17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür

cemiyyet17 iyun 202213:30
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür
BAKI-XEBERTV.AZ
İnsan doğulur, böyüyüb boya-başa çatır, əlbəttə ki, arzular da bizimlə bərabər doğulur. Hətta beş yaşlı uşaqdan "Böyüyəndə nəçi olmaq istəyirsən?",- deyə soruşduqda o öz arzusunu dilə gətirir. Amma orta məktəbdə oxuyanda onlar uşaqlıq xəyallarını gerçəkləşdirə biləcəklərinə əmin olub-olmadıqlarına qərar verirlər. Əlbəttə ki, peşə seçimində gərək öz bilik və bacarığını da nəzərə alasan.
Peşələr müxtəlifdir. Hər bir peşənin öz gözəlliyi var. Qədim və humanist peşə olan həkimlik ağır, həm də daha çox məsuliyyət tələb edən peşədir. Çünki bu peşənin sahibləri insan sağlamlığının keşiyində dayanır, daha çox məsuliyyət daşıyırlar. Ağ xalatlı, Hippokrat andlı həkimlərimiz hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, işə vicdanla yanaşır, həkimlik adına xələl gətirməməyə çalışırlar. Dövlətə və dövlətçiliyə sadiqlik göstərən şəfalı əllərin sahiblərinə dövlət də heç vaxt laqeyd olmamışdır.
17 iyun məhz səhiyyə işçilərinin günüdür. Ulu Öndər H. Əliyevin 4 iyun 2001-ci il tarixli qərarı ilə həmin gün Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.
Sağlamlığımızın keşiyində həmişə ayıq-sayıq dayanan həkimlərimiz, peşə bayramınız mübarək olsun!
Türk qanlı, müsəlman etiqadlı bir çox həkimlərimiz xəstəni müayinə və müalicə edəndə "Əl məndən, səbəb Allahdan",- deyib işə başlayır.
Həkimlik bəşəri sənətdir. İstər öz ölkəsində, istər xaricdə fəaliyyət göstərsin, həkim insanı sağlamlığına qovuşdurmağa çalışır. Ona zillənən ümid dolu baxışlara həkim biganə qala bilməz.
Ey müqəddəs peşəsinin peşəkarları, siz əsrin bəlası hesab olunan Covid-19 pandemiyası ilə mübarizədə əsl cəfakeşlik nümayiş etdirdiniz. Başqalarının həyatını xilas edərkən öz həyatınızı riskə atdınız. Neçə tibb işçisi bu bəlanın qurbanı oldu. Allah rəhmət eləsin.
Qarabağın azad olunması uğrunda gedən ölüm-dirim müharibəsində həkimlərimiz könüllü şəkildə cəbhəyə yollandılar. Gecə-gündüz yorulmadan güllə yağışı altında yaralı hərbçilərimizə yardım etdilər. Şəhidi də oldu, qazisi də. Şəhid həkimlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.
Bu gün elm və texnikanın inkişaf etdiyi bir dönəmdə fəaliyyət göstərən tibb işçilərimiz müasir avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarında fəaliyyət göstərir, orqan plantasiyası həyata keçirir, fiziki qüsurlu insanlara yaşamaq üçün stimul verirlər.
Əziz tibb işçiləri biz də redaksiyamız adından peşə bayramınız münasibətilə sizləri təbrik edir, xidməti sahənizdə yalnız uğur arzu edirik.
Rəsafil Bayramov,
ATATV.AZ informasiya portalının rəhbəri və "AZƏRBAYCAN - TÜRK XALQLARI QARDAŞLIĞI İCTİMAİ BİRLİYİ"NİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ, "İXA"-nın baş direktoru
