• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Artıq üçüncü ildir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir

Artıq üçüncü ildir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir

Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümüdür. Novruz əsrlərdir ki, milli, dini adət-ənənələrimizi nəsillərdən nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayramdır.
Bu il qeyd etdiyimiz Novruz bayramının xüsusi özəlliyi bundan ibarətdir ki, bu ilki bayram Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində xüsusi təntənə ilə qeyd olunur. Ulu öndər bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayram müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Üçüncü ildir ki, Azərbaycan xalqı bütün Türk dünyasının qədim bayramı olan Novruzu qalib ölkə, qalib xalq olaraq qarşılayır. Üçüncü ildir ki, bayram tonqalları bütövləşən Azərbaycanımızı nurlandırır, onun bəlalarını öz alovunda külə döndərir. Bayrağımız dalğalanan hər yerdə - Şuşada, Ağdamda, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda tonqalın şölələri zəfər sancaqların titrəyişinə nur saçır. 2021-ci ildə Qalib sərkərdə bayram tonqalını Zəfər zirvəsi Şuşanın dünyaya açılan eyvanı Cıdır düzündə alovlandırmaqla Novruzu tariximizdə şərəfli məqama yüksəltdi. Ötən il isə cənab prezident Suqovuşanda bayram tonqalını alovlandırmaqla xalqımıza növbəti Novruz sevinci yaşatdı. Təxminən 30 illik fasilədən sonra, ilk dəfə Azərbaycan bu gözəl bayramı artıq Qarabağdada qeyd etdi. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu bəxş etdi və bundan sonra əbədi olaraq Novruz doğma vətənimizin bütün ərazisində böyük təntənə ilə qeyd olunacaq.
Məlum olduğu kimi cari ilin 18 mart tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndində görülən yenidənqurma işləri ilə tanış oldular və Novruz tonqalını alovlandırdılar. Sonra dövlətimizin başçısı Azərbaycan xalqını bayram münasibəti ilə təbrik etdi. Hər zaman olduğu kimi, Azərbaycan prezidenti öz çıxışında ilk növbədə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini yad etdi və bununla bizim, bütün xalqımızın bu gün tariximizin ən şərəfli dövrünü yaşamağımıza görə ilk növbədə məhz onlara borclu olduğumuzu bir daha hər kəsin daim xatırlamalı olduğunu vurğuladı.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Tərtər rayonuna səfəri, eləcə də ölkə başçısının Talış kəndində Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına müraciəti bir sıra vacib məqamlarla diqqəti çəkdi. Və eləcə də cənab prezidentin çıxışında Ermənistan və onun havadarlarına ciddi mesajlar ünvanlandı.
Uzun müddət doğma torpaqlarımızı işğal altında saxlayan Ermənistan etnik təmizləmə siyasəti apararaq kütləvi qətllər törədib. Bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarından didərgin salındı. Dövlət başçısının çıxışı əsnasında toxunduğu bu məqamlar hər birimizin heç vaxt unutmayacağı hadisələrdir. Cənab prezidentin qeyd etdiyi kimi regionda sülhün bərqərar olması, münaqişənin danışıqlar yolu ilə həllini ölkəmiz 30 il gözlədi. Bu uzun vaxt ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlar haqq səsimizə reaksiya vermədilər. Prezident təəssüflə qeyd etdi ki, Qarabağ münaqişəsinin həlli ilə məşğul olmuş vasitəçilərin ikili yanaşmaları məsələnin həllinə yox, dondurulmasına yönəlmişdir. Əlbəttə bütün danışıqlar masasında prezident İlham Əliyevin qəttiyəti aydın idi: “Azərbaycan bu işğalla heç vaxt barışmayacaq”. Bütün vədlərinə sadiq qalan ölkə başçımız bütün bunların öhdəsindən qətiyyətlə gəldi, Zəfər savaşında əldə olunan şanlı Qələbə ərazi bütövlüyümüzü bərpa etməklə yanaşı, həm də Azərbaycanı qüdrətli dövlət kimi bütün dünyaya tanıtdı.
Prezident həmçinin İkinci Qarabağ müharibəsində qəhrəman ordumuz tərəfindən çökdürülən Ermənistana növbəti ciddi xəbərdarlığını bildirdi. Ölkə başçısı bildirdi ki, Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırıblar. Yəni Ermənistanda yenə də Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları səsləndirilir. Cənab prezident qətiyyətlə bəyan etdi ki, Ermənistan və onun arxasında duran riyakar ölkələr bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Birliyimiz, gücümüz, iradəmiz qarşısında acizdirlər. Qüdrətimiz, dostlarımız, dünyada güclü mövqelərimiz hamıya bəllidir.
Bu gün ölkəmiz regionun lideri kimi inkişafın və sabitliyin təminatçısı statusundadır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq və quruculuq işləri ilə xarabalığa çevrilmiş bölgədə müasir tələblərə cavab verən yaşayış məntəqələrinin qurulması ilə ölkəmiz mövcud problemlərin sürətlə həll edilməsinə nail olur. İşğal dövründə düşmən tərəfindən vandalcasına dağıdılan yaşayış məntəqələrinin bərpasını qüdrətli Azərbaycan heç bir ölkədən, beynəlxalq təşkilatlardan yardım almadan öz hesabına həyata keçirir. Və sözsüz ki, həmin bölgələrin abadlaşdırılması və yenidənqurulması birbaşa olaraq dövlət başçımızın nəzarətindədir. Elə bu baxımdan cənab prezidentin düşmən tapdağından xilas olunmuş ərazilərə mütəmadi səfərləri hər dəfə böyük ictimai hadisəyə çevrilməklə yanaşı, ümumxalq sevincinə səbəb olur. Çünki ölkə başçısının hər səfəri yeni abadlıq-quruculuq işlərinin daha geniş və intensivləşməsinə meydan açmaqla yanaşı, qalib ölkənin qalib liderini azad olunmuş Vətən torpağında görmək, dövlət maraqlarımıza uyğun qlobal əhəmiyyətli bəyanatlarını dinləmək bütöv bir xalq üçün qürurvericidir.
Beləliklə cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri “Böyük Qayıdış” proqramı üçün mühüm əhəmiyyət kəsb etmiş oldu. Eyni zamanda ölkə rəhbəri bu bölgədən xalqa ünvanladığı bayram təbrikində mühüm mesajlar verdi ki, bu mesajlar həm ərazi bütövlüyümüzün qətiyyəti, həm də qüdrətli, müstəqil Azərbaycanımızın gələcək prespektivləri üçün böyük gözləntilərin anonsudur.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →