
Bakıda fəaliyyət göstərən *9111 taksi xidmətinin naviqasiya sistemində metronun “Ulduz” stansiyasının yaxınlığdakı küçələrdən birinin “Artsax” kimi qeyd olunduğunu göstərən foto yayılıb. Mətbuatda gedən bu xəbər geniş müzakirələrə səbəb olub.
Xidmətin məsul işçisi Əsgər Ağabalayev Publika.az-a bildirdi ki, sözügedən foto onların şirkətinin istifadə etdiyi xəritəyə aid deyil:
“Həmin skrin foto 9111 yox, 2111 taksi şirkətinin istifadə etdiyi naviqasiya sistemi ilə çəkilib. Bu onların xəritəsinə aid fotodur. Bizim xəritəmizdə bu Müzəffər Nərimanov küçəsi ilə "Volodarski" küçələrinin kəsişməsində yerləşən küçənin adı ümumiyyətlə, göstərilməyib. Küçə kiçik olduğundan sistemdə onun adı qeyd olunmayıb. Sadəcə olaraq, bunu yazan səhv edərək 2111 yerinə, 9111 kimi qeyd edib”.
Məsələ ilə bağlı *2111 taksi şirkətindən bildiriblər ki, baş verən hadisə onlardan asılı olmayıb:
“Ümumiyyətlə, naviqasiya sistemi pullu və pulsuz olur. Biz pulsuz naviqasiya sistemindən istifadə edirik. Belə olan hallarda isə istifadə edilən xəritəyə istənilən şəxs müdaxilə edib, hər hansı bir dəyişiklik edə bilər. Bu bizə qarşı törədilən təxribatdan başqa bir şey deyil. Bilirsiz, hər bir naviqasiya sisteminin özünün xüsusi ödənişli və ödənişsiz açarları (kartları) var. “Yandex”in, eləcə də “Google”un rəsmi xəritə kartları çox baha olduğu üçün biz onları ala bilmirik. Ödənişsiz OSM kartlar vasitəsilə isə istənilən adam sistemə dəyişiklik edə bilər. Problem də burdan yaranıb”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələyə münasibət bildirərkən bu kimi problemlərin məsuliyyətsizlik səbəbindən meydana çıxdığını dedi:
“Bilirsiz, bu artıq şirkətlərin məsuliyyətsizliyi kimi dəyərləndirilir. Əslində, naviqasiya “ünvan” “koordinat” deməkdir. Bizim ölkəmizdə bu sistmelə məşğul olan xüsusi qurumlar var. Bunu birbaşa o qurumlar araşdırmalı və problemi həll etməlidirlər. Ölkə daxilində küçə adları, müxtəlif ünvanlara edilən dəyişikliklər o qurumlar tərəfindən qeydə alınmalı və hər kəsin istifadə edə biləcəyi şəkildə müəyyən resurslara yerləşdirilməlidir. İndi bizdə, əlbəttə bu xidmətin səviyyəsi ürəkaçan deyil. Bu gün hər hansı bir şirkət naviqasiya xidməti göstərmək istəsə, bunu edəcək. Bu sərbəstdir. Amma əsas məqam ondan ibarətdir ki, son məlumatlar düzgün qeyd olunsun. Məsələn, bu gün “Yandex” və “Google” Azərbaycanla bağlı “xəritə xidmətləri” verir. Sadəcə bu məlumatların mənbəsi önəmlidir. Mən də sabah bir proqram hazırlayıb, naviqasiya sistemi tərtib edə bilərəm. Amma bu o demək deyil ki, bu doğru göstəricilər əsasında tərtib edilib. Ona görə də, ölkədə naviqasiya sistemlərinin dəqiq incələnməsi istiqamətində monitorinqlər hazırlanmalıdır. Çünki 10 il əvvəl bir küçənin nömrəsi fərz edək ki, 9 olub. Sonradan bu dəyişdirilib 15 edilibsə, bu mütləq şəkildə xüsusi resurslarda qeyd olunmalıdı ki, məlumatları hər kəs yeniləyə bilsin. “Google” kimi qlobal şirkət üçün nə maraqlıdı o 9-du, ya 15? Yeni mənbə (yenilənmiş qeydlər) olmadıqda köhnə materialları yenidən yerləşdirir və beləliklə qeyri-dəqiq ünvanlar ortaya çıxır”.
O.Gündüz onu da əlavə edib ki, xəritə xidməti verən istənilən yerli və xarici şirkət monitorinqlərə cəlb edilməli və yoxlanılmalıdır:
“İstər qlobal şirkətlər, istərsə də yerli GPS xidməti göstərən şirkətlər ciddi yoxlanılmalıdır. Həmin şirkətlər rahat şəkildə deyə bilər ki, mən bu ünvanı tapa bilmədiyim üçün “Google”un göstərdiyi qeydi göstərdim. Bu cümlə ilə məsələ bağlanacaq. Amma həmin qurumlar bununla bağlı mütəmadı yeniliklər əlavə etsələr, bu cür halların baş verməməsini də tələb edə bilərlər. Bir yandan da “Google” şirkətini köhnə informasiyalardan istifadə etdiyi üçün ittiham etmək olmaz. Ona görə ki, qlobal şirkət qurumları açıq şəkildə iddia edə bilər ki, mən bununla bağlı ölkəyə müraciət ünvanladım, lakin mənə bəlli bir informasiya verilmədiyi üçün əlimdə olan köhnə materiallardan istifadə etdim”.
Onun fikrincə, bu kimi halların ölkəmizə qarşı beynəlxalq təxribat olması o qədər də inandırıcı deyil:
“Bu cür hallarda hər kəsi qaralamaq olmaz. Bir misal deyim sizə, “Google” üçün əsas puldur. Əlində olan informasiyanın yeni və ya köhnə olması onu maraqlandırmır. O məlumatı yerləşdirib pulunu qazanır. Bu biznesdir. Biz özümüz yenilikləri qlobal şirkətlərə göndərməliyik ki, baxın, bu bölmələrdə dəyişiklik edilib, sisteminizə əlavə edin. Biz özümüz mübarizə aparmalıyıq. “Facebook” şirkətinin özü təkcə keçən il 40 milyard dollar qazanc əldə edib. Onun cəmi 2-3 milyonu Azərbaycanın payına düşür. Onlar üçün isə bu 2-3 milyon heç nədir. Sabah onun Azərbaycandan heç gəliri olmasa belə (feysbuk bağlansa da) bu qlobal şirkətin fəaliyyətinə zərrə qədər ziyan vurmayacaq. Yəni bütün bunları düşündükdə təxribat məsləsi inandırıcı görünmür”.
