• 23:45 – Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi 
  • 23:36 – İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar 
  • 23:30 – 18 yaşlı qız su arxında can verdi: Epilepsiyadan əziyyət çəkirm 
  • 23:26 – Hindistanda ildırım vurması: 63 nəfər öldü... 

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə olmaqdan məmnunluğunu bildirən Əbdüllətif Camal Rəşid Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

İraq Prezidenti Qoşulmama Hərəkatının indiki dövrdə beynəlxalq münasibətlərdə xüsusilə çox böyük rola malik olan bir təsisat olduğunu dedi.

Dövlətimizin başçısı İraq Prezidentinə ölkəmizə səfər etdiyinə görə təşəkkürünü bildirdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən Prezident İlham Əliyev sədrlik dövründə ölkəmizin Hərəkatın inkişafı naminə səylərini əsirgəmədiyini, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslər irəli sürdüyünü bildirdi, bu xüsusda Hərəkatın parlament və gənclər şəbəkəsinin yaradılmasını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının 3-cü Zirvə toplantısının da ölkəmizdə keçirildiyini vurğuladı.

Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş Sammitində iştirakını məmnunluqla xatırladı, Azərbaycanın Ərəb dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirdi.

İraq Prezidenti ölkəsinin Azərbaycanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlı olduğunu dedi, əməkdaşlığımızı genişləndirmək üçün yaxşı imkanların mövcudluğunu qeyd etdi.

Əbdüllətif Camal Rəşid İraqın üzləşdiyi problemlər və təhlükəsizliyə təhdid yaradan hallar barədə məlumat verdi, ölkəsinin artıq sabitlik mərhələsinə qədəm qoyduğunu bildirdi.

Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq etməsi üçün geniş imkanların olduğunu bildirdi və bu xüsusda OPEC+ və digər formatlar qeyd edildi.

Dövlətimizin başçısı pandemiya dövründə Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərə, həmçinin İraqa humanitar dəstək göstərdiyini vurğuladı.

Azərbaycan Prezidenti İraq dövlətinin başçısını ölkəmizə həmçinin rəsmi səfərə dəvət etdi. Əbdüllətif Camal Rəşid dəvəti məmnunluqla qəbul edərək, öz növbəsində dövlətimizin başçısını İraqa səfərə dəvət etdi.

Söhbət əsnasında dövlət başçıları sərmayələr, enerji, tikinti, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdilər, ikitərəfli iqtisadi ticarət balansının genişləndirilməsinin və işgüzar dairələrin nümayəndə heyətlərinin səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğuladılar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →