Politoloq: Aİ-nin əsas məqsədi bölgədə Rusiyanın nüfuzunun zəiflədilməsinə yönəlib
- 20.12.2022, 13:52,
- Siyasət
Bildiyimiz kimi, Praqa görüşündən sonra bölgədə sərhədlərin müəyyən edilməsi işinə töhfə vermək məqsədilə Avropa İttifaqının (Aİ) mülki missiyasının göndərilməsi nəzərdə tutulmuşdu. Bu missiya öz işini Ermənistanda 2 ay müddətində həyata keçirməli idi və dekabrın 19-da missiyanın müddəti başa çatdı. İndi isə Aİ yeni şüar altında bölgəyə yeni missiyanın göndərilməsi haqqında bəyanat verib. Bunun artıq bir ənənə halına çevrilməsini istəyən Aİ bu yolla bölgədəki mövcudluğunu qorumağa çalışır. Lakin, bu, eyni zamanda, Azərbaycan-Ermənistan arasında reinteqrasiya proseslərinə süni maneə yaratmaq kimi də qiymətləndirilir. Belə ki, 2020-ci ildən bu günə kimi Aİ-nin moderatorluğu ilə keçirilmiş görüşlərdə bir sıra razılıqlar əldə edilib və Ermənistanın üzərinə bir sıra öhdəliklər qoyulub. Yaxşı olardı ki, Aİ bu öhdəliyin yerinə yetirilməsini Ermənistandan tələb edərdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
Onun sözlərinə görə, əvvəldən Aİ-nin əsas məqsədi bölgədə Rusiyanın nüfuzunun zəiflədilməsinə və ümumilikdə isə Ermənistanın bu orbitdən kənara çıxarılmasına yönəlib. Lakin, bu məqamda yadda saxlamaq lazımdır ki, Rusiyanın Ermənistanda vacib siyasi və iqtisadi dayaqları mövcuddur. Onları məhv etmədən bu nəticəyə nail olmaq bir qədər çətin olacaq və sülh gündəliyi üzrə nəzərdə tutulmuş prosesin icra müddətinin uzanmasına ehtimal çoxalacaq.
“Eyni zamanda, Fransanın məkrli planın arxasında durması gün kimi hamıya məlumdur. Öz məkrli və qərəzli siyasətini Ermənistan üzərindən bölgəyə proyeksiya etmək istəyən Fransa hələ ki, bu istiqamətdə ciddi addım ata bilməyib. Bunun da əsas səbəbi Azərbaycanın prinsipial mövqeyi və bölgədə Türkiyə güc amilinin olmasıdır. Fransa ciddi cəhdlə bu missiyaların bölgəyə göndərilməsinə çalışmaqla əslində Ermənistanı çıxılmaz vəziyyətə salır, bölgədə gərginliyə səbəb olur və Rusiyanın qismində özünə ciddi rəqib qazanmış olur. Nəticədə isə Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin icrası yubanır.
Yeni missiyanın bölgəyə gəlməsi birbaşa Rusiyanın siyasi imicinə zərbədir. Rusiya ilə birbaşa və KTMT çərçivəsində əməkdaşlıq edən Ermənistanın siyasi hakimiyyətinin belə avantürist addımlara əl atması sonda bölgədə marağı olan regional güclərin qarşıdurması və ya Ermənistanda siyasi hakimiyyətin dəyişməsi ssenarisini işə sala bilər. Bu məqamda Ermənistan siyasi hakimiyyəti taleyüklü seçim qarşısında qalıb”, - deyə Amid Əliyev vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: