Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün... - Video
  • Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər
  • Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
  • Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!
  • Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – Tam siyahı
  • Veteranlar Təşkilatından jurnalistlərin ölümü ilə bağlı - Bəyanat
  • "Zəfər yolu" bu tarixdə hazır olacaq - Türk nazir
  • 28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
  • Rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi
  • Əsl insan haqqında könül söhbəti - Xatirə
  • Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO
  • Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video
  • İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI
  • Vida baxışı - Xatirə-oçerk
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • 17 Mayıs 2021, 21:47   
        251
    Vida baxışı - Xatirə-oçerk


    BAKI-XEBERTV.AZ
    Bayram MƏMMƏDOV
    Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
    Hərdən mənə elə gəlir ki, bəşərin (insanın) xarakteri ilə təbiət arasında könüləyatımlı bir yaxınlıq, möcüzəvi bir uyğunluq (bəlkə də eynilik!) var: şimşək çaxışını qəzəbə, bulaq axışını nəğməyə, təranəyə, göylərin yağışını kövrəkliyə, qılığı mehə, gözəlliyi qövsü-qüzehə, çılğınlığı yelə, coşqunluğu selə... bənzədiblər, bənzədirik, bənzədəcəklər.

    Bəşər təbiətin bir parçasıdı, hissənin tama, bütövə bu səviyyədə, bu duyğusallıqla bənzəyişində qəribəlik yoxdu. Onu da bilirəm ki, dərk edənə, buludun, şimşəyin, yağışın, küləyin dilini bilənə təbiət böyük məktəbdi: görürsən, duyursan, düşünürsən və daha mükəmməl öyrənmək həvəsiylə öyrənirsən. Öyrətdiklərinin cazibəsinə düşənlər də olur, ömrünü bu cazibənin konturları - hüdudları arasında yaşayanlar da.

    Onlardan biri də Hürü Hüseyn qızı idi.

    Sonralar fəal həyat mövqeyi ilə tanınan, ehtiramlarla əhatələnən Hürü Hüseyn qızı 1936-cı ildə Zəngilanın Bürünlü kəndində anadan olub. Atasının, əmisinin, yaxın qohumlarının təhsilli olması Hürünün marağının istiqamətini müəyyənləşdirib: oxumaq, öyrənmək, təhsil almaq.

    Səkkizinci sinifdə oxuyurdu. Haqlı olduğuna əmin olduğunu bilirdisə, heç nəyi ürəyində boğmazdı. Bəzən anlaşılmaz vəziyyətlər yaransa da, düşündüklərini deyərdi, hərdən mülayim deyərdi, hərdən bir qədər kəskin. "Sözün bərki də mətləb anlatmaq üçündü, yumşağı da", - könül həmdəmlərinə belə də deyərdi. Müəllimləri təhsilin fəzilətlərindən, cəmiyyətdə rolundan danışanda Lenindən sitat gətirmişdi: Oxumaq, oxumaq, yenə də oxumaq. Onda Hürü səbirsizliklə "Bu fikri Məhəmməd peyğəmbər Lenindən 14 əsr əvvəl deyib...", - demişdi. Nə yaxşı məktəbin tarix müəllimi də, məktəbin direktoru da fikir ayrılığına görə yaranmaqda olan mübahisəyə vaxtında müdaxilə etmişdi - müəllim sinifdə başlayan mükalimələşməni davam etdirmək, günahı olmayan şagirdin cəzalandırılmasına cəhd göstərmək fikrindən daşınmışdı...

    Hürü uşaqlığından duruluğa meyilli olub. Şagird, tələbə kimi də, ailədə bacılarına, qardaşına atanın, ananın yoxluğunu unutduranda da duruluğu yaşanılan illərə göyqurşağı bilib. "Duru olmayan ömür nəyə lazımdı, kimə lazımdı. Belə ömürə dəyərsiz ömür deyirlər. Dəyərsiz illər ömürsüzlük deməkdi", - kəlamı Hürü Hüseyn qızının sevdiyi kəlamlardan olub. Bu kəlam onu mənəvi duruluğun - saflığın mücahidi etmişdi.

    Pircivan orta məktəbinin sonuncu sinif şagirdi Hürü Mehralıyeva kimya fənnini seçdi. Məktəbin kimya müəllimi, Əməkdar müəllim Əsəd Məmmədov Hürünün Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunduğunu eşidəndə şükranlıqla göy üzünə baxdı...

    "Təhsili saflaşmağa yönləndirən pedaqoji prosesdir", - Hürü həm də belə deyərmiş. Bu düşüncələrin işığında ali təhsil aldı. Aqrarkimya institutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başladı (əslində, Hürü əməyə uşaqlığından alışmışdı, həmişə gücü çatan işin qulpundan yapışırdı). Az sonra Bakı Rezin Texniki Məmulatlar zavodunda plan-istehsalat şöbəsinin mühəndisi oldu. Elmi müəssisədə elmi işlə məşğul olmaq ayrı, istehsalatda işləmək ayrı. Hər sahənin öz çətinlikləri var, bu çətinliklər biliklə, erudisiya ilə aradan qaldırıldı.

    Atasının təkidi ilə rayona qayıtdı.

    Zəngilan şəhər məktəbində müəllim işlədi. Yeni müəllimin savadı, davranışı, fəzilətli düşüncəsi diqqətdən kənarda qalmadı, işıq, nur qüdrətiylə sinif otaqlarından, məktəbdən dünyaya sızdı. Hürü müəllim rayon Maarif şöbəsinin metodisti təyin edildi. Pedaqoji işə bələd olanlar yaxşı bilir ki, xüsusi qabiliyyəti olmayan kadrı bu qədər az iş stajı ilə bu vəzifəyə təyin etməzdilər ("Haqq əmək itirməz" - məsəlini xatırlayıram, xatırladıram)...

    Hüseyn kişinin son nəfəsindən sonra ailənin ağırlığı Hürünün hələ düz-əməlli bərkiməmiş çiyinlərinə düşdü. Üç bacıya, bir qardaşa həm bacı oldu, həm ata. Heç biri Hürünün göz yaşlarını görmədi. Göz yaşları ürəyinə axdı Hürü ananın. Bu, bəşəri duyğular bəşəri sevgi deyildimi?!.

    Hüseyn kişi Qaryagində (indiki Füzuli) mühasibatlıq məktəbini bitirmişdi. O dövrlərdə belə təhsil də güzəran üçün xeyli əhəmiyyətliydi. Zəngilanın meşə təssərüfatı idarəsində mühasib, texniki istehsalat birliyində baş mühasib işləmişdi, dörd qızını, bir oğlunu böyüdüb boya-başa çatdırmışdı.

    O illərin ideoloji mühitində komsomolun boyu kifayət qədər əzəmətlə görünürdü. Bu təşkilatın strukturlarında işləyənlərə ictimaiyyətin kifayət qədər səviyyəli ehtiramı varıydı. Bu ehtiram vəzifəyə təyinatla tamamlanırdı; təhsil, savad, ictimai fəallıq, nitq qabiliyyəti - bu komponentlər vəhdətdə gənclərin komsomolda təmsil olunmasına vəsilə (vasitə) olurdu. Rayon Maarif şöbəsinin metodisti Hürü Mehralıyeva Rayon Komsomol Komitəsinin II katibi vəzifəsinə təklif olundu. Seçildi. Yeni təyinat ictimaiyyətdə böyük coşqu yaratdı. Az sonra I katib vəzifəsinə seçildi. Bu coşqu ehtiramın davamıydı; gənc müəllim gənc katib kimi də gənclərin sırasındaydı, onların etimad ünvanlarından biriydi.

    Rayonda gənclərin istər siyasi, istərsə də fəaliyyət (iş) fəallığı yüksəldi. Bu yüksəliş həm də iqtisadi yüksəlişə zəmin yaratdı. Bunları Rayon Partiya Komitəsi görürdü, dəyərləndirirdi, təqdir edirdi...

    Hürü Mehralıyevanı Rayon Partiya Komitəsinin ideoloji işlər üzrə katib (bu, üçüncü katib vəzifəsidir) vəzifəsinə seçdilər...

    Sonra ikinci katib...

    Sonra Sovet İKP MK yanında Moskva Ali Partiya Məktəbinin dinləyicisi...

    Sonra Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri...

    Sonra Zəngilan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri...

    Sonra Respublika Aqrar-Sənaye Bankı Zəngilan rayon şöbəsinə müdiri... İki övlad anasıydı Hürü Mehralıyeva.

    Atasının ölümündən sonra özündən kiçik dörd uşağa ata olmuşdu, həyat yoldaşı Şükür Şükürovun vaxtsız vəfatından sonra iki övladına - Sevincə, Həsənə həm ana oldu, həm də ata. Balaları da ali təhsil aldı. Talehin gərdişinə təsəlli bildi oğlunun, qızının ali təhsil almasını. "Taleyim mənimlə cavanlığımda da, bir qədər yaşlaşanda da acı davrandı. Atam vaxtsız öldü - üç bacıma, bir qardaşıma ata oldum, həyat yoldaşım vaxtsız öldü, oğluma, qızıma ata oldum", - Hürü Mehralıyeva könül isitdiyi yaxınlarına giley kimi deyil, dərdləşmə kimi belə deyərmiş...

    Hürü Mehralıyeva gəncliyində tay-tuşlarına, səmimiyyətinə inandığı həmsöhbətlərinə deyərdi ki, dürüstlüklə, haqq-ədalət cəfakeşi olmaqla yaşanılan ömür saf ömürdü, duru ömürdü, belə ömürlərdə müqəddəslik zərrələri var. Adına əmək kitabçası açılan gündən son nəfəsinəcən belə yaşadı.

    Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri idi. Qəbuluna gəlmiş ağsaqqalı diqqətlə dinləmişdi. Hansı duyğuların təsiriyləsə ona inanmışdı. Rayonun Maarif şöbəsinin müdirinə zəng etmişdi, "Nəvələrinə atalıq edən ağsaqqala, müharibə veteranına, vətəndaşa belə münasibəti partiya heç kimə bağışlamaz. İndi yanınıza gələcək. Onun problemini həll edin...", - demişdi.



    Səhərisi gün kənd Sovetinin sədrindən öyrənmişdi ki, ağsaqqalın problemi həll edilib - gəlini kəndlərindəki məktəbə dəyişdirilib...

    Hürü Hüseyn qızı yeniyetməliyindən mütaliəni sevirdi, sonralar iş yoldaşlarına da sevdirirdi, qızı Sevincə də, oğlu Həsənə də sevdirirdi, nənə ağuşuna can atan nəvələrinə də sevdirdi.

    ... Zəngilan işğal olunanda Araz çayının sahilində ayaq saxladı. Ona "Tez ol, ay ana, ay nənə!" demədilər. Bilirdilər ki, Hürü Hüseyn qızı belə məqamlarda səbəbsiz dayanmaz. Həm də el-elatın ağı günündə. Həm də bir qədər aralıdan bənzərsiz misralar eşidildiyi anlarda:

    Doyunca doydurammadı,
    Bu bar məni, bəhər məni.
    Yedəyinə alıb gedir,
    Bir ovunmaz qəhər məni...

    Ağı misallı misralar eşidənləri varından yox elədi. Əzizləri Hürü nənəyə baxdı, Hürü nənə Zəngilana sarı. Bu baxış Zəngilanla vida baxışıymış; Hürü Hüseyn qızının son nəfəsi Zəngilana qismət olmadı...

    Hürü Mehralıyeva dövlət qarşısındakı xidmətlərinə görə "Şərəf Nişanı" ordeninə və "Əmək igidliyinə görə" medalına layiq görülmüşdü. "Ən böyük mükafatı insanların sevgisidi. Son nəfəsinin sığındığı bu sevinc olanlara həsəd aparıram", - Hürü Mehralıyeva həm də belə deyərdi. Onun ruhunu haraylayıram, "Sən yaşayanda da, son nəfəsindən sonra da belə bir sevgi ilə əhatələndin, Hürü müəllim". Onu hamı belə çağırardı. Təkcə zamanında müəllim olduğuna görə deyil, həm də vətəndaşlığına görə...

    Hürü Mehralıyevanın xeyirxah işləri yaddaşlardadı. Sovet dönəmində rəhbər vəzifələrdə işləyən qadınların iş rejiminin nə qədər ağır olduğunu o illəri yaşamış insanlar yaxşı bilir. Gərgin iş rejimi, ailə, uşaqların təhsili, digər qayğılar. Bunların hamısının icraçısı olmaq, həm də cəmiyyətin inkişaf səviyyəsinə uyğun şəkildə qurmaq bir qadın üçün o qədər də asan deyildi. Buna güclü iradə, işə və ailəyə eyni səviyyəli sevgi (və ehtiram) gərəkdir. İllər bu gündən sabahlara düşən işıq kimi yaşanılmalıdır.

    Təkcə işmi, ailəmi?

    Yaxın qohumlarına da qayğı göstərirdi Hürü Hüseyn qızı...

    Ölümündən sonra xatirələrdə yaşamaq, həm də bu qədər sevgilərlə yaşamaq hər adama nəsib olmur. Ömürdən sonrakı ömür ifadəsi var. Məni qınayan olmasa, deyərdim ki, ömürdən sonrakı ömür müqəddəslərə nəsib olan ömürdü. Belədisə, Hürü ana kimi xatırlanan Hürü Hüseyn qızının ömrü belə ömürdü...

    Yüksək mənəvi keyfiyyətləri, əməksevərliyi, sadəliyi, təmkini ilə çoxlarına örnək oldu bu cəfakeş ana, cəfakeş vətəndaş. Düzgünlüyü düzgünlüyün, cavabdehlik məsuliyyəti cavabdehlik məsuliyyətinin düsturu oldu. Hürü xanımın keçdiyi şərəfli həyat yolu tarixləşdi...

    Səmimilik, alicənablıq, əməksevərlik, əvvəl özünə, sonra isə ətrafındakılara qarşı tələbkarlıq, Vətəninə, torpağına, ailəsinə bağlılıq, yüksək əxlaq Hürü xanıma xas xarakterik xüsusiyyətlər idi. Ciddi nizam-intizam, məsulliyyət duyğuları onun üçün müəyyən mənada milli mentalitet idi. "Ömrün mənası insanlara diqqət və qayğı göstərməkdədir, insanlara təmannasız kömək əlini uzatmalısan", - Hürü Hüseyn qızı belə deyirdi...

    Zamanında mən də komsomol işçisi olmuşam. Mən də komsomol sıralarında formalaşmışam. Bir dəfə, işğaldan əvvəl bir tədbirdə səmimiyyətlə görüşdük. "Bayram müəllim", - dedi. "O illərin komsomolçularına Səməd Vurğun əsər həsr etmişdi, sən də dövrümüzün komsomollarından yazı yaz. Bizim də çətinliklərimiz az olmayıb. Nə çətinliklər olduğunu komsomolda işləyənlər bilər. Bu çətinliklərin partiya sıralarında bir qədər də tündləşdiyini sən də yaxşı bilirsən..." Çarəsizliklə gülümsündüm. Üzündə acı bir təbəssüm, acı təbəssümə söykəkli bir təəssüf gördüm...

    Hürü üç bacısının, bir qardaşının təhsil almasına çalışdı, buna nail oldu da. Ömrünün ahıl çağında qardaşı Nəcəfin ölümü Hürünün könül dünyasının nizamını pozdu; qardaş itkisi könül mülkünü qəhərlə silkələdi, yanıqlı bir bayatıya döndü:

    ... qar daşı,
    Qarlı dağdan qar daşı.
    Yadlar var-dövlət gəzir
    Mən gəzirəm qardaşı.

    Hürü Hüseyn qızının son nəfəsi Zəngilana qismət olmadı; Hürü Hüseyn qızı Zəngilan nisgiliylə köçdü dünyadan...

    44 gün davam edən Vətən müaribəsi Zəfərimizlə başa çatdı. Zəngilan da işğaldan azad edildi. Xəyalında yaşatdığı Zəngilanın qurtuluşunu Zəngilanda sözüylə oxşaya bilmədi, bu qurtuluşa ruhu salavat çevirdi...

    Zəngilanın işğaldan azad edildiyini eşidəndə bir anlığa duruxub. Sonra var səsiylə üzü göylərə sarı qışqırıb: Dədələr "gec edər, güc edər" deyib, qoca dünya. Uzun çəkdi, sonda yağının gözünü tökdü əsgər balalarımız. Bu zəfər sərkərdənin qüdrətidi. Allahdan möhlət istəyirəm, gedim Zəngilanımı görüm...

    İşlədiyi illərdə rəsmi. qeyri-rəsmi səfərlərdə çox olub. Səfərə hazırlaşarlar. Hürü Hüseyn qızı da harda işləməsindən asılı olmayaraq hər səfərə qadın səliqə-sahmanıyla hazırlaşardı. 2020-ci ilin oktyabrın 20-dən son nəfəsinəcən Zəngilana getməyə hər gün hazırlaşıb. Zəngilandan çıxanda əlli yeddi yaşı vardı. Qayıda bilsə, səksən beş yaşlı ağbirçək kimi qayıdacaqdı. "Əhd etmişəm, evimin boyu görününcə, uçurulub-dağıdılıbsa, yeri görününcə dizin-dizin yaxınlaşacam. Onda atamın da, balalarımın atasının da, qardaşımın da ruhu rahatlıq tapacaq...", - deyərmiş...

    O yazını Hürü ananın sağlığında yaza bilmədim. Komsomola deyil, komsomol sıralarında, şərəfli həyat məktəbi keçən, formalaşan, mətinləşən, Sovet ideologiyasının əsgəri olsa da milli mənsubiyyətini ömrünün-gününün bayrağına döndərən Ana haqqında yazmaqla təsəlli tapdım; Hürü Hüseyn qızı ...

    Bu gün Hürü xanım aramızda olmasa da, el içində üzü ağdır. Bugünkü nəsil üçün örnək sayılmaqla yanaşı, tanınmış ictimai-siyasi xadimdir. Artıq o, təkcə Həsənin, Sevincin anası, nəvələrinin nənəsi deyil, el ağbirçəyiydi. Bu möhtərəm müraciəti ona el-oba vermişdi...

    Hürü ana uzun müddət onu tanıyan insanların qəlbində düzlük, sadəlik, xeyirxahlıq və insansevərlik simvolu kimi yaşayacaq.

    Zəngilandan son gedişində Araz çayının ləpədöyənində dönüb Zəngilana baxmışdı. Bu baxış vida baxışıymış...

    525.az
    loading...