azərbaycan müstəqil, güclü dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişaf ölkəmizin bütün guşələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Müstəqillik illərində muxtar respublikamızda Ulu Öndərin siyasi xəttinə sadiqlik, yaradıb-yaşatmaq amalı və diyarımızın hər bir sahəsində atılan məqsədyönlü addımlar tezliklə Naxçıvanımıza müasirlik simasını qazandırdı. Muxtar respublikada dayanıqlı iqtisadi inkişafın nəticəsidir ki, bu ilin yanvar-avqust aylarında 1 milyard 939 milyon 834 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,4 faiz çoxdur. Bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4182,5 manat olub. Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə cari ilin yanvar-avqust aylarında 797 milyon 859 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında 3,6 faiz çox - 354 milyon 489 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal edilir. Bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Bu gün Naxçıvan Muxtar Respublikası həm də mədəni yüksəliş dövrünü yaşayır. Elm, təhsil, səhiyyə, mədəniyyət və turizm kimi sahələrdə əldə olunan uğurlar Naxçıvanın simasını tamamilə dəyişib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Naxçıvan Muxtar Respublikasına hər səfərində görülən işləri yüksək qiymətləndirir, muxtar diyarın uğurlarından qürurla bəhs edir. İndi Naxçıvanın çox böyük dayanıqlı iqtisadiyyatı, güclü müdafiə potensialı var. Ötən illərdə muxtar respublikamız ölkəmizin ərazi bütövlüyünün qorunub daha da möhkəmləndirilməsinə, milli dövlətçiliyin inkişaf etdirilməsinə, quruculuq proseslərinin genişləndirilməsinə öz töhfələrini verib, bu gün də bu proses davam etdirilməkdədir.

Heydər Əliyev siyasi xəttinə sədaqət nümunəsi olan Naxçıvan Muxtar Respublikası bu gün dinamik inkişaf edir, Azərbaycanın sürətlə tərəqqi edən diyarı kimi şöhrət qazanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →