Xəbər lenti
Axtar
27 Eki 2020, 20:42   
    48


Ermənilər bu əfsanə ilə yatıb-dururdular - Krutikov

Rusiyanın “Vzqlyad.ru” nəşri Dağlıq Qarabağda hərbi əməliyyatların başlanmasından ötən bir ay ərzində Ermənistan qoşunlarının məğlubiyyətinin səbəblərini araşdırıb.

XEBERTV.AZ xəbər verir ki, Yevgeni Krutikovun müəllifi olduğu materialda artıq Ermənistan ordusunun geri çəkildiyi vurğulanır. Qeyd olunur ki, Azərbaycan ordusu Dağlıq Qarabağda müdafiə xəttini yararaq irəliləyib və hazırkı vəziyyət Ermənistan qoşunlarının strateji məğlubiyyətindən danışmağa imkan verir.

Müəllif Ermənistan və “dqr”in kəşfiyyat strukturlarının səriştəsizliyini diqqətə çatdıraraq yazır ki, Azərbaycan artıq yay aylarından Dağlıq Qarabağla sərhədə iki döyüş korpusunu və döyüşqabiliyyətli hissələrini çəmləmişdi. Qoşunların təmas xəttinə yaxın ərazilərdə anbarlar tikilir, təchizat sistemləri çəkilirdi. Ermənistan kəşfiyyatı nə bu, nə də Azərbaycanın çoxlu sayda silah alması barədə də rəhbərliyə düzgün məlumatlar verməmişdi.

Yevgeni Krutikovun fikrincə, ermənilər 1990-cı illərin əvvəllərində qazandıqları uğurların psixoloji təsirindən çıxa bilmirlər. Azərbaycan ordusunun kəmiyyət və keyfiyyət baxımından üstünlüyünə baxmayaraq, ermənilər “biz o zaman qalib gəlmişdik, indi də Bakıya kimi gedərik” əfsanəsi ilə yatıb-dururdular. Paşinyanın rəhbərliyi dövründə Ermənistan kəşfiyyatının 3 rəhbəri vəzifəsindən azad edilmişdi və tanınmamış “dqr” bəzi rəhbərləri “ruslar bizə lazım deyillər, biz onlarsız da Bakıya piyada gedib çıxarıq” deyirdilər.

Materialda deyilir ki, “dqr”in hava hücumundan müdafiə sistemləri “OSA”, “Kruq” və “KUB” komplekslərindən ibarətdir. Lakin Azərbaycan İsrail və Türkiyə istehsalı olan PUA-lar aldıqdan sonra bütün bu yaxınradiuslu köhnəlmiş sistemlər artıq heç nəyə yaramır. Dağlıq Qarabağda hava hücumundan müdafiə sistemləri (HHMS) az, Azərbaycanın PUA-ları isə çoxdur. Üstəlik də Azərbaycan ordusu ermənilərin HHMS-lərini raketlər və uzaqmənzilli artilleriya ilə sıradan çıxarıb. Ermənistan bu sahədə Azərbaycanla rəqabət apara bilmir. Yerevanın PUA-sının az olması Azərbaycanın batalyon taktiki qruplarına, az qala, paraddakı kimi hərəkət etmək imkanı verir.

Müəllif Dağlıq Qarabağın 25 il əvvəl qurulmuş müdafiə sistemin arxalandığını, lakin bu illər ərzində Azərbaycan ordusunun xeyli inkişaf etdiyini nəzərə almadığını vurğulayır. Azərbaycan qoşunlarının Laçının təxminən 10-15 kilometrliyində olduğunu və Laçın dəhlizinin itirilməsinin ermənilər üçün artıq strateji fəlakət olduğunu yazan rusiyalı analitik qeyd edir ki, onsuz da cəbhənin cənubunda xeyli ərzinin itirilməsi ermənilər üçün ciddi siyasi və mənəvi məğlubiyyətdir. Məhz cənub istiqamətdə irəliləyişi rəsmi Bakı bir aylıq döyüşlərdə özünün mühüm qələbəsi və əsas siyasi nailiyyəti hesab edə bilər.

Materialda deyilir ki, xəritəyə baxarkən, Azərbaycanın mərkəzdən zərbə endirəcəyi, Qarqarçay boyunca irəliləyərək, Ağdamdan və Xocalıdan keçərək Xankəndinə çıxacağını düşünmək olardı. Elə ermənilər də 25 il ərzində məhz bu zonada müdafiəni bərkitmişdilər. Lakin Azərbaycan ordusu bu zonada hücuma keçmədi. Burada yalnız qarşılıqlı artilleriya atışmaları müşahidə olunur. Buna görə də ermənilər mərkəzdə böyük canlı qüvvə saxlamağa məcburdurlar.

Müəllif vurğulayır ki, əməliyyat təşəbbüsü tamamilə Azərbaycan tərəfindədir və Azərbaycan ordusu bütün cəbhə boyunca qüvvələrin yerini dəyişə, yeni planlar həyata keçirə, ehtiyat qüvvə gətirə bilir. Ermənilər isə cənubda “təhlükəsizlik kəməri”ni əldən verəndən sonra əks-hücum barədə düşünə belə bilmirlər. Bütövlükdə, bütün bunlar Ermənistan üçün siyasi sondur. Ermənilər indi yalnız passiv müdafiəyə hazırdırlar.

Sonda Yevgeni Krutikov ermənilərin Qarabağda hərbi revanşın Azərbaycanın əsas milli strategiyası olduğunu da nəzər almadıqlarını qeyd edir.Axar.az
loading...