Xəbər lenti
Axtar
13 Kas 2020, 07:54   
    344

BAKI-XEBERTV.AZ
Nikol repressiyalara başladı: Qərb yenə “üç meymun”u oynayır

Nikol repressiyalara başladı: Qərb yenə “üç meymun”u oynayır
“Çiçəklənən Ermənistan” partiyasının lideri Gaqik Sarukyan, “Daşnaksütyun” üzvü Geqam Manukyan və İşxan Saqatelyan, Respublika Partiyasının nümayəndələri Eduard Şarmazanov, David Hambardzumyan və Ara Saakyan,“Milli Təhlükəsizlik” hərəkatının lideri Qarnik İsagulyan, “Vahid Ermənistan” partiyasının lideri Artur Qazinyan, “Vətən” partiyasının lideri Artur Vanetsyan və politoloq Suren Surenyan bu gün həbs edilib.

Onlara qarşı kütləvi iğtişaşların təşkili, odlu silahda istifadə, hakimiyyət nümayəndəsinə silahlı müqavimət və digər ittihamlarla cinayət işi açılıb.

Ermənistanın baş naziri Nikol Paşinyan bir gündə 10 rəqibini barmaqlıq arxasına göndərdi.

Müharibədə məğlub olan və Azərbaycanın qarşısında kapitulyasiyaya imza atan Nikol Ermənistanda diktaturanı sərtləşdirib: tənqid edənləri həbsə atdırır, etirazları polis dəyənəyi ilə yatırır...

Bu o Paşinyandır ki, 2018-ci ilin mayında Ermənistanda dövlət çevrilişio edəndə Qərb dairələri bunu “demokratik inqilab” adlandıraraq, Nikolu “demokratik lider” kimi təqdim edirdi. Halbuki, bir neçə ay Qərbin “demokratik lideri”nin gerçək simasının ortaya çıxmasına bəs etdi.

Tənqidi medianın təqibi başlandı, siyasi opponentlərin həbs edilməsi, rəqiblərinin həbsxanada fiziki məhvi. Paşinyanın iki illik dosyesi diktatura aktları ilə zəngindir.

“Korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürüdən Nikol keçmiş prezidentlərdən birini həbs etdi, ardınca “Çiçəklənən Ermənistan” partiyasının lideri, deputat Qaqik Sarukyanı barmaqlıq arasına göndərdi. Digər rəqiblərinə müxtəlif yollarla təzyiqlərə start verdi. Konstitusiya Məhkəməsinin hakimlərinin məcburi istefaya göndərdi, etiraz edənləri də həbsə göndərdi.

“Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegizaryanın taleyi isə Paşinyanın Ermənistanda həyata keçirdiyi neofaşizmindən xəbər verir.

Yegizaryan 2018-ci ilin 5 dekabrında aclıq aksiyasına başlamışdı. Səbəb siyasi mövqeyinə görə Nikol Paşinyan hakimiyyəti tərəfindən “dələduzluq” ittihamı ilə həbs edilməsi və bütün şikayətlərinə rəğmən hüquqlarının təmin edilməməsi idi. Paşinyan siyasi rəqibini cəzalandırırdı, çünki o, “inqilaba” dəstək verməmiş və hakimiyyəti tənqid etmişdi. İrəvanın “Nubaraşen” həbsxanasında 44 gün aclıq aksiyası keçirən Yegizaryan 2019-cu ilin 17 yanvarında səhhətində yaranan problemlərə görə təcili xəstəxanaya köçürüldü, yanvarın 26-da öldü. Qərbdən – demokratiyadan, insan haqlarından danışan beynəlxalq təşkilatlardan kiçik bir reaksiya belə gəlmədi.

Halbuki, İrəvanda Yegizaryanın 44 günlük aclıq aksiyasından sonraxəstəxanaya aparıldığı gün – 17 yanvarda Avropa Parlamenti Azərbaycan əleyhinə qətnaməni müzakirə edirdi, sonda qəbul etdi də. Məhz bu Avropanın başının Azərbaycan əleyhinə qərəzli qətnamə qəbul etməyə qarışması, Paşinyanın diktatura rejiminə səssiz qalması siyas məhbusun ölümü ilə nəticələndi.

Nikolun neofaşizmi davam edir: tənqidçilər, siyasi rəqiblər, müstəqil jurnalistlər, bir sözlə erməni baş nazirin gözünə yaxşı görünməyən kim varsa, dərhal həbsə atılır. Təsəvvür edin ki, bütün bunlar, hətta bu hadisələrin biri Azərbaycanda olsaydı Qərb ölkələri nələr edəcəkdi?

Bəyanatlar, qətnamələr, iddialar, ittihamlar havada uçuşurdu indi. Amma bütün dünyanın gözü qarşısında Ermənistanda müxalifətin əzilməsi, təqib olunması, açıq şəkildə həbsə atılmasını görənlər yoxdur, sanki bütün bunlar baş vermir. Səbəb: illərdir üzləşdiyimiz ikilistandart, selektiv münasibət.

Almaniyanın ARD telekanalının Prezident İlham Əliyevdən aldığı müsahibəni xatırlayırsınızmı?

Jurnalist iddia edirdi ki, guya Azərbaycanda bir nəfər sülh tələb etdiyi üçün həbs edilib.

Ermənistanın baş nazirindən müsahibə alan Qərb mediası Nikoldan kütləvi həbslər, müxalifətin sıradan çıxarılması, medianın təqib edilməsi haqqında soruşur. Paşinyanın Gəncədə, Bərdədə və Azərbaycanın digər şəhərlərində mülki əhalini raketlərlə qətlə yetirməsini görməzdən gəlir, əvəzində Azərbaycan Prezidentinə qərəzli suallar ünvanlayır, hətta bəziləri özünü prokuror kimi aparır. Çünki İlham Əliyev ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Ermənistanın işğal etdiyi torpaqları azad etmək uğrunda mübarizə aparırdı. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir.

Məhz onların Ermənistandakı diktaturaya göz yumması, müdafiə etməsi, bunun nəticəsində yaranmış cəzasızlıq mühiti Paşinyanın cinayətləri sırasına hərbi cinayətləri də əlavə etdi: Azərbaycana qarşı müharibə. Azərbaycan Ordusu işğalçı ölkəyə ciddi zərbə vurdu və ərazi bütövlüyümüz bərpa olundu.

Lakin Paşinyanın diktaturası erməni xalqına divan tutmaqda davam edir:

Müharibə zamanı rusiyalı jurnalist Oleq Kaşin Qarabağda və Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün onun akkreditasiyası ləğv olunub və ölkədən çıxarılıb. Beynəlxalq jurnalist təşkilatları buna da susdular.

Müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur, siyasi rəqiblər həbsə atılır,müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir.

Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini (çıxışları, nəşrləri də daxil olmaqla) tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib. Ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığı və cinayətlərini tənqid edə bilmirlər. Rrmənistanda vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur.

Demokratiyadan danışan, dürbinlərini Bakıya tuşlamış Qərb dairələri isə yenə “üç meymun”u pynayır: görmürəm, eşitmirəm, susuram.

Bu gün Ermənsistandakı repressiyalar məhz həmin dairələrin “demokrat” kimi sırıdığı diktatorun əməlləridir. Ağılsız diktatoru buna sövq edən həm də cəzasız qalmasıdır və buna görə təkcə erməni baş nazir yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar.
Publika.az
loading...